Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır

Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
BSU-nun akt zalında davam edən tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Universitetin rektoru, professor Nurlana Əliyeva YAP-ın ötən 25 ildə müasir Azərbaycanın dinamik inkişafında son dərəcə mühüm rol oynadığını vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış YAP-ın ölkəmizi bir çox sınaqlardan uğurla keçirdiyini, xalqımızın ideya və arzularını yüksək səviyyədə təmin etdiyini bildirib. N.Əliyeva bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında YAP-ın milli maraqlarımızı ləyaqətlə təmsil etdiyini, hər bir vətəndaşın siyasi və iqtisadi idealını gerçəkləşdirməyə çalışdığını, ölkəmizin hərtərəfli inkişafına töhfələr verdiyini söyləyib.
Rektor YAP-ın gənclərin inkişafının təmin olunmasında, onların sosial problemlərinin həllində mühüm rol oynadığını nəzərə çatdırıb. N.Əliyeva YAP-ın sıralarına tələbə-gənclərin daha çox qatılmasını Yeni Azərbaycan Partiyasına gəncliyin etimadı kimi dəyərləndirib. Rektor 2016-2017–ci illərdə universitetdə 172 müəllim və 208 tələbənin YAP-ın üzvü olduğunu, 2017-2018-ci illərdə bu rəqəmlərin müvafiq olaraq 285 və 331-ə çatdığını bildirib. Bu gün gənclərin dövlət quruculuğunda, ölkəmizin siyası nüfuzunun, iqtisadi gücünün artmasında, mənəvi-mədəni potensialının yüksəlməsində güclərini sınamağa çalışdıqları vurğulanıb.
N.Əliyeva ölkəmizin müdafiə qüdrətinin güclənməsində Azərbaycan gəncliyinin mühüm rolundan danışıb. O, ötən ilin aprelində baş verən döyüşlərdə Azərbaycanın gənc əsgərlərinin göstərdiyi şücaət və qəhrəmanlığı tarixi bir nümunə kimi dəyərləndirib və bildirib ki, ordumuzun gücü ilə biz qısa zamanda torpaqlarımızı bütünlüklə düşmən tapdağından azad edə bilərik. O, bu gün cəmiyyətin ən qabaqcıl hissəsi olan gənclərin respublikamızın sosial, iqtisadi və ictimai-siyası həyatında fəal iştirakını təqdirəlayiq hal kimi dəyərləndirib.
Rektor dünyada elm və texnikanın bugünkü yüksək sürətli inkişafı şəraitində gənclərimizin mükəmməl təhsil almalarının və biliklərə dərindən yiyələnmələrinin vacibliyini vurğulayıb. N.Əliyeva bunun üçün BSU-da hər cür şəraitin yaradıldığını bildirib, gəncləri də bu imkandan bəhrələnməyə çağırıb.
N.Əliyeva qeyd edib ki, BSU-nun müəllim və tələbələri zəmanəmizin bayraqdarı olan Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşirlər.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edib. O, Ümummilli Liderin bütün zamanlarda - həm Sovet dövründə, həm müstəqillik uğrunda mübarizə illərində, həm də müstəqil Azərbaycanda dövlət quruculuğu dönəmində xalq sevgisi və məhəbbəti ilə əhatə olunduğunu diqqətə çatdırıb. S.Novruzov bunun ulu öndər Heydər Əliyevin müstəsna şəxsiyyəti ilə, Azərbaycana bağlılığı ilə izah edib.
S.Novruzov YAP-ın idarəçilik tarixini Azərbaycanın şərəf tarixi kimi dəyərləndirib, partiyanın uğurlarını onun təməlinin düzlük və təmizlik üzərində qurulması ilə əlaqələndirib.
İcra katibinin müavini bu gün partiya sıralarının 40 faizini gənclərin təşkil etdiyini bildirib. O, partiyada qadınların xüsusi fəallıqları ilə seçildiklərini xüsusi vurğulayıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov YAP-ın yaranma tarixindən, partiyanın əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb.
Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov təhsil sahəsində aparılan uğurlu islahatlar, ölkədə gedən quruculuq və abadlıq işləri barədə məlumat verib. Ölkədəki 4.147 məktəbdən üç mininin yenidən qurulduğu diqqətə çatdırılıb.
BSU-nun tələbəsi Sevinc Əlizadə Yeni Azərbaycan Partiyasının gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib. Vurğulanıb ki, dövlətin gənclər siyasətinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsidir.
Sonda YAP-a üzv olan işçi və tələbələrə vəsiqələr təqdim edilib.

BSU-nun Mətbuat Xidmtəti


Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayırYeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayırYeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayırYeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayırYeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayırYeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır

Oxşar xəbərlər