Fikrət Əlizadə,
Bakı Dövlət Universitetinin
Azərbaycan dilçiliyi kafedrasının dosenti
Bakı Dövlət Universitetinin
Azərbaycan dilçiliyi kafedrasının dosenti
Dil toxunulmaz, milli mənsubiyyətli əvəzsiz müqəddəs bir nemətdir. Hər yerdə hər kəsə qarşı cinayət cəza ilə nəticələnir. Amma dilə münasibətdə dözümlülük özünü göstərir. Əslində isə ən incə münasibət dilə qarşı olmalıdır. Çünki məhz dil vasitəsilə fikrimizi dolğun verir, maddi-mənəvi, ən ümdə isə milli ehtiyaclarımızı çatdıra bilirik.
Dilin qorunması ana “məktəb”indən, uşağa dil verən ana(nın) dilindən başlayır. Ana balasının ilk dil-ədəbiyyat müəllimi kimi onu düzgün danışmağa yönəldir. Uşaq artikulyasiya səhvləri ilə başlasa da, getdikcə püxtələşir, yavaş-yavaş doğma dilinin incəliklərini duyaraq nəticədə təmiz danışır. (Təəssüf olsun ki, bəziləri uşaqlaşır, geriyəinkişaf dövrünə daxil olur).
Ailə daxilində, hansı dialektin daşıyıcısı olsaq da, ədəbi dili uşağa öyrətməliyik. Lakin bir sıra ailələr bu normaya qətiyyən fikir vermir. Ona görə də uşaq nəinki orta, hətta ali məktəbdə də dialektdə danışmağa çalışır. Qəbul olunmuşdur ki, ədəbi dildə danışa bilməyən savadlı hesab oluna bilməz.
Məktəb övladlarımızın ikinci dil məkanıdır. “Şagirdlər dərslik və müəllimlərdən nə öyrənir?” sualına cavab axtararkən həm diliqüsurlu, təsadüfi müəllimlər, həm də nəzəriyyəsi, materialları səhv toplanmış dərsliklərdən daha çox ziyan dəydiyi görünər.
Həm Azərbaycan, həm də rusdilli məktəblərin ibtidai sinifləri üçün yazılmış dərsliklərin şərtinə, misallarına fikir verdikdə universitetin yuxarı kurs tələbələrinin, bəzən müəllimlərinin baş aça bilmədiyi həqiqətlə üzləşmiş oluruq. Pedaqoji-metodik tərəf nəzərə alınarsa,uşaq-gənc-cavan beyinlərinin fərqinə, tutumuna, psixoloji amillərə diqqət verilməlidir. Uşaq beynini yükləməklə onun psixikasını pozmaq olar. Məktəbli istər orfoqrafiya, istər ikidilli lüğətlərdən istifadə edərkən ya istənilən, hətta çox işlənən sözü lüğətdə tapmır, tapası olsa da, onu səhv yazılışda, ya da ikivariantlı görür.
Məktəblinin yaşına uyğun gəlməyən bəzi dərslik materialları bir yana qalsın, onların özündə fikir axıcılığının, ibrətamizliyin duyulmaması, söz yığınından ibarət olması,təbii ki, şagirdləri dil normalarından uzaqlaşdırar.
Yuxarı sinif şagirdləri də rus dilindən qüsurlu tərcümə materiallarından nə isə başa düşməyə çalışır, anlamayanda orijinala müraciət edib, əsl həqiqəti tapmış olurlar.
Ali məktəbə daxil olmaq istəyən uşaqlar TDQK-nın nəzəriyyə və testləri ilə hazırlaşanda da məlum olur ki, burada da ya orta məktəb, ya da ali məktəb materialları ilə uzlaşmayan səhv elmi fikirlər var. Bu qədər elmi, orfoqrafik səhvlərin içindən çıxan uşaqlar, nə yaxşı ki, dilimizin “axırına” çıxmırlar. Fərdi yazılmış bir sıra testlər elə bil ki uşaqları savadsız etmək üçün tərtib olunub. Onları səhvlər dənizinə oxşatmaq olar.
Artıq ali məktəbdə oxuyan tələbə məktəb, test və ali məktəb materiallarının bir sıra məsələlərdə tam fərqli olduğunu görür və beynində konkret fikir formalaşdıra bilmədiyindən yanlışlıqlara yol verir.
Adamlar üçün üçüncü məktəb KİV vasitələridir. Hazırda televiziya,qəzet,jurnalı qabaqlayan internetdir. Burada düzgün olmayan söz və ifadələrin sayı heç də az deyil. Məsələn, bir sıra hallarda “kanserogen” sözü əvəzinə “karsirogen”, mobil telefon əvəzinə “mobol” telefon işlənən hallara rast gəlmiş oluruq. Bu, bəzi gənclərin telefona “çilifon” deməsinə bənzəyir. Əlbəttə ki, internetdəki səhvlər onun kağız variantı olan qəzet-jurnallardakına çatmaz. Bəzən mətbuatda etik normalar pozulur.
Bir dəfə telekanallarımızdan birində deyildi ki, bir ay ərzində qəzetlərimizdə on mindən çox orfoqrafik səhv çıxıb. Bu o deməkdir ki, oxucular savadsızlığa sürüklənir.
Əgər lotereya cədvəlində səhv olarsa, udan tərəf uduza bilər.Lüğətlər də, xüsusən “Orfoqrafiya lüğəti” bu cəhətdən bir qədər dəqiq olmalıdır, lakin təəssüf ki, bəzi məqamlarda qüsurludur. Məsələn, “kompüter” sözü bir yerdə “kompyuter”, digər yerdə isə “superkompüter” kimi gedir.
Televiziya estetik məkan olduğu üçün efirə boylanan diktor, aparıcı da xoşsimalı olmalı və onun nitqindən də zövq alınmalıdır. Heç bir estetik impuls almayan tamaşaçı telekanalı dəyişmək məcburiyyətində qalır. Çünki “gözəl” aparıcını bir az da seyr etməklə onun “ahəngdar” nitqini dinləsə, ümumiyyətlə Azərbaycan dilində danışmağı unudar. Belə ki sözlər onun qulağına azərbaycanca, intonasiya isə türk, rus, ingilissayağı gəlib çatır. Doğma dilimizə yaxın sözlər də eşidəndə “tsitsək”, “gələdzəklər” tipində dialekt ünsürlərinə tuş olur. Halbuki efirdə sırf ədəbi dil normalarına uyğun nitq səslənməlidir. Unutmayaq ki, güclü senzuralı rus-sovet dönəmində efirdən təmiz Azərbaycan dilində danışmaq öyrənir, gözəl bədii nümunələr eşidirdik.
Televiziyaya nisbətən abırlı efir vasitəsi radiodur, çünki burada artıq bir şey görmür, yalnız eşidirik. Lakin radioya da güvənmək olmur. Klassik ifa tərzi olan diktor-aparıcılarla yanaşı, söz texnikasında naşı olan, hətta sözü düzgün vurğu ilə deyə bilməyən “efir adamlarına” da rast gəlirik. Xüsusən ünvan deyəndə, məsələn, “üç xətt 5” demək əvəzinə yersiz olaraq rusun ifadəsindən istifadə edərək “üç drob beş” deyirlər.
Efirə tam təsadüfi adamlar buraxıldığından, avtobusda sürücünün radiosundan allı-güllü sözlər çıxır. Əlbəttə, belədə ədəbi dil norması lap arxaya keçir, küçənin “ağırçəkili” leksikonu irəli çıxır. Bu, sürücüyə xoş, doğma, gülməli görünürsə, sərnişinlərin etik normalarına zidd gəldiyi üçün onları əsəbiləşdirir.
Mobil telefonlara gəlincə, bütün dünya xalqlarının qrafikası, hətta mürəkkəb Çin heroqlifləri, yapon, hind xətti ilə yazışma mümkün olduğu halda, biz “ç”-nı “ch”, “ş”-nı “sh” və ya “w” kimi göstərib, anormal yazıdan istifadə edirik. Bu halda orfoqrafiyadan heç söz də ola bilməz. Hər halda latın qrafikasına bir neçə spesifik işarəli hərflərimizi əlavə etməklə milli simamızı, üstəgəl heysiyyətimizi göstərə bilərik. Qonşularımız - erməni və gürcülər bunun öhdəsindən çoxdan gəliblər.
Bir sıra hallarda hər hansı yeni bir sözü çoxları düzgün tələffüz etmir. Məsələn, təhsil sisteminə təzəliklə daxil edilmiş “kollokvium” sözünü 90% adam “kollekvium” kimi deyir. Buna səbəb isə, utanc olsa da, müəllimlər özüdür. Tələbələr onlardan eşitdiklərinı “qanun” kimi qəbul edirlər.
Bəzi adamlar öz dilinin ahəngini pozaraq rus,ingilis, türk sözlərini danışığına qataraq onu eybəcər hala salır. Bütün söhbət boyu gah “okey, yes”, deyir, gah “əvət, mərhəba, əfəm”, gah da “nu, koneçno, voobşe”... sözlərindən istifadə edir.
Nəşriyyatın cəmiyyət üçün gördüyü iş əvəzsizdir. Burada çap olunan elmi, bədii, kütləvi, texniki ədəbiyyat, dərsliklər və s. cəmiyyətə, sözsüz ki, fayda gətirir. Lakin burada da məyusedici hallar vardır. Sırf təsadüfi, qazanc dalınca qaçanlar “öz nəşriyyatlarını”, öz qəzet-jurnallarını” açır və xalqı özlərinə məxsus “xoşbəxt” edirlər. Əvvəla, heç bir normaya sığmayan, içi orfoqrafik səhvlərə qərq olmuş üzdəniraq kitablar, əsasən şeirlər buraxırlar ki, bunların dili adicə çayxana söhbətləri, hal-əhval tutmadan o yana getmir. Bəzən süjeti aydın olmayan, dili qüsurlu romanlar yazıb nəşr edir, yaxud tərcümə əsər kimi təqdim oluna bilən roman, povest çap edirlər. Oxucu onu oxuyur, amma heç nə başa düşmür. Çünki tərcüməçi, tutaq ki, rus dilini ala-yarımçıq bilib, qazanc əldə etmək istəyən çilingərdir. Onun dilimizin söz sırası barədə təsəvvürü çox bəsitdir. Odur ki “İvan Mariyanı çağırdı” əvəzinə “Mariyanı İvan çağırdı” kimi tərcümə edir və düşünür ki, sözlər tamamilə düzgün tərcümə olunub, ona görə qalanı barədə fikirləşməyə dəyməz. Nəticədə, cəfəngiyyat, anlaşılmazlıq, bədii təfəkkürün evini yıxmaq!
Rəsmi-kargüzarlıqla bağlı sənədlər bir çoxları üçün çətin sınaqdır. Əgər bu tip materiallara - ərizə, əmr, protokol, akt və s. baxsaq, saysız-hesabsız səhvlərlə üzləşərik. Maraqlıdır ki, belə formalarda düzgün yazanlar azdır. Adicə ərizə yazmaq çoxları üçün çətin sınaqdır. Arayış formasına gəldikdə isə, o bizə rus dili formasında yadigar qalmışdır: “Arayış verilir (k i m ə s ə) ondan ötrü ki, o,... ”Bunu Azərbaycan dilinin söz sırasına uyğunlaşdıranda “Arayış (kiməsə) ondan ötrü verilir ki...” formasını alır.
Reklam, afişa, dükan adlarına, elanlara baxanda burada da xeyli qəribəliklərlə rastlaşırıq. Məsələn, pepsodentin reklamında “çürüksüz diş”, başqa bir reklamda “mükəmməl dad” işlənir. Halbuki dilimizdə nə “çürüklü”, nə də “çürüksüz” sözü var. Bunların yerinə “saf” və “çürük” sözləri işlənir. Dad ləzzətli, ya gözəl ola bilər. “Mükəmməl” bitkin, kamil mənasında müəyyən elmi, bədii, musiqi, rəsm və b.k. əsərlərə aid olur.
Küçədə maşının üstündə qazax dialektində yazılmış balaca bir elan görünür: ”Sateyram”. Sanki bunu yazan onu ancaq öz yerlilərinə satmaq istədiyi üçün ədəbi dildə yazmayıb.
İdman şərhçiləri də əcaib fikirlər deyərək dildə məntiq normasını pozurlar: Futbol şərhçimiz Azərbaycan yığması Polşaya 3:0 uduzduğu bir anda deyir: “60-cı dəqiqədir, oyunda hesab yaxşıdır(!) 3:0 geridəyik”. Yenə də futbol şərhçimiz: “İdman sahəsinə xüsusi qayğı göstərilir, məhz bunun nəticəsidir ki, futbol üzrə dünya sıralanmasında xeyli irəliləmişik, 110-cu yerdəyik”. Və ya: “Top qapının dirəyini yalayaraq içəri girdi”; “Top qapıdan keçsə, qol olacaq”.
Gündə bir film, hətta serial çəkməyə qadir “rejissorlar” ssenarisləri başdan-ayağa səhv ifadələrlə film çəkib tamaşaçılara tərdim edirlər. Bu da ondan irəli gəlir ki, ssenari yazmağı yaxşı pul qazanmaq istəyən az savadlı adama tapşırırlar və bu işdən professional ssenarist uzaqlaşdırılır ki, pula qənaət edilsin. Və ya tərcüməni yarısavadlıya tapşırırlar və ekrandan əcaib ifadələr səsləir: “Mənə kastor yağı ver”, “Lopatkanı götürsənə”. Əlbəttə ki, “kastor yağı” deyil, “gənəgərçək yağı”, “lopatka” deyil, “bel” işlətmək düzgündür. Dillə belə rəftar etmək olmaz. O, ümumxalq malıdır. Aydın görünür ki, hər yerdə olduğu kimi, dil normalarının pozulmasında da maddi maraqlar üstün gəlir.
Mahnı mətnlərinə gəlincə, onların bir qismində mənasızlıq, musiqi ilə uyuşmama özünü göstərir, müğənninin nitqi isə qüsurlu, dialekt ünsürləri ilə dolu olur. Elşad Xose və Hüseyn Dərya kimi repçilərin ifasında isə söyüşlər səslənir ki, bu da ədəbi dil normalarına tam ziddir.
Bizim ənənəvi əcdad (baba) - oğul - ata adları ilə bağlı ad sistemimiz nədənsə ruslaşdırılıb. Qabaqlar belə yazardıq: Əlizadə Fikrət Firuz oğlu. İndi isə ruslardakı ardıcıllığa görə Fikrət Firuz oğlu Əlizadə yazırıq. Axı bu sıralanma bizə uyğun gəlmir.
Milləti böyük dairələrdə təmsil edərkən daha böyük məsuliyyət daşınır. Lakin bəzən ya rustəhsilli olan, ya da öz dilini bilməyən məmurlar fikirlərini düzgün çatdıra bilmirlər.
Dil normasını pozmaq həyatı xaotik yaşamaq kimi deyilmi? Əgər hər məqamda dilimizin nizam-intizamına riayət etsək, bu zaman o bütün gözəllik və dərinliyi ilə bizə xidmət edər, fikrimizi daha aydın və təsirli şəkildə çatdırmaq imkanı yaradar. Əks-təqdirdə dünyanın ən gözəl dilləri sırasında olan, türk dillərinin tacı sayılan Azərbaycan dilinə düşmənin edə bilmədiyi ziyanı vurmuş olarıq.
Sonda bu qədər bəla görmüş dilimizə acıyır, onun etibarlı əllərdə olması arzulanır. Soyqırım, torpaq acısı çəkmiş millətimiz dil acısı çəkməsin deyə, hər vasitə ilə onu təbliğ etməli, əvvəl özü ondan baş çıxarmalı, sonra onu sevməli, daha sonra isə sevdirməlidir. Azərbaycana işləməyə gələn əcnəbiləri bu dildə danışmağa cəlb etməlidir.
Əsrlərin sınağından çıxıb bizə ərməğan şəklində çatan dilimizi müstəqil Vətənimiz kimi qorumalı, ona xələl gətirməməliyik!