Azərbaycan Texniki Universiteti Türkiyənin istehsalat müəssisələri ilə əlaqələrini genişləndirir

Azərbaycan Texniki Universiteti Türkiyənin istehsalat müəssisələri ilə əlaqələrini genişləndirir Azərbaycan Texniki Universitetində (AzTU) Türkiyənin “Turkish Aerospace” şirkətinin icraçı direktoru Təməl Kotul və bu qurumun əməkdaşları ilə görüş keçirilib.
Görüşdə AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov son illər Azərbaycanda sənayenin inkişafından və bu istiqamətdə ali təhsil müəssisələri tərəfindən görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, AzTU ilə dünyanın tanınmış müəssisələri, nüfuzlu universitetləri arasında səmərəli əməkdaşlıq yaradılıb və bu qurumlarla beynəlxalq təhsil proqramları çərçivəsində müəllim-tələbə mübadiləsi aparılır. Yerli və xarici sərmayədarlar AzTU alimlərinin ixtiralarının istehsal müəssisələrinə çevrilməsi üçün böyük maraq göstərirlər.
“Turkish Aerospace” şirkətinin fəaliyyəti barədə məlumat verən T.Kotul rəhbərlik etdiyi qurumun mütəxəssislərinin AzTU alimlərinin araşdırmaları, ixtira və patentləri ilə maraqlandıqlarını vurğulayıb. O, universitetin elmi potensialından yararlanmaq üçün “Turkish Aerospace” şirkətinin AzTU ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Kəmalə Rəhimli


Oxşar xəbərlər