Xalqa xidmət nümunəsi...

Xalqa xidmət nümunəsi... Xalqın böyüklüyü onun bəşəriyyətə bəxş etdiyi görkəmli şəxsiyyətlərlə ölçülür. İllər ötdükcə, zaman keçdikcə həmin şəxsiyyət bir daha özünün əzəmət və böyüklüyü ilə sanki yenidən doğulur, yenidən dünyaya gəlib müasirimizə çevrilir. Onun göstərdiyi yol, verdiyi məsləhətlər özündən sonrakı nəsillərə istiqamət verir, çıraq kimi qaranlıqlara işıq saçır. Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, əməlləri ilə özünə əbədiyyət heykəli qoyan müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.
Bu fikirlər Bakı 1 nömrəli Tibb Kollecində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirində söylənilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan anım tədbirində əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dünya şöhrətli siyasətçi, müdrik və uzaqgörən dövlət rəhbəri Heydər Əliyevin xalqımıza göstərdiyi müstəsna xidmətlərindən danışıb. O, qeyd edib ki, 1969-cu ildə Ümummilli Lider respublikamıza rəhbərlik etməyə başlayanda Azərbaycan geridə qalmış aqrar ölkə idi, sənaye və təsərrüfat o qədər də inkişaf etməmişdi. Lakin dahi şəxsiyyətin rəhbərliyi dövründə ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Kənd təsərrüfat və sənaye sahələri dirçəlməyə başladı və Azərbaycan sovetlər vaxtı özü-özünü təmin etməyə qadir olan respublikaya çevrildi.
İcra başçısı daha sonra deyib: “1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələndə ölkədə özbaşınalıq və hərc-mərclik hökm sürürdü. Azərbaycanın yenicə əldə etdiyi müstəqillik şübhə altında idi. Ulu Öndər bu dəfə də ağır və məsuliyyətli yükü üzərinə götürərək qardaş qırğının qarşısını aldı, hərc-mərcliyə son qoydu. Tədricən ölkəmiz inkişaf və tərəqqi yoluna qədəm qoydu. O, müstəqilliyin qorunması, əbədi və dönməz xarakter alması üçün gecəni gündüzə qataraq işlədi və bizə gündən-günə çiçəklənən Azərbaycan dövlətini yadigar qoydu. Biz bu gün məhz bu dahi şəxsiyyətin böyük zəhmət və əziyyəti bahasına qurduğu Azərbaycanda yaşayırıq”.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov dünya şöhrətli siyasətçi Heydər Əliyevin fenomenal keyfiyyətlərindən danışaraq onun müstəqillik illərində gördüyü işləri xatırladıb: “Dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövrdə ölkəmiz çox böyük inkişaf yolu keçib. Ulu Öndər Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, xalqımızın haqq işinin təbliğində çox müstəsna xidmətlər göstərib. Ona görə də onun haqqında nə qədər yazılır-yazılsın, nə qədər danışılır-danışılsın, yenə də azdır”.
O, Ümummilli Liderlə bağlı ayrı-ayrı məqamları xatırladıb, onun xilaskarlıq missiyası haqqında danışıb. Heydər Əliyevin hər bir azərbaycanlının qayğısına qalan müdrik bir düha sahibi olduğunu vurğulayıb.
Tədbirdə Ümummilli Liderin həyatının ayrı-ayrı məqamlarını əks etdirən fraqmentlər nümayiş olunub.
Mərasim kollecin tələbələrinin ifasında bədii hissə ilə davam etdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər