ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “ADPU-da payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrində qarşıda duran vəzifələr haqqında hesabat” və cari məsələlər daxildir.
İclasda öncə rektor Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Naibə Əhmədovaya dosent attestatı, həmçinin universitetin ictimai-siyasi həyatında fəal iştirak etməsinə görə və 80 illik yubileyi münasibətilə Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Himalay Qasımova, universitetin ictimai-siyasi həyatında fəal iştirak etməsinə görə və 65 illik yubileyi münasibətilə Hərbi səfərbərlik və xüsusi şöbənin rəisi Telman Budaqova fəxri fərmanlar təqdim edib, onlara uğurlar arzulayıb.
Professor H.Qasımov, dosent N.Əhmədova və T.Budaqov göstərilən diqqətə görə universitetin rəhbərliyinə təşəkkür ediblər.
Rektor çıxışında qeyd edib ki, payız semestrinin imtahan sessiyası mütəşəkkil keçirilib, aşkarlıq, şəffaflıq və obyektivlik tam təmin edilib. Bütövlükdə sessiya uğurla başa çatıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cəmiyyətdə ADPU-ya baxış dəyişib. Həm cəmiyyət, həm də rəhbərlik ADPU-da həyata keçirilən səmərəli fəaliyyətə rəğbətlə yanaşır. Bu, bütün kollektivimizin uğurudur. ADPU dünyanın aparıcı universitetləri ilə əlaqələri və əməkdaşlığı genişləndirir. Mən Təhsil Nazirliyinin xətti ilə bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olmuş, müxtəlif görüşlərdə iştirak etmişəm. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə danışıqlar aparılır. Bu əlaqələr bizim üçün yeni imkanlar, yeni perspektivlər açacaqdır.
Ölkədə aparılan islahatların miqyası genişlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son vaxtlar imzaladığı sərəncamlar, fərmanlar, qəbul etdiyi qərarlar bizim qarşımızda yeni mühüm və məsuliyyətli vəzifələr qoyur. Qarşımızda dayanan əsas vəzifələrdən biri təhsilin beynəlmiləlləşdirilməsi, tədris planlarının beynəlxalq standartlara uyğun yenidən işlənilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsidir. Biz filiallar və kolleclə birlikdə vahid komanda halında fəaliyyət göstərməli, öz işimizi daha səmərəli qurmalıyıq.
“ADPU-da payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrində qarşıda duran vəzifələr haqqında hesabat” məruzəsi ilə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış edib. Prorektor E.Aslanov bildirib ki, payız semеstrinin imtahan sessiyasını keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb. Universitetdə imtahan sessiyasına
hazırlıq və imtahanların keçirilməsi üçün 26.12.2018-ci il tarixli 3/183 nömrəli əmr verilib. İmtahanlar yanvarın 3-dən fevralın 5-dək tərtib olunmuş cədvəl üzrə keçirilib. Universitetdə bütün aralıq qiymətləndirmələr və semestr imtahanları Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən həyata keçirilib və vahid mərkəzdən idarə olunub. Semestr imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris Departamentin ümumi təşkilatçılığı və koordinatorluğu ilə 9 nəfərdən ibarət Apelyasiya Komissiyası, 8 nəfərdən ibarət İmtahan Qərargahı, 45 nəfərdən ibarət təşkilatçı, o cümlədən 125 nəfər nəzarətçidən ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb və imtahanların təşkili ilə əlaqədar bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. İmtahan sessiyasının təşkilinə və keçirilməsinə nəzarət, aşkarlıq və şəffaflığın daha da artırılması məqsədilə 20 nəfərdən ibarət İctimai Şura yaradılıb. İctimai Şurada ADPU-nun nümayəndələri ilə yanaşı, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tanınmış və nüfuzlu təhsil ekspertləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri yer alıblar.
Payız semestrinin imtahan sessiyasında İmtahan Qərargahına ümumilikdə 303 müraciət edilib. Həmin müraciətlərdən 293-ü yazılı, 10-u isə test üsulu ilə verilən imtahanlardan olub. İmtahan Qərargahına daxil olan müraciətlər qaydalara uyğun olaraq çevik araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Apelyasiya Komissiyasına 2517 müraciət edilib. Müraciət edən 1613 nəfər tələbənin aldığı qiymət qüvvədə saxlanılıb, 904 nəfər tələbənin müraciəti isə müsbət həll edilib.
Prorektor E.Aslanovun hesabat məruzəsində filiallarda və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində payız semestrinin imtahan sessiyasının nəticələri öz əksini tapıb. Qeyd edib ki, bütövlükdə imtahan prosesində mütəşəkkillik, aşkarlıq və şəffaflıq artıb.
Prorektor E.Aslanov çıxışının sonunda tədris prosesinin və imtahan sessiyasının keçirilməsinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış edib və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Elmi Şura dosent E. Aslanovun hesabatını qəbul edib.
İmtahan Qərargahının rəhbəri, dosent Asif Axundov, Apelyasiya Komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov qərargaha və komissiyaya daxil olan müraciətlərin məzmun və mahiyyəti, onların araşdırılması və görülən tədbirlər barədə ətraflı məlumat veriblər. Dosent A.Axundov və R.Sadıqov imtahan yazı işlərinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin daha da artırılması üçün təkliflər irəli sürüblər.
Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, professor Vəli Əliyev, professor Nailə Verdizadə, professor Bəhram Əliyev, dosent İsrayıl
İsgəndərov, dosent Arzu Daşdəmirov, dosent Laçın Həsənova, dosent Şahin Pənahov, dosent Naibə Əhmədova Elmi Şurada aparılan müzakirələrdə fəal iştirak ediblər.
Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor , professor Asəf Zamanov Elmi Tədqiqatlar Mərkəzinin yaradılması, Tədris işləri üzrə prorektor, dosent E.Aslanov ADPU-nun filiallarının elmi şuralarının tərkibi və Keyfiyyətin təminatı şöbəsinin Əsasnaməsi haqqında, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə PETRA layihəsi çərçivəsində “Öyrətmə və öyrənmə qaydaları” adlı sənədin hazırlanması məqsədilə işçi qrupun yaradılması və qaydaların hazırlanması haqqında, Elmi katib, dosent İradə Qasımova elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə dissertasiya mövzuları və elmi rəhbərlər, Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Elnurə Səfərovaya dosent elmi adının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə məlumat veriblər.
Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun Elmi Şurasının iclası keçirilib

Oxşar xəbərlər