ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “2018-2019 tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”, “Kimya və biologiya fakültəsinin fəaliyyəti haqqında və Monitorinq qrupunun arayışı” və cari məsələlər daxildir.
Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, ötən müddət ərzində ADPU-da çoxsaylı tədbirlər həyata keçirilib. Universitetdə 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı geniş tərkibdə iclas keçirilib. Bütün struktur rəhbərlərinin iştirakı ilə yaz semestrinin imtahan sessiyasının mütəşəkkil, şəffaf və ədalətli keçirilməsi üçün səmərəli müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyən edilib. “Elektron Universitet” layihəsinin uğurla həyata keçirilməsi üçün məqsədyönlü iş aparılıb. 2018-2019-cu tədris ilinin pedaqoji və istehsalat təcrübəsi başa çatıb. ADPU-da SABAH qruplarında 2 ixtisas üzrə tədris həyata keçirilirdi. Artıq universitetdə SABAH qruplarında 4 ixtisas üzrə tədris aparılacaq. Bu il ADPU-ya qəbul planı da artırılıb. Tədris proqramları təkmilləşdirilir, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün mühüm tədbirlər gerçəkləşdirilir. Bütün bunlar ADPU-nun cəmiyyətdə nüfuzunun yüksəldilməsinə xidmət edir.
Rektor çıxışında ADPU-ya yeni təyin edilmiş Ümumi işlər üzrə prorektor Tural Cəlilovu Elmi Şura üzvlərinə təqdim edib, həmçinin bildirib ki, Ümid Mehdiyev universitetdə rektorun müşaviri kimi fəaliyyət göstərəcək.
İclasda Kimya və biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kafedrasının müdiri, dosent Nizam Mehdizadəyə universitetdə uzun illər elmi-pedaqoji fəaliyyəti və 70 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edilib.
“2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış edib. Dosent E.Aslanov bildirib ki, yaz semestrinin imtahan sessiyasında ümumilikdə filiallarla birlikdə 17500 nəfərdən çox təhsilalan imtahan verəcək. 2500 nəfərdən çox təhsilalan Yekun Dövlət Buraxılış Attestasiyasından keçəcək. Bu prosesə 2000 nəfərədək akademik və inzibati heyət cəlb olunub. Yaz semestrinin imtahan sessiyası iyun ayının 3-dən iyul ayının 1-dək davam edəcək. İyunun 17-dən iyunun 30-dək Yekun Buraxılış Dövlət Attestasiyası keçiriləcək.Təkrar imtahanlar 1-3 iyulda keçiriləcək. Dərslər öncədən müəyyən edilmiş qrafikə uyğun aparılıb və dərs cədvəlinin kobud pozulması halına rast gəlinməyib. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ilinin tələbələri üçün yazılı formada, qiyabi təhsilalma formasında və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə, test üsulu formasında, magistratura səviyyəsində isə yazılı şəkildə keçiriləcək. Rektorun müvafiq əmrinə əsasən yaz semestrinin imtahan sessiyası Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunacaq. Semestr və həmçinin dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədiilə Tədris Departamentinin ümumi təşkilatçılığı ilə universitet üzrə 30 nəfər imtahan koordinatorundan, o cümlədən 120 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb və imtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Universitetdə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. İmtahan Qərargahı və Apelyasiya Komissiyası iyulun 5-dək fəaliyyət göstərəcək. Yaz semestrinin imtahan sessiyası mütəşəkkil, şəffaf və obyektiv keçirilməlidir.
Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.
“Kimya və biologiya fakültəsinin fəaliyyəti haqqında” hesabatla çıxış edən fakültənin dekanı, dosent Elnarə Mehbalıyeva bildirib ki, fakültədə 4 kafedra, 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir: Analitik və üzvi kimya kafedrası, Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrası, Biologiya və onun tədrisi metodikası kafedrası, İnsan və heyvan fiziologiyası kafedrası və “Koordinasion birləşmələr” və “Yeni bioloji aktiv birləşmələr” elmi-tədqiqat laborotoriyaları.
Hazırda fakültənin professor-müəllim heyətinin sayı 121 nəfərdir. 34 nəfər tədris-köməkçi heyət çalışır. 9 professor, 1 elmlər doktoru, 74 fəlsəfə doktoru, 37 müəllim var. Fakültədə 3 ixtisas üzrə - “Biologiya müəllimliyi” ixtisası, “Kimya və
biologiya müəllimliyi” ixtisası, “Kimya müəllimliyi” ixtisası üzrə ali təhsilin bakalavriat səviyyəsində kadr hazırlığı aparılır. “Biologiya müəllimliyi” ixtisasında 526 nəfər tələbə təhsil alır. “Biologiya müəllimliyi” ixtisasında qiyabi təhsilalma formasında 25 nəfər tələbə təhsil alır. “Kimya və biologiya müəllimliyi” ixtisasında 409 nəfər tələbə, “Kimya müəllimliyi” ixtisasında isə 333 nəfər tələbə təhsil alır.Ümumilikdə fakültədə hər üç ixtisas üzrə 1268 nəfər tələbə təhsil alır.
Fakültə tədris prosesinin normal təşkil edilməsi, ixtisas fənlərinin tədrisinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris prosesinin yeni formalarının tətbiq edilməsi üçün müasir texniki avadanlıqlarla və İKT vasitələri ilə təmin edilib. Hesabat dövründə fakültədə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və onun səmərəliliyinin artırılması istiqamətində bir çox işlər görülüb. Müəllimlərin tədris, elmi-metodiki fəaliyyəti təşkil edilib, nəzarət mexanizmləri işlənib-hazırlanıb. Müasir dövrün tələbi olan fakültə-məktəb əməkdaşlığının qurulmasının və fakültənin inkişafına nail olunması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Fakültədə təlim-tərbiyə və tələbələrlə iş daim diqqət mərkəzində saxlanılır. Fakültənin təşkilatçılığı ilə universitetdə bir çox mədəni-kütləvi tədbirlər keçirilib, eyni zamanda universitetdə keçirilən bütün tədbirlərdə fakültənin əməkdaşları və tələbələri yaxından iştirak ediblər.
Kimya və biologiya fakültəsinin missiyası tələbələrə kimya, kimya və biologiya, biologiya müəllimliyi ixtisasları üzrə pedaqoji sahədə ən yaxşı təhsili və ən müasir bilikləri verərək məzunların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə olan karyera imkanlarından faydalanmaları üçün lazımi bilik və qabiliyyətlər əldə etmələrini təmin etmək və rəqabətədavamlı təhsil bazası yaratmaqdır. Fakültənin hədəflərinə əmək bazarında tələb olunan yüksəkixtisaslı, səriştəli mütəxəssis hazırlığı, tədrisin səmərəliyini yüksəltməklə fakültəyə keyfiyyətli tələbə heyətinin cəlb edilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, tələbələrin və professor-müəllim heyətinin mübadilə proqramlarında iştirakının təmin edilməsi, müxtəlif tədris, elmi-texniki və treninq informasiya mərkəzləri yaratmaqla, innovativ layihələri dəstəkləmək daxildir.
Dosent E.Mehbalıyeva çıxışının sonunda fakültədə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, tədris prosesinin daha çevik və səmərəli qurulması üçün təkliflər irəli sürüb.
Kimya və biologiya fakültəsində aparılmış monitorinqin nəticələri barədə Monitorinq qrupunun rəhbəri, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib.
Professor Nizami Xudiyev, professor Nailə Verdizadə hesabatı müsbət qiymətləndirərək qəbul olunmasını təklif ediblər.
Elmi Şura dosent E.Mehbalıyevanın hesabatını qəbul edib.
Cari məsələlərin müzakirəsi zamanı Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov Elmi Şuranın növbəti iclasında ADPU-nun Əcnəbi tələbələrlə iş şöbəsinin hazırlıq kursunda təhsil alan əcnəbi dinləyicilərin dərsə davamiyyəti haqqında, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Magistratura səviyyəsi üzrə tədris planlarının təsdiqi barədə, Fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzularının və elmi rəhbərlərin təsdiqi barədə, Kafedralar üzrə professor və dosent elmi adlarının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə məlumat verib.
Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib



Oxşar xəbərlər