İnformasiya Texnologiyaları İnstitutunda sentiment analizə dair məruzə dinlənilib

İnformasiya Texnologiyaları İnstitutunda sentiment analizə dair məruzə dinlənilib AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Sentiment analiz: problemlər və mövcud yanaşmalar” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.
Məruzəni təqdim edən elmi müəssisənin böyük elmi işçisi Mərziyə İsmayılova sentiment analizin tarixi və inkişaf mərhələləri haqqında məlumat verib.
Sentiment analizin informasiya mənbələrindən bəhs edən məruzəçi buraya forumlar, bloqlar və sosial şəbəkələrin aid olduğunu deyib.
M.İsmayılova sentiment analiz üçün klassifikasiya metodlarından – lüğətlərə və qaydalara əsaslanan yanaşmalardan da danışıb. Bildirib ki, lüğətlərə əsaslanan yanaşmada pozitiv və neqativ sözlərin qeyd edildiyi lüğət tələb olunur. Digər yanaşmada isə yüksək dəqiqliyə nail olmaq üçün çoxlu sayda qaydalar təsvir etmək lazımdır ki, bu da uzun və mürəkkəb bir prosesdir.
Vurğulanıb ki, sosial şəbəkələrdən müxtəlif növ məlumatların toplanması, məhsullar, filmlər, restoranlar və mehmanxanaların qiymətləndirilməsi zamanı sentiment analizindən istifadə olunur.
Seminarda, həmçinin “Scopus”, “Web of Science” və “Google Scholar” kimi bazalarda sentiment analiz üzrə 2000-2016-cı və 2002-2019-cu illər ərzində nəşr olunan məqalələrin sayı, sentiment analizin konseptual modeli, əsas terminləri və problemlərinə dair ümumi məlumatlar verilib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər