ADPU-da magistr dissertasiyalarının qiymətləndirilmə metodu dəyişilir, yeni kafedra təşkil edilir...

ADPU-da magistr dissertasiyalarının qiymətləndirilmə metodu dəyişilir, yeni kafedra təşkil edilir... Azərbaycan Dövlət Pedaqoji Univesitetinin (ADPU) Elmi Şurasının 2020-2021-ci tədris ili üçün son iclası keçirilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov ötən şura iclasından keçən bir aylıq dövrdə baş verən ən mühüm hadisələr haqqında məlumat verib.
Bu dövrdə universitetin 100 illik yubileyi ilə bağlı ölkənin bir neçə aparıcı ali təhsil müəssisələrində ənənəvi və onlayn tədbirlərin keçirilməsinin, Azərbaycanda ilk dəfə Pedaqoji Universitetdə təsis edilmiş “Magistrant” dövri-elmi jurnalının ilk sayının nəşrinin mətbuatda geniş işıqlandırılmasının ADPU-ya verilən dəyərin göstəricisi olduğunu vurğulayan rektor son ayda baş verən ən əlamətdar hadisələrdən birinin də təhsil nazinin müvafiq əmri ilə Könül Pirverdiyevanın universitetə strateji inkişaf məsələləri üzrə prorektor təyin edilməsi olduğunu bildirib.
Çıxışında tələbələrin və tələbə təşkilatlarının fəaliyyətinə xüsusi toxunan prof. C.Cəfərov bildirib ki, son ay ərzində ADPU-nun III kurs tələbələri Məxfirət Hüseynova və Məhəmməd Səmədov “Tələbə Baharı” XV Ümumrespublika tələbə yaradıcılıq festivalında bəstəkar mahnıları və xalq mahnıları kateqoriyası üzrə birinci yerə layiq görülüblər. Universitetin Təhsil Könüllüləri İctimai Birliyi tərəfindən keçirilən #VİKİADPU – onlayn vikipediya təlimləri layihəsinin iştirakçısı olan əməkdaş və tələbələr mükafatlandırılıb, təşkilatın pandemiya dövründə, əsasən, şəhid, qazi və aztəminatlı ailələrin övladları olan şagirdlərin onlayn dərslərinə dəstək məqsədi ilə keçirdiyi “Şagirdə Tələbə Dəstəyi” layihəsi uğurla yekunlaşıb.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov cari ilin 11 iyun – 05 iyul tarixləri aralığında keçirilən magistr dissertasiyası işlərinin müdafiəsinin nəticələri barədə hesabatı təqdim edərək bu sahədə aparılan uzunmüddətli elmi təhlillərə əsasən magistr dissertasiya işlərinin qiymətləndirilməsi metodikasında dəyişikliklər edilərək artıq kafedraların ilkin müzakirələr zamanı magistr işlərini 50 balla qiymətləndirməsi yerinə işin müdafiəyə tövsiyə olunub olunmaması haqqına rəy verməsi, əvəzində magistr işinin 100 ballıq qiymətləndirilməsinin tamamən ixtisaslaşdırılmış şuralar tərəfindən aparılması təklifi ilə çıxış edib. Bu yenilik magistr dissertasiya işlərinin qiymətləndirilmə metodunun bakalavriatyönümlülüyükdən doktoranturayönümlülüyə istiqamətləndirilməsi nəticəsində işlərin keyfiyyətində əhəmiyyətli irəliləyişə səbəb olacaq.
Prof. A.Zamanov iki il öncə Corc Vaşinqton Universiteti ilə Təhsil ixtisası üzrə ikili diplom proqramına başlanılması, növbəti tədris ilindən etibarən magistratura səviyyəsində təhsil ixtisasları içərsində ADPU-da MBA və SABAH magistraturasının açılmasını, “Gənclərlə iş” ixtisaslaşmasına ilk dəfə qəbul həyata keçiriləcəyini diqqətə çatıraraq prosesləri optimal tənzimləmək üçün universitetdə Təhsilin təşkili və idarəolunması kafedrasının yaradılmasının məqsədəuyğun hesab edildiyini bildirib.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov 2020/2021-ci tədris ilinin yaz semestr imtahan sessiyasının nəticələri haqqında geniş hesabatla çıxış edərək ADPU-da cari semestrdə tətbiq olunan onlayn-şifahi imtahanların uğurla yekunlaşdığını və bu sahədə qazanılan böyük təcrübənin gələcək illərdə hibrid dərs və imtahan modellərinin inkişafı üçün universitetə geniş təməl rolunu oynayacağını bildirib. Prorektor bildirib ki, ADPU-nun Bakı kampusları və filiallarında 11 min nəfərdən çox bakalavr, Pedaqoji Kollecdə isə 3000 nəfərədək subbakalavr 01 iyun-05 iyul 2021-ci il tarixləri aralığında onlayn-şifahi imtahanlarda iştirak edib və tələbələrin böyük əksəriyyəti imtahanlardan müvəffəq qiymət alıblar.
Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən aparılan elektron sorğunun nəticələrinə əsasən tələbələrin əksəriyyəti internet və kompüter sıxıntısı ilə bağlı fikirlərini ifadə ediblər. Buna analoji olaraq da çox az qismdə olsa da, texniki çətinliklərə görə imtahanlara qoşula bilməyən 121 tələbə ərizə ilə müraciət etmişdir və hazırda onlar üçün yenidən imtahan təşkil edilir.
Dos. E.Aslanov bildirib ki, növbəti tədris ilindən etibarən tədris resurslarına daha asan və funksional əlçatanlığın təmin edilməsi üçün “Microsoft Teams” platformasına paralel olaraq “Moodle” elektron öyrənmə platformasının tətbiqi üçün artıq ilkin olaraq 60 nəfər könüllü əməkdaşa təlimlər keçilib.
Növbəti tədris ilinin təşkilinə hazırlıqdan danışan prorektor vurğulayıb ki, sentyabr ayından etibarən tədrisin ənənəvi və ya qarışıq təşkili halında əməkdaşlardan covid-19 pasportu və ya immun sertifikatı tələb olunacaq.
Apellyasiya komissiyasının sədri, ümumi işlər üzrə prorektor Tural Cəlilov yaz imtahan sessiyası ərzində komissiyaya fakültələr üzrə daxil olan müraciətlər və onların nəticələri haqqında təqdimatla çıxış edərək bildirib ki, ümumilikdə 126 nəfər tələbə apelyasiya şikayəti vermişdir ki, onlardan da 26 nəfəri ərizələrini geri götürmüş, digər müraciətlərə operativ olaraq baxılaraq müvafiq qərarlaq qəbul edilmişdir. Ümumilikdə imtahan sessiyası uğurla yekunlaşmışdır.
Yekunda hesabatlar və təkliflər səsə qoyulub və yekdilliklə qəbul olunub.
Daha sonra cari məsələlər müzakirə olunub. Kafedralar üzrə dosent seçkiləri keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər