ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2018-2019-cu tədris ili üçün son iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “2018-2019-cu tədris ilində magistrlik dissertasiya işlərinin nəticələri barədə”, “2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasınının ilkin nəticələri haqqında” və cari məsələlər daxildir.
İclasda öncə rektor Cəfər Cəfərov universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının professoru Əli Hüseynova fəxri fərman, Riyaziyyat və informatika fakültəsinin dekanı, professor Maqsud Nəcəfova təşəkkürnamə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə Filologiya fakültəsinin Xarici dillər və onların tədrisi metodikası kafedrasının müdiri Leyla Vəzirovaya verilmiş professor elmi adının attestatını, Tədris Departamentinin direktor müavini Ənvər İmanova dosent elmi adının attestatını, Davamlı təhsil və təlim şöbəsinin baş mütəxəssisi, dosent Qızxanım Qəhrəmanovaya psixologiya üzrə elmlər doktoru diplomunu, həmçinin Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının profesoru Əbülfət Pələngova Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adının sertifikatını, vəsiqəsini və medalını təqdim edib.
Rektor Cəfər Cəfərov çıxışında bildirib ki, iyulun 14-də müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 50 ili tamam olur. Ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Həmin dövrdə qazanılmış böyük iqtisadi, elmi-intellektual potensial sonradan müstəqil Azərbaycanın həyatında mühüm rol oynadı. Bugünkü müstəqil, güclü, hərtərəfli inkişaf etmiş Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.
Rektor qeyd edib ki, bu günlərdə Şəkinin tarixi mərkəzinin və Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın mühüm beynəlxalq uğurudur və bu, hamımızı çox sevindirir. Həmçinin ADPU və Corc Vaşinqton Universiteti arasında iyunun 25-də Birgə Bəyannamənin imzalanması mühüm hadisədir. Bu Birgə Bəyannamənin imzalanması ADPU-nun elm və təhsil sahəsində yeni mərhələyə daxil olduğunu göstərir.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov “2018-2019-cu tədris ilində magistrlik dissertasiya işlərinin nəticələri barədə” hesabat məruzəsi ilə çıxış edib. Professor A.Zamanov bildirib ki, 2018-2019-cu tədris ilində magistratura səviyyəsində 17 ixtisas, 18 ixtisaslaşma üzrə 388 nəfər magistrlik dissertasiyasının müdafiəsinə buraxılıb. Təhsil Nazirliyinin 10.11.1998-ci il tarixli 742 nömrəli əmri ilə təsdiq olunmuş “Magistrlik dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Şuralar haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq İxtisaslaşdırılmış Şuraların sədrlərinin təyin olunması məqsədilə Təhsil Nazirliyinə müraciət edilib. Təhsil Nazirliyinin 30.04.2019-cu il tarixli F-229 nömrəli əmrinə əsasən ADPU-nun 07.06.2019-cu il tarixli 2/74 nömrəli əmri ilə 2019-cu təqvim ili üçün 15 İxtisaslaşdırılmış Şura yaradılıb. 12 İxtisaslaşdırılmış Şurada 1 ixtisas üzrə, 3 İxtisaslaşdırılmış Şurada 2 ixtisas üzrə magistrlik dissertasiyalarının müdafiəsi təşkil edilib. Magistrantların dissertasiya müdafiəsi Təhsil Nazirliyinin 20.04.2019-cu il tarixli 202 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiə qaydaları haqqında Əsasnamə”nin, Nazirlər Kabinetinin 12.05.2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın tələblərinə uyğun təsdiq edilmiş cədvəl üzrə 20-30 iyun 2019-cu il tarixlərində keçirilib. 32 nəfər magistrant universiteti fərqlənmə diplomu ilə bitirib.
Professor A.Zamanov çıxışında magistratura təhsil səviyyəsinin daha da yaxşılaşdırılması üçün təkliflərlə çıxış edib. Qeyd edib ki, magistratura səviyyəsində işlərin daha da yaxşılaşdırılması üçün, ilk növbədə, dissertasiya mövzularının düzgün, aktual müəyyənləşdirilməsinə ciddi fikir verilməli, mövzular kafedralarda müzakirə edilərək, universitetin Elm və innovasiyalar üzrə prorektor-luğunun nəzdində yaradılan Ekspert Komissiyasının müsbət rəyindən sonra fakültə Elmi Şurasının müzakirəsinə təqdim edilməlidir. Magistrantların hər il üçün nəzərdə tutulmuş attestasiyaları vaxtlı-vaxtında, çox ciddi keçirilməlidir. Universitetdə magistrantların elmi-tədqiqat işlərinə həsr olunmuş konfranslara təqdim olunmuş materiallar Ekspert Komissiyasının üzvləri tərəfindən ciddi təhlil edildikdən sonra layiqli işlər çıxış üçün təqdim edilməlidir. Burada əsas məqsəd kəmiyyət yox, keyfiyyət olmalıdır. Magistrantların pedaqoji və elmi-tədqiqat təcrübələrinə diqqət artırılmalıdır.
Çıxış edən Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru, dosent İsrayıl İsgəndərov, professor Vəli Əliyev, professor İramin İsayev, dosent Yaqut Rzayeva və başqaları hesabatı müsbət qiymətləndirərək magistr hazırlığının səviyyəsinin artırılması ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.
“2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının ilkin nəticələri haqqında” Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov hesabat məruzəsi ilə çıxış edib. Dosent E.Aslanov məlumat verərək bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semеstrinin imtahan sessiyasını keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb. Universitetdə imtahan sessiyasına hazırlıq və imtahanların keçirilməsi üçün 20.05.2019-cu il tarixli 3/87 nömrəli əmr verilib. İmtahanlar 3 iyun-8 iyul 2019-cu il tarixlərində tərtib olunmuş cədvəl üzrə keçirilib. Rektorun müvafiq əmrinə əsasən yaz semestrinin imtahan sessiyası Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunub. Semestr və eləcə də Yekun Dövlət Attestasiyasında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris Departamentinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər təşkilatçı, o cümlədən 100 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan Qrupu yaradılıb və imtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Yaz semestrinin imtahan sessiyasında İmtahan Qərargahına ümumilikdə 156 müraciət daxil olub. Həmin müraciətlərin təxminən 73-ü imtahan zamanı əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, imtahan qaydalarını pozduqları üçün nəzarətçilər tərəfindən imtahan otağından çıxarılan və imtahan işləri ləğv olunan tələbələr tərəfindən edilib. Bütövlükdə İmtahan Qərargahına daxil olan müraciətlər qaydalara uyğun olaraq çevik araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Yaz semestrinin imtahan sessiyası dövründə Apelyasiya Komissiyasına 2312 müraciət daxil olub. Həmin müraciətlərdən 1061-i tələbələrin xeyrinə həll edilib, 1251 müraciətdə isə tələbələrin aldıqları qiymət qüvvəsində saxlanılıb. Bütövlükdə yaz semestrinin imtahan sessiyası mütəşəkkil, şəffaf və obyektiv keçib. Dosent E.Aslanovun çıxışında həmçinin ADPU-da ali təhsilin magistratura səviyyəsi üzrə, eləcə də filiallar və ADPU-nun nəzdində ADPK üzrə müvəffəqiyyət və keyfiyyət göstəriciləri öz əksini tapıb.
Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.
İmtahan Qərargahının rəhbəri, dosent Nazilə Abdulzadə və Apelyasiya Komissiyasının sədri, dosent Asif Axundov çıxış edərək qərargaha və komissiyaya daxil olan müraciətlərin məzmun və mahiyyəti, onların araşdırılması və qəbul edilən qərarlar barədə ətraflı məlumat veriblər. Dosent N.Abdulzadə və dosent A.Axundov qərargahın və komissiyanın fəaliyyətinin daha səmərəli qurulması üçün təkliflər irəli sürüblər.
Cari məsələlərin müzakirəsi zamanı Tədris işləri üzrə prorektor, dosent E.Aslanov “ADPU-da kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri haqqında”, “ADPU-nun tədris idarəetmə sistemində təkmilləşdirmə işləri barədə”, Elm və innovasiyalar üzrə prorektor, professor A.Zamanov “Azərbaycanın davamlı inkişaf problemləri” kursunun Tarix və coğrafiya fakültəsinin müvafiq ixtisaslar üzrə magistratura tədris planlarında seçmə fənlər blokuna daxil edilməsi haqqında”, “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fakültəsinin I tədris ili tələbələrinin 2019-cu tədris ilinin planı ilə təhsil almaları barədə” fakültənin dekanı, dosent Laçın Həsənova , Elmi katib, dosent İradə Qasımova “ADPU-nun Elmi Şurasının 2019-2020-ci tədris ili üçün İş planının təsdiqi barədə”, “Professor və dosent elmi adlarının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə”, “Kafedralar üzrə professor vəzifələrinə seçkilər barədə” məlumat veriblər.
Elmi Şura üzvlərinin fəal iştirakı və faydalı fikir mübadiləsi şəraitində cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Bununla da Elmi Şuranın iclası başa çatıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun Elmi Şurasının iclası keçirilib

Oxşar xəbərlər