Salnaməyə dönən illər

Salnaməyə dönən illər Tarix təkrarlanmır. Lakin illərin sırasında bir şəcərəyə dönərək özünəməxsus bir mənzərə yaradır. Bu mənzərələrin fonunda salnamələr formalaşır. İnsanlar bu salnamələrdə özlərinin sevdikləri, rəğbət bəslədikləri dövrü, hadisələri ümumiləşdirərək tarixə çevirirlər. Əslində salnamələrdə əks olunanlar həm də tarixin yaddaşına hoparaq əsrlər boyu insanların ömürdaşı kimi onları izləyir. AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun bu günlərdə nəşr olunmuş “Bakı Dövlət Universiteti” ( Bakı, “Təhsil”, 2021) kitabı da bu qəbildən olan salnamədir. Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun elmi redaktorluğu ilə çap olunan bu kitab Bakı Dövlət Universitetinin çətin, mürəkkəb, həm də şərəfli inkişaf yoluna həsr olunmuşdur. Keçilmiş və tarixə çevrilmiş bu bir əsrlik yaradıcılıq yolu tarixi məxəzlərə əsaslanaraq öyrənilib ümumiləşdirilmiş, inkişaf mərhələləri müəyyənləşdirilmiş, sistemli olaraq oxuculara təqdim edilmişdir. Salnamələr həmişə digər yaradıcılıq nümunələri ilə müqayisədə müəlliflərinə mənən daha yaxın olmaqla çox hallarda onların istək və arzularının ifadəçisi kimi çıxış edir. Bu kitabı da vərəqləyərkən ilk səhifələrdə verilmiş “Mənim universitetim” başlıqlı hissədə müəllifin təəssüratları, fikirləri, belə demək mümkünsə, konsepsiyası ilə rastlaşırsan. Çox səmimi və mehriban təhkiyələrdə onun Azərbaycan Dövlət Universitetinə nə qədər bağlı olduğunun şahidi olursan.
Bu kitab necə yarandı?
Bu ritorik sualın arxasında səmimi bir etiraf, həm də mükəmməl bir məntiq dayanır. Müəllif, ilk növbədə, təhsil aldığı və qəlbən bağlandığı ADU barədə xatirələrini düşüncələrində təhlil edir. Ötən əsrin 70-ci illərindən başlayaraq 1994-cü ildə M.Ələsgərov, F.Vahidovla birlikdə “Bakı Dövlət Universiteti” (1919-1994) kitabını hazırlayıb çap etdirir. Bundan əlavə, “Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində” (1918-1920), “Azərbaycan təhsil nazirləri” kitablarında, eləcə də “Azərbaycan təhsil tarixi” çoxcildliyinin I-III və IV cildlərində BDU-nun təşəkkül və inkişafı, fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə fikirlər söyləyir. Universitetin 100 illiyi ərəfəsində bu münasibətlə 10-a qədər məqalə hazırlayaraq mətbuatda çıxışlar edir. Sonra o, bu mövzuya yenidən qayıdaraq arxiv materiallarını, kitabları, jurnal və qəzetləri araşdıraraq əlaqədar materialları toplayıb və təhlillər aparır. Hətta universitetin fəaliyyətinin təhlilinə dəstək ola bilən yeni materiallar tapır. Bir sıra tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti ilə bağlı dəqiqləşmələr aparır. Və belə qənaətə gəlir: “Bu kitabı ərsəyə gətirərkən bir daha əmin oldum ki, sələflərimizin və müasirlərimizin elmi-pedaqoji fədakarlığı nəticəsində 100 il müddətində BDU-da, həqiqətən də, möhtəşəm və şərəfli bir tarix yaradılıb. Bu zəngin elmi və pedaqoji irsin yaradılmasında müstəsna xidmətləri olan müqtədir alimlər və təcrübəli müəllimlər çoxdur”.
Bu müqtədir və təcrübəli alimlər haqqında, ümumiyyətlə, bu günə qədər möhtəşəm bir tarix yaratmış universitet haqqında necə yazmaq, fikirləri hansı məntiqə tabe etmək müəllifi düşündürür. Oxucunun marağına səbəb olmaq üçün tarixi xronologiyanı gözləməklə düşüncələrini publisistik üslubda ifadə etməyə çalışır. Xüsusilə başlıqlarda və yarımbaşlıqlarda obrazlı ifadələrə üstün yer ayırır. Məsələn, I fəsil “Ürfan çırağı” (1919-1920), II fəsil “İkinci nəfəs” (1920-1930), III fəsil “Qayıdış, yaxud şimal küləkləri sərtləşir” (1934-1941), IV fəsil “Döyüşən təhsil və elm” (1941-1945), V fəsil “Dirçəliş” (1945-1959), VI fəsil “50 yaşın astanasında” (1959-1969) və s.
Bakıda universitetin açılması
Məlum olduğu kimi, Bakıda universitetin açılması milli maarifçilərin çoxdankı arzusu idi. Lakin buna nail olmaq mümkün deyildi. Çünki XIX əsrin 30-cu illərindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən məktəblər ali təhsil müəssisələrinin açılmasını şərtləndirsə də, çar hökuməti bütün hallarda buna mane olurdu. Nəinki ali təhsil müəssisəsinin, hətta ibtidai məktəblər üçün müəllim kadrları hazırlayan seminariyanın açılmasına belə icazə vermirdilər. Doğrudur, Azərbaycan maarifçi ziyalılarının səyi nəticəsində 1879-cu ildə Qori Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsi fəaliyyətə başlamışdı. Lakin onu 1918-ci ilə qədər Azərbaycana köçürmək mümkün olmamışdı. Məhz kitabın “Ürfan çırağı “(1918-1920) adlı birinci fəsli bu məsələlərə həsr edilir, ciddi tarixi araşdırmalar əsasında hələ o dövrdə (1919-cu ildə) Zaqafqaziya Universitetinin Bakıya köçürülməsindən və Bakı Darülfünunun təşkilinin müzakirəsindən danışılır. Çox böyük çətinliklərdən sonra Bakı Dövlət Darülfünun açılması ilə bağlı sənəd Azərbaycan parlamentində təsdiq olunur.
Əslində bunlar Azərbaycanda ilk universitetin yaradılması uğrunda aparılan mübarizələr idi və o dövrün maarifçi ziyalılarının vətənpərvərlik hissi ilə gördükləri işlərin əks-sədası kimi təsir bağışlayırdı. Birinci fəsildə də bu məsələlərin təhlilinə yer ayrılmaqla onun analitik mənzərəsi canlandırılmışdır. Bundan əlavə, V.İ.Razumovskinin “Universitetin və maarifin həqiqi dostları” adlandırdığı M.Rəsulzadə, H.Ağayev F.Xoyski, R.Kaplanov, N.Yusifzadə, S.Ağamalıoğlu, Ə.Orucov, Ə.Pepinov, C.Hacınski, S. Qənizadə və başqalarının fədakarlığı, milli mənafe uğrunda mübarizəsi yüksək dəyərləndirilirdi.
XX əsrin 20-ci illəri Bakı Dövlət Universitetinin tarixində mürəkkəb bir dövr kimi səciyyələndirilir. Belə ki, bu dövrdə Universitetdə elmi pedaqoji fəaliyyət yenidən qurulur. Sinfilik və partiyalılıq prinsipləri əsas götürülür. Bu dövrdə Ali Pedaqoji İnstitut BDU-nun Pedaqoji fakültəsinə birləşdirilir. Bundan əlavə, Universitetin Nizamnaməsində dəyişikliklər aparılır. Yeri gəlmişkən qeyd edək ki, Universitetin Nizamnaməsi tez-tez dəyişdirilirdi. Təkcə 1919-cu ildən 1930-cu ilə qədər bu dəyişiklik altı dəfə aparılmışdı.
Kitabın “İkinci nəfəs” adlı 1920-1930-cu illərin əhatə olunduğu hissəsində bu yenidənqurulma prosesinin təfərrüatları araşdırılır. Universitetdə milli məfkurə və milli özünüdərk prosesinin getdiyi və bunun narahatlıqlar yaratdığı təhlil edilir. Həm də bu dövrdə universitetin onillik yubileyinin keçirilməsinin planlaşdırıldığı və ona ciddi hazırlıq aparıldığı göstərilir. Müəyyən maneələrin olmasına baxmayaraq, yubiley təntənəli şəkildə keçirilir.
Bu illərdə universitetdə dörd fakültə fəaliyyət göstərirdi. Tibb, Pedaqoji, Şərq və Fəhlə fakültələrində ölkəmiz üçün ixtisaslı kadrlar hazırlanırdı. 10 il ərzində universitetin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdi. Onun institutları, kafedraları, laboratoriyaları, fakültələri və təqribən 100 min adda kitabı olan zəngin kitabxanası formalaşmışdı. Orada 5 elmi jurnal və tələbə qəzeti nəşr olunurdu.
Bütün bunlara baxmayaraq, 1930-cu il iyulun 10-da ali məktəblərin və ali texniki məktəblərin yenidən qurulması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Universitetinin fəaliyyəti dayandırıldı. Universitetin fakültələri əsasında yeni ali məktəblər yaradıldı. Müəllif yeni institutların yaradılmasını mütərəqqi bir hal hesab etsə də, universitetin bağlanmasını milli düşüncə və təfəkkürün inkişafına ağır zərbə kimi dəyərləndirmişdir.
“Çərçivələr daralır”
Kitabın “Qayıdış, yaxud şimal küləkləri sərtləşir” adlı III fəslində Universitetin 1934-1941-ci illərdə fəaliyyəti əhatə olunur. Göstərildiyi kimi, o dövrdə universitetlərin bağlanması Ümumittifaq miqyaslı səhv idi və bu səhvin aradan qaldırılması istiqamətində tədbirlər görülürdü. Həmçinin kadr hazırlığı sahəsində prioritetlər də dəyişirdi. Artıq marksist əqidəli “kadrlar yetişdirmək” prioritet hesab olunurdu. Universitet çətinliklə yenidən fəaliyyətə başlasa da “çərçivələr daralır”, yaradıcılıq imkanları genişlənmək əvəzinə, məhdudlaşdırılırdı. Yaradıcı insanlar “sərbəstliklərini yavaş-yavaş itirir və partiya nəzarətinin təzyiqini hiss etməyə başlayırdılar. İctimai elmlərlə məşğul olanlar daha çox təzyiqə məruz qalırdılar”.
Bu bir tarixi həqiqətdir ki, Azərbaycan xalqının tarixi faciəsi 1936-cı ildə başlandı. Ziyalılar əleyhinə cəza tədbirləri həyata keçirildi. Salnamədə göstərildiyi kimi, bu, Universitetdən də yan keçmədi. Xalqımızın görkəmli ziyalıları - vaxtilə rektor işləmiş Tağı Şahbazi, Maqsud Məmmədov, Məmməd Kazım Ələkbərli, Bababəy Həsənbəyov, Abdulla Yusupov və Hüseyn Quliyev, bunlardan əlavə, 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, ümumilikdə 100 nəfərə qədər əməkdaş “xalq düşməni”, “türkçü”, “turançı”, “pantürkçü”, “panislamçı” və s. damğalar vurularaq həbs olundu və ya güllələnməyə məhkum edildi.
Məlum olduğu kimi, Böyük Vətən müharibəsi keçmiş SSRİ ərazisində olan bütün milli respublikalara, o cümlədən Azərbaycana da böyük zərbə vurdu. Müharibədə iştirak edən 600 min azərbaycanlının 300 mindən çoxu ağır döyüşlərdə həlak oldu. İnsanlar ağır və əzablı günlərin şahidinə çevrildilər. Təbii olaraq bu ağır həyat sindromu Universitetə də təsir göstərdi. Salnamədə müharibə dövrünün məşəqqətlərini yaşayan Universitetin həyatı fakt və arqumentlərlə ümumiləşdirilir. “1941-ci il iyulun 22-də Böyük Vətən müharibəsinin başlanması ilə Universitetin dərs həyatı tamamilə pozuldu. Müharibə başlanan gün Universitetdə rektor Cəbrayıl Ələsgərov, 200 nəfər tələbə və müəllim könüllü olaraq cəbhəyə yola düşdü”. Universitetin infrastrukturunda zəruri dəyişikliklər aparıldı. Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutu, Karl Marks adına Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Bədən Tərbiyəsi İnstitutu, Xarici Dil Müəllimləri İnstitutu Universitetə birləşdirildi. Bu birləşmələr 1943-1945-ci illərdə yenidən həmin təhsil müəssisələrinin ayrılması ilə başa çatdı.
Salnamədə kadr hazırlığı bu dövrün ciddi problemlərindən biri kimi təqdim olunur. Düzgün olaraq universitetin ciddi sınaq qarşısında qalması qeyd edilir. Professor-müəllim heyətinin sayının tələbata cavab vermədiyi, hətta kafedra müdirləri arasında professorların sayının az olması bildirilir. Buna baxmayaraq, 1943-cü ildə aspirantura bərpa olunur və həmin ildə I kursa 20 aspirant qəbul edilir.
Dirçəliş və irəliləyişlər
Salnamədə Universitetin müharibədən sonrakı həyatı maraqla izlənən hissələrdəndir. Bu, bir həqiqətdir ki, 1941-1945-ci illərdə Universitet müharibə qanunları ilə yaşasa da, özünün ölkəmizdəki təhsil imicini qoruyub saxlaya bildi. Elə buna görə də müharibədən sonrakı illərdə onun tədris və elmi həyatında böyük canlanma yarandı. O dövrdə müharibənin törətdiyi ağır fəsadları aradan qaldırmaq, elmi və pedaqoji kadr hazırlığının keyfiyyətini yüksəltmək, aspiranturaya istedadlı gəncləri cəlb etmək, elmi dərəcələrin sayını artıraraq yeni fakültə yaratmaq və ixtisaslar açmaq, elmi və tədris laboratoriyalarını yenidən avadanlıqlarla təchiz etmək, ümumiyyətlə, Universietetin infrastrukturunu yeniləmək qarşıda duran əsas vəzifələrdən biri idi. Universitet kollektivi bu vəzifələri dərk edərək onların yerinə yetirilməsi istiqamətində fəaliyyətə başladı. Eyni zamanda 1947-1948-ci tədris ilində kitabxanaçılıq şöbəsi, 1949-cu ildə isə tədris-metodik şura yaradıldı, dərslik və dərs vəsaitləri hazırlandı. Bu işə yeni elmi qüvvələr cəlb olundular. Eyni zamanda universitetin maddi-texniki və tədris bazası möhkəmləndirildi.
Kitabda qeyd olunduğu kimi, həm də müharibədən sonra inkişafın ön cəbhəsi olan elmə xüsusi diqqət yetirildi. Bir çox azərbaycanlı aspirantlar Moskvada, Leninqradda (indiki Sankt-Peterburq), SSRİ-nin digər şəhərlərində və universitetin özündə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək professor-müəllim heyətinə daxil oldular.
Universitetin həyatında baş verən dəyişikliklər onu inkişafa doğru aparırdı. Xüsusilə kitabın “50 yaşın astanasında” adlı 1959-1969-cu illəri əhatə edən fəsildə bu xüsusi bir peşəkarlıqla ümumiləşdirilir. 50-ci illərin sonu, 60-cı illər “mülayim” bir dövr kimi təqdim edilir. Müəllif universitetin həyatında əks-səda verən bu dövrü “buzlar əriyir...” deyə səciyyələndirir. Doğrudan da, ali təhsilin məzmununda ciddi dəyişikliklər baş verir, yeni tədris planları, proqramları, dərslik və dərs vəsaitləri hazırlanır, yeni fakültələr və laboratoriyalar açılır, dissertasiyalar müdafiə olunur.
Beləliklə, Bakı Dövlət Universiteti respublika əhalisi arasında böyük nüfuz qazanır. Yetişdirdiyi mütəxəssislərlə kadr hazırlığı mərkəzinə çevrilir. Bu gün də ölkəmizin hər sahəsində özünün peşəkar fəaliyyəti ilə seçilən universitet məzunlarını aydın görmək mümkündür.
İnkişafın yeni mərhələsində
XX əsrin 60-cı illərinin sonu, 70-ci illər Azərbaycanın elm, təhsil və mədəniyyət sahələrində yeni bir mərhələdir. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ölkəmizdə köklü dəyişikliklərlə nəticələndi. Təhsil dövlətin prioritet istiqamətlərindən birinə çevrilərək inkişaf etdirilirdi. Universitetin maddi-texniki bazası gücləndirilirdi, beynəlxalq əlaqələr sahəsində fəaliyyəti genişləndirilirdi.
Kitabın “Yeni mərhələ başlayır” adda 1970-1980-ci illəri əhatə edən fəslində ölkəmizdə gedən bu dəyişikliklərlə yanaşı, məxsusi olaraq Universitetin fəaliyyəti dəyərləndirilir: “Bu illərdə ADU özünün inkişafının yeni bir mərhələsinə qədəm qoydu. Qətiyyətlə demək olar ki, əvvəlki illərdə olduğu kimi, 70-ci illərdə də Azərbaycanda milli-mənəvi yüksəlişin önündə məhz Azərbaycan Dövlət Universiteti dayanırdı. Elə bu səbəbdən də universitetin məzunu olması ilə fəxr etdiyini bildirən Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırırdı”.
Kitabın “Müstəqilliyə doğru” adlı VII fəslində 1981-1990-cı illər üzrə universitetin elmi və tədris həyatından bəhs olunur. O dövrdə universitetin xaricdə təhsillə bağlı mərkəzə çevrildiyi və bu işin təşkilində əsaslı rol oynadığı qeyd edilir. Həmçinin universitetin beynəlxalq əlaqələrinin genişlənməsindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən, keyfiyyətin yüksəldilməsindən söhbət açılır.
Kitabda Universitetin 1990-1998-ci illərdəki fəaliyyəti “Müstəqilliyin işığında” adlı fəsildə ümumiləşdirilir. Düzgün olaraq təhsil prosesində, xüsusilə Universitetlə bağlı hadisələr o dövrün tarixi kontekstində təqdim olunur. Müstəqilliyin ilk illərindəki çətinliklər, onların təhsil həyatına, xüsusilə Universitetdəki elmi, tədris fəaliyyətinə təsirlərdən bəhs olunur. Kitabda məhz ona da xüsusi olaraq diqqət yetirilir ki, nə qədər çətinliklər, qeyri-müəyyənliklər olsa da, universitet özünün bir tədris müəssisəsi kimi tarixi missiyasını dərk edərək uğurla həyata keçirdi. Eləcə də özünün elmi, tədris ənənələrini qoruyub saxlaya bildi.
İslahatlar dövründə fəaliyyət
Kitabın son hissələri (“Genişlənən üfüqlər (1999-2010)” və “100 yaşlı universitet (2011-2020)” fəsilləri) Azərbaycanda həyata keçirilən islahatlar dövrünə həsr olunur. Universitetin bu islahatlarda fəal iştirakı ümumiləşdirilir. Kitabda qeyd olunduğu kimi, müstəqil Azərbaycanın təhsil quruculuğunu əhatə edən bu islahatlar dövründə ölkənin təhsil mənzərəsi dəyişir. Dünyanın mütərəqqi təhsil ənənələrinə doğru addımlar atılır. Planlı və ardıcıl tədbirlər həyata keçirilir. Bu dövrdə ən yadda qalan hadisə ondan ibarət olur ki, ölkə Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanına əsasən dörd ali məktəbə muxtariyyət verilir. Həmin ali məktəblərdən biri Bakı Dövlət Universiteti idi. Bundan əlavə, birmənalı şəkildə qeyd olunur ki, 1999-2010-cu illərdə Universitet ali təhsilimizin flaqmanı olmaq statusunu qoruyub inkişaf etdirir. Universitet bir əsrlik yubileyinə ən yeni nailiyyətlərlə gəlir: müasir məzmunun yaradılmasına, yeni ənənələrin formalaşmasına nail olur. Uğurlar isə bu günün gündəmində aydın görünür.
Bir-birindən maraqlı tarixi fakt və hadisələrlə zəngin olan bu kitabın bir mühüm cəhəti də hadisələri aydınlığı ilə təqdim etmək, rəvan bir təhkiyə üslubunda oxucuya çatdırmaqdan ibarətdir. Bu kitabda həm də “Universitet tarixinin ən mühüm hadisələri”, “İstifadə olunmuş ədəbiyyat”, “Ad göstəricisi” başlıqları ilə materialların verilməsi oxucuya yardım göstərmək, onun fəaliyyətinin səmərəliliyinə imkan yaratmaqdan ibarətdir.
Bu salnamə Bakı Dövlət Universitetinin bir əsrlik ömrünə sadəcə güzgü tutmaqla öz missiyasını bitirmir. O həm də paralellərin, müqayisələrin fonunda analitik yanaşmalar edir, oxucunun Bakı Dövlət Universitetinin nümunəsində təhsil düşüncələrinə təsir göstərərək onu da yaradıcı olmağa, fəallıq göstərməyə sövq edir.

Ənvər ABBASOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
Əməkdar müəllim

Oxşar xəbərlər