BDU: “Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda elmi konfransın materialları kitab şəklində çap olunub

BDU: “Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda elmi konfransın materialları kitab şəklində çap olunub Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “Nizami dühası ümumbəşəri dəyərdir” mövzusunda keçirilmiş respublika elmi konfransının materialları kitab şəklində çap edilib.
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov kitabda yer almış giriş sözündə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsini klassik ədəbi irsimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımızın və mədəniyyətimizin, görkəmli mütəfəkkirlərin tanıdılmasına dövlətimizin göstərdiyi diqqət və qayğının əməli ifadəsi olduğunu qeyd edib. Vurğulanıb ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Onun xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyur.
Kitabda BDU-nun professoru Şəkər Məmmədova, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, AMEA-nın Folklor İnstitutunun dosenti İlhamə Qəsəbova, filologiya üzrə fəlsəfə doktoru Yadigar Əliyev, dosent Cavid Bağırzadə, pedaqogika üzrə fəlsəfə doktoru Sabirə Bayramova, AMEA-nın Gəncə bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və başqalarının Nizami irsinə dair məruzələri verilib. Ümumiyyətlə, kitabda konfransın 4 bölməsi üzrə 104 müəllifin məruzəsi yer alıb.
Məruzələrdə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti vurğulanıb.

Tehsil-press.az

Oxşar xəbərlər