“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsinin rəsmi açılışı olub

“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsinin rəsmi açılışı olub Avropa İttifaqının maliyyələşdirdiyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsinin rəsmi açılışı olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihənin dövlət qulluğu sistemindəki islahatlara verəcəyi töhfələr, DİM-in dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsi, davamlı peşəkar inkişaf və fərdi karyeranın planlaşdırılması üzrə imkanlarını necə inkişaf etdirəcəyi barədə danışıb. O, DİM ilə Avropa İttifaqı arasındakı digər əməkdaşlıq layihələrindən də söhbət açıb. Bu baxımdan “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” (2018-2019-cu illər, tvininq), “Dövlət qulluğunda elektron işə qəbula dəstəyə dair praktik məşğələ” (TAIEX), “Xüsusi ehtiyacı olan şəxslər üçün imtahanların əlçatanlığına dair təlim səfəri” (TAIEX), “E-markinqin tətbiqi üzrə ekspert missiyası” (2017, TAIEX), bu günədək davam edən “Daxili nəzarət sisteminin həyata keçirilməsi” (SIGMA), “Dövlət qulluğunda səriştə modelinin təsdiqlənməsi” (SIGMA) layihələrini qeyd edib.
Məleykə Abbaszadə “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsinin məqsədlərindən də danışıb. Bildirib ki, dövlət qulluğunun idarə edilməsində DİM-in potensialının gücləndirilməsi, digər dövlət orqanlarının insan resurslarının idarə edilməsi sahəsindəki potensialının gücləndirilməsi, insan resurslarının idarə edilməsi və dövlət qulluğunun idarə edilməsində rəqəmsallaşmaya töhfə vermək layihənin məqsədləri sırasındadır. Bu sıraya, həmçinin qanunvericilik bazasına düzəlişlərin təklif edilməsi, səriştə əsaslı qiymətləndirməyə uğurlu keçid üçün praktiki vasitələrin hazırlanmasına töhfə vermək, dövlət qulluğu sistemində insan resurslarının idarə edilməsini təkmilləşdirmək də daxildir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Avropa İttifaqında dövlət islahatları sahəsində 2019-cu ildən bəri regionda çoxlu layihələr həyata keçirilib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu layihələr haqqında yaxşı məlumatlıdır. DİM ilə əməkdaşlığı yüksək qiymətləndirirəm. Bu gün başlanan layihə insan kapitalının artmasına kömək edəcək. Ümidvaram ki, bu layihə çox faydalı platforma olacaq.
Tədbirdə çıxış edən Dövlət Qulluğunun İdarəetmə Şurasının üzvü, Milli Məclisin deputatı Nizami Səfərov ölkədə bu sahədə həyata keçirilən islahatların vacibliyini vurğulayıb və DİM-in qeyd olunan istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan Respublikası Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli platformalarda həyata keçirilir. Əlbəttə ki, ölkəmiz üçün prioritet olan ikitərəfli platformadır. Lakin buna baxmayaraq çoxtərəfli platformalar çərçivəsində də həm Avropa İttifaqı, həm Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, müxtəlif problemlər üzrə yol xəritələrinin hazırlanması önəmli yer tutur. Bu gün rəsmi açılışı keçirilən layihə, ümumilikdə onun maliyyə əsaslarını, komporativ xarakterini nəzərə alaraq Azərbaycanda dövlət qulluğunun inkişafı üçün, onun səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Ümidvaram ki, bu layihədə nəzərdə tutulan məsələlər və prioritetlər həyata keçiriləcək. Beləliklə də Azərbaycanda dövlət qulluğunun inkişafında yeni mərhələyə addım atmağa imkan verəcək.
Daha sonra tədbirdə DİM-in əməkdaşları və beynəlxalq ekspertlər tərəfindən təqdimatlar olub.
DİM-in Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Azərbaycan Respublikasında dövlət qulluğu: cari vəziyyət, çağırışlar, islahatlar” mövzusunda təqdimat edib.
Ekspert komandasının rəhbəri, dövlət qulluğu islahatları və insan resurslarının idarəedilməsi üzrə ekspert Edvardas Zukauskas layihənin məzmunu və əsas aspektlərini diqqətə çatdırıb.
DİM-in Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov “Qiymətləndirmə alətlərinin diversifikasiyası dövlət qulluqçularının seçilməsi prosesinin keyfiyyətinin artırılması və peşəkar inkişafı üçün yeni standartların tətbiqində bir üsul kimi” mövzusunda təqdimat edib.
İşə qəbul, yüksəliş və fəaliyyətin idarəedilməsi üzrə ekspert Gülzar Quliyeva dövlət qulluğunda səriştə əsaslı təlimlərin keçirilməsindən danışıb.
İRİ rəqəmsallaşdırma üzrə ekspert Süleyman Vəzi dövlət qulluğunda informasiya texnologiyaları sahəsindəki innovasiyaları diqqətə çatdırıb.
Sonda layihənin meneceri, DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn layihə çərçivəsində həyata keçirilən və planlaşdırılan işlərdən bəhs edib.
Xatırladaq ki, dövlət qulluğu sistemində dayanıqlı islahatların aparılması məqsədilə DİM 2022-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə iki illik “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi təşkilati strukturu və texniki bazanı gücləndirməklə “Azərbaycan Respublikasında 2019-2025-ci illər üçün Dövlət Qulluğunun İnkişafı Strategiyası”nın həyata keçirilməsinə töhfə verməkdir. PROMAN şirkəti və beynəlxalq konsorsium tərəfindən icra edilən layihə Avropa İttifaqının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Tehsil-press.az



Oxşar xəbərlər