Neft və Sənaye Universiteti: “Pro-Academy” təlim-tədris mərkəzinin açılışı olub

Neft və Sənaye Universiteti: “Pro-Academy” təlim-tədris mərkəzinin açılışı olub Azərbaycanın ən böyük kibertəhlükəsizlik müəssisələrindən biri olan “Prosol” şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə layihəsi olaraq ərsəyə gələn “Pro-Academy” təlim-tədris mərkəzinin açılış mərasimi keçirilib.
“Pro-Academy”nin əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli və milli kadrların hazırlanması, gənc mütəxəssislərin, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının daha da artırılmasıdır. Kibertəhdidlər həm fərdlər, həm şirkətlər, həm də dövlətlər üçün ciddi fəsadlar yaradır. Getdikcə daha təhlükəli hal alan bu tendensiya ölkələrin yarana bilən təhdidlərə qarşı öz müdafiə potensialını formalaşdırmasını şərtləndirir. Bu mənada, Azərbaycanda da yüksək biliyə və təcrübəyə sahib olan mütəxəssislərin hazırlanması əhəmiyyət kəsb edir.
“Prosol” şirkəti və ADNSU tərəfindən yaradılan akademik mərkəz də məhz bu ümdə ehtiyacın təbii nəticəsi kimi ortaya çıxıb. Mərkəz öz tələbələrinə kiberhücum, kibermüdafiə, kiberaraşdırma və qiymətləndirmə, kibersiyasət, qaydalar və prosedurlar və s. kimi aktual istiqamətlərdə təhsil verəcək. Onu da qeyd edək ki, “Prosol” şirkəti sahib olduğu Kiber Təlim Mərkəzində son bir ildə təmənnasız əsasda 50-ə qədər kiberanalitik və mütəxəssis hazırlayıb.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı çıxış edərək, kibertəhlükəsizliyin ölkəmizdə böyük əhəmiyyət kəsb etdiyini və akademiyanın əsas məqsədinin Azərbaycanın gələcəyinə xidmət edəcək yüksəkixtisaslı mütəxəssislərin hazırlanması olduğunu deyib.
Sonra “Pro-Academy” şirkətinin həmtəsisçisi və rəhbəri Babək Ağayev, İsrail Baş nazirinin sabiq müavini, sabiq müdafiə naziri Moşe Ya’alon, İsrailin “See Security” kiberakademiyasının təsisçisi və rəhbəri Avi Vaysman rəqəmsal dövrdə kibertəhlükəsizliyin rolu, bu sahədə Azərbaycan və İsrailin ortaq maraqları barədə çıxış ediblər.
“Prosol” şirkətinin Kiber Təlim Mərkəzindən yetişmiş və hazırda şirkətin aparıcı mütəxəssisləri olan ADNSU tələbələrinin uğur hekayələri, “Pro-Academy” təlim mərkəzində təhsil alacaq 55 tələbədən ikisinin gözləntiləri və fikirləri dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər