“Heydər Əliyev xatirələrimdə ...” – məqalə

“Heydər Əliyev xatirələrimdə ...” – məqalə Azərbaycanın tarixində XX əsrin son 30 ili və XXI əsrin başlanğıcı xüsusi yer tutur. XX əsrin son qərinəsində iki müxtəlif ictimai-siyasi quruluş mərhələsi keçən Azərbaycanın tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Dərin zəka sahibi, müdrik insan, böyük öndər Heydər Əliyevin görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyini xilas edib möhkəmləndirən və inkişaf etdirən müdrik rəhbər kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir.
Ulu Öndər 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının, 1993-cü ildən isə müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi peşəkar siyasətçi, dünyaşöhrətli dövlət və ictimai-siyasi xadim kimi tanınıb.
Bir ziyalı Azərbaycan xanımı, tarixçi-alim, pedaqoq, ictimai xadim kimi xoşbəxtəm ki, mən həm sovet dönəmində, həm müstəqillik illərində qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevin bilavasitə seçdiyi, irəli çəkdiyi kadrı olmuşam və onun ideyalarına sədaqətlə xidmət etmişəm.
Bu fikirlər Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovanın “Heydər Əliyev xatirələrimdə...” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Dahi şəxsiyyət Heydər Əliyevlə ilk görüşüm yaxşı xatirimdədir. 1981-ci il oktyabrın 10-da Respublika sarayında o böyük insan qarşısında mənə, 18 yaşında tələbə-qıza çıxış etmək şərəfi nəsib olmuşdu. Tarix fakültəsinin II kursunda oxuyurdum, əlaçı tələbə idim. O vaxt bizi Ağsu rayonuna pambıq yığımına göndərmişdilər. Başçılıq etdiyim dəstə respublikanın bütün ali məktəbləri arasında birinci yeri tutmuşdu. Qayıdandan sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə çağırıb dedilər ki, sabah Ümumittifaq Kənd Təsərrüfatı Gününə həsr olunmuş ümumrespublika müşavirəsində çıxış etməlisən. Həmin müşavirədə o zaman kənd təsərrüfatı naziri Məmməd Əsgərov, Xalq şairi Bəxtiyar Vahabzadə və Azərbaycan gəncləri adından mən çıxış etdim. Mərkəzi Komitənin I katibi Heydər Əliyev məni diqqətlə dinləyirdi və hiss etdim ki, çıxışım onun böyük marağına səbəb olub. Çıxışımdan sonra fəaliyyətimlə maraqlandı. Həmin gün həyatımda dönüş mərhələsi oldu.
O zamandan etibarən mənim zəngin ictimai fəaliyyətim başlandı. Məhz Heydər Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə hələ sovet dönəmində irəliləyən, inkişaf edən gənclərdən biri kimi, ölkə və ittifaq səviyyəli bir çox mötəbər yığıncaqlarda iştirak etmişəm. Azərbaycan Respublikası Həmkarlar İttifaqının XVI, XVII və SSRİ Həmkarlar İttifaqının XVII, XVIII qurultaylarının nümayəndəsi seçilmişəm. 1982-1987-ci illərdə SSRİ Həmkarlar İttifaqının Mərkəzi Təftiş Komissiyasının, Rəyasət Heyətinin üzvü olmuşam, Azərbaycanı İttifaq səviyyəsində təmsil etmişəm. Bu, mənim üçün zəngin təcrübə məktəbi oldu. Bunun bünövrəsini böyük tarixi şəxsiyyət, dahi insan Heydər Əliyev qoymuşdu.
Hələ sovet dövründə Heydər Əliyevin timsalında gənclərə daim qayğı göstərildiyinin canlı şahidi olmuşam. Bu görkəmli şəxsiyyətin bilik və bacarığı məndə heyrət doğururdu. Azərbaycanın müstəqilliyin mövcudluğu şəraitində də Ulu Öndər Heydər Əliyevin diqqətini hər zaman üzərimdə hiss etmişəm. Ümumiyyətlə, Heydər Əliyev nadir ölkə başçılarındandır ki, özünün bilavasitə təşəbbüsü ilə seçdiyi kadrları hər zaman diqqət mərkəzində saxlayırdı.
Bakı Dövlət Universitetinə Qırğızıstanın Prezidenti Askar Akayev gələndə Ulu Öndərin çıxışını qonağa sinxron şəkildə Azərbaycan dilindən rus dilinə tərcümə edirdim. Mərasim sona çatanda zalın səhnəsində tədbir iştirakçılarının qarşısında Ulu Öndər Heydər Əliyev mənimlə görüşdü və dedi:
- Mən səni tanıdım. Sən həmin tələbə qızsan ki, Respublika sarayında Kənd Təsərrüfatı Gününə həsr edilmiş ümumrespublika toplantısında çıxış etmişdin, sənin gözəl natiqlik qabiliyyətin var. Bacarıqlı, qoçaq qızsan. İndi harada işləyirsən?
- Universitetin dosentiyəm, cənab Prezident! - deyə cavab verdim.
Heydər Əliyev: -Sən tələbəlik illərindən mənim irəli çəkdiyim kadrsan. Sənə uğurlar arzu edirəm, - deyərək bizimlə sağollaşdı.
Görkəmli dövlət və siyasi xadim Heydər Əliyevlə sonrakı görüşüm 1998-ci ildə baş verdi. Belə ki, mənə xalqımızın böyük və qəhrəman oğlu Heydər Əliyevin qarşısında yenidən çıxış etmək nəsib oldu. Respublika sarayının kürsüsündən 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 6-cı ildönümünə həsr edilmiş təntənəli yığıncaqda Azərbaycan qadınları adından çıxış etdim.
Hər zaman çalışmışam ki, Azərbaycanın ictimai siyasi həyatında fəal mövqeyimlə seçilim, Azərbaycan dövlətçiliyinin inkişafında öz xidmətlərimi göstərim. 1999-cu ildən 2021-ci ilə qədər Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetində YAP Qadınlar Şurasının sədri olmuşam, 2014-cü il fevral ayından YAP-ın Humanitar Məsələlər üzrə Komissiyasının sədr müavini, 2014-cü ilin may ayından isə Respublika üzrə YAP Qadınlar Şurasının və İdarə Heyətinin üzvü seçilmişəm. 2000-ci il noyabr ayında Milli Məclisə seçkilərdə YAP-ın proporsional sistem üzrə siyahısında namizədliyim irəli sürülüb.
2002-ci ildə isə Ulu Öndər Heydər Əliyev məni iki dəfə qəbul etdi - avqustun 6-da və 7-də. Heydər Əliyevin qəbulunda olduğum vaxt o müdrik insanla olan ünsiyyət həyatımın ən dəyərli səhifələridir. Qəbuluna gedəndə düşünürdüm ki, ayağım tutular, nitqim kəsilər. Lakin Heydər Əliyevin kabinetinə daxil olan kimi yüksək səmimiyyətlə qarşılaşdım. O, atalıq nəvazişi göstərərək məni qəbul etdi, diqqətlə dinlədi, suallar verdi, maraqlı fikir mübadiləsi apardıq. Sözün əsl mənasında iki tarixi gün yaşadım!
O böyük insan məni 2002-ci il avqustun 7-də təhsil nazirinin müavini təyin etdi. Bu vəzifədə 2002-2011-ci illərdə fəaliyyət göstərdim. Çalışdım ki, qüdrətli tarixi şəxsiyyətin mənə göstərdiyi etimadı doğruldum. Heydər Əliyevin yürütdüyü siyasəti, onun nurlu, işıqlı ideyalarını təhsil sistemində həyata keçirə bilim. Xoşbəxtəm ki, XX əsrin dahi siyasətçisi Heydər Əliyevlə bir neçə dəfə şəxsi ünsiyyətdə olmuşam, onun bilavasitə təşəbbüsü ilə dövlət vəzifəsinə irəli çəkilmişəm.
Fəxr edirəm ki, hələ Heydər Əliyevin sağlığında, onun xeyir-duası ilə Azərbaycanda ilk dəfə “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı doktorluq dissertasiyasını ərsəyə gətirib müdafiə etmişəm. Bu doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti - Əliyevşünaslıq elminin əsası qoyulmuşdur. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin bilavasitə fəaliyyətinə həsr edilmiş bir sıra elmi monoqrafiyaların və dərsliklərin müəllifiyəm.
Əslində XX əsrin ikinci yarısının bütöv bir mərhələsi və XXI əsrin əvvəlləri tarixşünaslığımızda Heydər Əliyev epoxası kimi dərk olunur və qəbul edilir. Heydər Əliyevin Azərbaycan tarixində rolunun, mövqeyinin öyrənilməsi artıq bir tarixi zərurət kimi qarşıda dururdu. Lakin mən bu mövzuya müraciət etdiyim zaman Heydər Əliyevin zəngin dövlətçilik və siyasi fəaliyyətinin elmi cəhətdən araşdırılması xüsusi elmi-tədqiqat obyekti olmamışdı.
Bu problem üzərində işləmək üçün Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdən xeyir-dua aldığım dissertasiya işini tamamlayıb müdafiəyə təqdim edərkən belə bir həqiqəti dərk etdim ki, Heydər Əliyev irsi dəryadır, ucu-bucağı görünməyən ümmandır, qiymətli xəzinədir, əbədiyaşar milli dəyər, ümumxalq sərvətidir. Xalqımızın milli sərvəti olan bu zəngin xəzinənin öyrənilməsi yolunda böyük iftixar və məmnunluq hissi üzərində çalışdığım və müdafiə etdiyim işin başlıca məqsədi müstəqil Azərbaycan Respublikasının yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin tarixi rolu və fəaliyyətinin əsas istiqamətlərini tarixi faktlar və zəngin arxiv materialları əsasında müəyyənləşdirməkdən ibarətdir.
Heydər Əliyevin zəngin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş doktorluq dissertasiyamda və bir sıra ona həsr edilmiş elmi monoqrafiyalarımda Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət arxivlərindən, o cümlədən Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, Dövlət Təhlükəsizlik Xidmətinin və digər qurumların arxivlərindən istifadə etmişəm. Tədqiqatlarımda tarixşünaslıqda ilk dəfə tərəfimdən elmi dövriyyəyə Heydər Əliyevin şəxsi arxivi daxil edilib. Sözsüz ki, Heydər Əliyevin mənə etibar etdiyi şəxsi arxivi tədqiqatlarımı daha da zənginləşdirib və çoxşaxəli edib. Elmi araşdırmalarımda Heydər Əliyevin 1941-ci ildən 2003-cü ilədək fəaliyyəti əhatə olunur və onun siyasi, dövlətçilik fəaliyyətinin bütün dövrləri kompleks və sistemli şəkildə təhlil olunur, ümumiləşdirilir və elmi cəhətdən əsaslandırılır.
Bu gün də Əliyevşünaslıq elminin, elmi məktəbin inkişafı sahəsində yorulmadan çalışır, yeni araşdırmalar aparır, gənc elmi kadrların hazırlanması üçün əlimdən gələni əsirgəmirəm. Bu istiqamətdə elmi rəhbərliyimlə bir neçə fəlsəfə doktoru və elmlər doktoru adını almaq üçün dissertasiyalar müdafiə edilib. Əliyevşünaslıq elmi məktəbi hər zaman inkişaf edəcək və yeni ideyalarla, yeni tədqiqatlarla daima zənginləşəcək.
Heydər Əliyevin bitib-tükənməyən intellekti, geniş dünyagörüşü, analitik düşüncə tərzi, zəngin təcrübəsi, dərin təfəkkürü, müdrikliyi daim yol göstərir, sözün əsl mənasında yolumuzu nurlandırır. Ulu Öndərin milli təəssübkeşliyi, insanlara qayğısı, Vətənə sevgisi, xalqına bağlılığı, dövlətçiliyimiz üçün çətin dönəmdə qətiyyəti, taleyüklü anlarda həyatını təhlükəyə qoyaraq ölkənin xilası naminə tarixi qərarlar qəbul etməsi və Azərbaycan tarixində xilaskar missiyasını yerinə yetirmək kimi şərəfli vəzifəni həyata keçirməsi, ən çətin şəraitdə ən düzgün çıxış yolu tapmaq bacarığı Ulu Tanrı tərəfindən ona bəxş edilən ilahi vergi idi.
Fəxr edirəm ki, mən Heydər Əliyevin böyük təcrübə, həyat məktəbini keçmişəm və bu məktəbin yetirməsiyəm! Bu, elə bir məktəbdir ki, orada həyatın boyu usanmadan öyrənirsən, cəmiyyət və özün üçün faydalı olan vacib mətləbləri hasil edirsən, milli-mənəvi, əxlaqi dəyərlərə yiyələnirsən, real həyatda bu yüksək ideyaların gerçəkləşməsinin canlı şahidi olursan. Bütün şüurlu həyatım boyu Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etmək amalları ilə yaşamağı özümə mənəvi borc bilmişəm. Heydər Əliyevin həyat və fəaliyyəti hər bir insan üçün örnəkdir.
Qürur duyuram ki, xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik və siyasi fəaliyyətinin ilk tədqiqatçısı, onun xeyr-duası ilə və hələ sağlığında ərsəyə gələn fundamental elmi-tədqiqat əsərinin ilk doktorluq dissertasiyasının müəllifiyəm.
Mən Azərbaycanımızın gələcəyinə qətiyyətlə inanıram. Ona görə ki, bu gün dövlətimizin başında Heydər Əliyev ideyalarının yüksək səviyyədə gerçəkləşdirən, onun ocağından bəhrələnən, siyasi kursunu layiqincə davam etdirən, Heydər Əliyevin işıqlı, nurlu ideyalarının daşıyıcısı olan, Azərbaycan dövlətçiliyinin keşiyində duran, ərazi bütövlüyümüzü təmin edən bacarıqlı, peşəkar, qüdrətli lider - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev durur!

Tehsil-press.az

Oxşar xəbərlər