AzMİU-da “Macarıstanın tarixi və memarlıq irsi” adlı sərgi açılıb

AzMİU-da “Macarıstanın tarixi və memarlıq irsi” adlı sərgi açılıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” fotolayihəsi çərçivəsində “Macarıstanın tarixi və memarlıq irsi” sərgisi açılıb.
İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilən sərgidə professor-müəllim heyəti, tələbələr və Macarıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək fotosərginin fərqli memarlıq nümunələrini öyrənmə və təbliğ etmə baxımından önəmli olduğunu qeyd edib. Azərbaycan-Macarıstan dostluq və diplomatik əlaqələrindən, mədəniyyətlərin bənzərliyindən danışan rektor Macarıstan memarlığının özünəməxsusluğuna diqqət çəkib. O, təqdim olunan fotoların sərgi iştirakçılarının, xüsusilə tələbələrin bu ölkə ilə bağlı daha çox məlumat əldə etməsinə şərait yaradacağını vurğulayıb.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma sərgiyə görə universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirib, bu tip tədbirlərin ölkələrimiz arasındakı əlaqələri gücləndirdiyini qeyd edib.
Aydın Sadıxov AzMİU rəhbərliyinə və səfirə, eləcə də digər qonaqlara təşəkkür edib və sərgidə nümayiş olunan əsərlərlə bağlı məlumat verib.
Sərgidə Macarıstanın zəngin mədəni və tarixi irsi fotokompozisiya şəklində təqdim olunub. Fotosərgidə Avropanın ən maraqlı və heyrətamiz gözəl ölkələrindən biri olan Macarıstanın mistik əfsanələri ilə dolu qəsrləri və qalaları, sarayları və təkrarolunmaz arxitekturası əks olunub.
Macarıstan Memarlıq Muzeyinin kuratoru Eszter Baldavari sərgi ilə tanışlıqdan sonra təqdimat keçirib. Təqdimatda Macarıstan memarlığının əsrlər boyu necə dəyişdiyinə qısa nəzər salınıb və ölkənin binalarının özünəməxsus xüsusiyyətləri haqqında məlumat verilib. Təqdimat zamanı, həmçinin memarlıq mühitinə təsir edən tarixi hadisələrə də toxunulub.

Tehsil-press.az



Oxşar xəbərlər