ATMU-nun əməkdaşı Həştərxanda beynəlxalq konfransda çıxış edib

ATMU-nun əməkdaşı Həştərxanda beynəlxalq konfransda çıxış edib Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Rusiyanın Həştərxan vilayətində keçirilən “Xəzər makroregionunun kompleks təhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda ATMU-nu təmsil edib.
“Dəyişən dünyada beynəlxalq təşəbbüslər” adlı bölmə iclasında N.Quliyevin mentor-tələbə mövzusunda çıxışı maraqla qarşılanıb. ATMU-nun əməkdaşı, eyni zamanda, “Xəzəryanı regionların dayanıqlı inkişaf prioritetləri və yeni imkanlar”, “Xəzəryanı ölkələrdə milli çərçivələr daxilində ali təhsilin beynəlmiləlləşdirilməsi” adlı plenar sessiya və panel-müzakirələrdə iştirak edib, beynəlxalq ekspert-analitik mərkəzində keçirilən tədbirə qatılıb.
Həştərxan Dövlət Universitetinin rektoru Konstantin Markelov ölkəmizin təmsilçiləri ilə görüşdə “Xəzər beşliyi” ittifaqı çərçivəsində Xəzər sahilinin perspektiv istirahət zonalarının müəyyənləşdirilməsini şərtləndirən ekspedisiyaların təşkili, dəniz suyundan illik istifadə qaydalarının tərtibi, turizm mütəxəssislərinin hazırlığı prosesində Xəzəryanı ölkə universitetləri platformasında birgə işçi qrupların yaradılması, vahid informasiya bazasının təşkili üzrə elmi-metodik mərkəzin yaradılması, müxtəlif elmi istiqamətli müştərək monoqrafiyaların hazırlanması məsələləri müzakirə olunub.
Beynəlxalq konfransda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, həmçinin Türkmənistan, Qazaxıstan, Özbəkistan, İran və Rusiyadan nümayəndələr iştirak ediblər.

Tehsil-press.az






Oxşar xəbərlər