Memarlıq və velosiped: Bakıdan Kopenhagenə baxış – müsahibə

Memarlıq və velosiped: Bakıdan Kopenhagenə baxış – müsahibə Bir neçə gün öncə Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının (BMİ) təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresi keçirilib. Konqresdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliya Əliyeva və Memarlıq fakültəsinin tələbələri Leyli Əfəndiyeva, Jalə, Ayməsey Qafarzadə, Ramid Səlimov təmsil ediblər.
135 ölkədən 6000-dən çox iştirakçının qatıldığı konqresdə tanınmış tədqiqatçılar və elm adamları iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyi artırmaq və sosial inklüzivliyin təşviqi üçün yeni memarlıq həlləri, dizayn yollarını axtarıblar.
Ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində müəllim və tələbələrin təmsil olunması Azərbaycanın memarlıq üzrə təhsil sferasına necə təsir edəcək? Mövzu ilə bağlı konqresdə iştirak edən tələbələr təəssüratlarını bölüşüblər.
Ramid Səlimov: Konqres çox maraqlı təşkil olunmuşdu. Orada Anna Dison, Billi Fleminq, Hans Yoaxim Şelnhuber, Karlos Moreno və digər məşhur memarlar çıxış etdilər. Mənim üçün ən maraqlı və yadda qalan Bjarke İngelsin çıxışı idi. Onun düşüncələri mənim üçün faydalı və informativ xarakter daşıyırdı. Məsələn, onun fikrincə, memarlar dəbi keçmiş qalıqlara uyğunlaşmaq üçün özlərini məcbur etmək əvəzinə, keçmişə istinad edib həqiqətən yaşamaq istədiyimiz yerlər yaratmağı bacarmalıdırlar. Bjarke İngelsin digər bir maraqlı fikri isə bu oldu ki, memarlıq yalnız xüsusi bir qrup üçün deyil, hamı üçün olmalıdır. Dizaynerlər təcrid olunmuş bir sənət növü kimi mövcud olmaqdansa, cəmiyyət üçün faydalı əsərlər yaratmağı bacarmalıdırlar.
Jalə Abuşova: Konqres çox yüksək səviyyədə təşkil olunmuşdu. Maraqlı mühazirələr, sərgilər – hamısı möhtəşəm idi. İnsanlar interaktiv şəkildə iştirak etdilər. Fikrimcə, bu səfər zamanı gördüklərimiz, öyrəndiklərimiz həm mənim, həm yoldaşlarımın gələcək fəaliyyətinə təsirsiz ötüşməyəcək.
Leyli Əfəndiyeva: Bizə deyiləndə ki, belə bir konqres olacaq və müəyyən tələbələr aparılacaq, mən maraqlanmağa başladım. Öyrəndim ki, konqresin ilk spikeri mənim ən sevdiyim memar Bjarke İngels olacaq. Onu canlı izləmək və dinləmək çox xoş idi, biz hətta onun kitabını da aldıq.
Jalə Abuşova: Konqresdə iştirak etmək hüququnu qazanmaq çətin oldu. Müraciət edənlər çox idi. Tələbələr arasından ortalama balı yüksək olanlar seçildi. Daha sonra ingilis dilində müsahibə təşkil olundu. Müsahibədə beynəlxalq təcrübənin hansı səviyyədə olması, konqresdə iştirak etmə istəyimizin səbəbi və s. kimi suallar verildi.
Ayməsey Qafarzadə: Mən bu tədbiri çoxdan gözləyirdim, eşidəndə ki, bizim üçün konqresdə iştirak etmək şansı yaranıb, bu, məni çox sevindirdi. Nə yaxşı ki, belə bir beynəlxalq konqresdə iştirak etmək hüququ qazandım. Konqresdə diqqətimi çəkən “Leave No One Behind” şüarı idi. Bu şüar əslində bütün şəhərlərdə, yaşayış məntəqələrində artan, xüsusən də iqlim və münaqişə böhranları nəticəsində yaranan mövcud bərabərsizlik problemlərinə diqqət çəkir.
Diqqətimi cəlb edən çıxışlardan biri isə Hans Yoaxim Şelnhuberin ekologiya ilə bağlı çıxışı oldu. O, qlobal istiləşmədən danışdı. Bildirdi ki, qlobal istiləşmə ildən-ilə artır. Dünya statistikasına görə, bu il temperatur 4 dərəcə yüksəlib, əslində bu çox böyük bir rəqəmdir. Bir dərəcə temperaturun böyük artımı kimi görünməyə bilər, lakin minlərlə insan üçün bu, həyat və ölüm arasındakı fərqdir. Əslində insanların çoxu bu haqda fikirləşmir, ancaq memarlığın da bu məsələyə çox böyük təsiri var. Bu səbəbdən memarlıqda davamlılığı təmin etmək lazımdır. Beləliklə, dizaynda enerji və resurs səmərəliliyi ön plana çıxır. Tikinti xərcləri ən aşağı, enerji və resurs səmərəliliyi ən yüksək səviyyədə saxlanılmalıdır. Materialın isə uzun müddət yararlı vəziyyətdə qalması ön planda tutularaq dizayn edilməlidir.
AzMİU-nun müəllimi Fərid Kərimov: Çox gəzən çox görər, çox bilər. Memarlıq elə bir sahədir ki, burada görmək, gəzmək çox önəm daşıyır. Bunlar hər biri memarın işində özünü göstərir. Bu nüansları nəzərə alsaq, konqresin əhəmiyyəti biz memarlar üçün çox böyükdür. Bizim müəllim heyətinin konqresdə əldə etdiyi bilikləri sonra gəlib tələbələrə çatdırması çox vacib bir məsələdir. Bu baxımdan AzMİU rəhbərliyinə təşəkkürümü bildirirəm ki, müəllim və tələbələrimizin orada iştirakını təmin etdi. Digər tərəfdən, orada yer alan panel çıxışlar həddən artıq maraqlı idi. Toxunulan mövzular günümüzlə səsləşir, memarlığın bir çox sahələrlə birgə inkişaf etdirilməsi məsələlərinə toxunulurdu. Məndən öncə də tələbələrimiz bu barədə danışdılar. Panel çıxışlar, konqresin mövzuları həddən artıq çox idi. Panel çıxışlar paralel şəkildə getdiyindən biz hamısında iştirak edə bilməsək də bacardığımız qədər qatılmağa çalışdıq. Əlavə olaraq konqresin təşkil etdiyi turlar var idi. Biz onun birində iştirak edə bildik.
Tələbələrimizlə birgə Danimarka memarlıq və dizayn muzeylərində olduq. Tarixi abidələri, tarixi məkanları gəzdik, bunlar tələbələrimiz üçün maraqlı idi. Bu bizim gələcək fəaliyyətimizdə mühüm əhəmiyyət kəsb edə bilər. Bir müəllim kimi tələbələrlə bir yerdə bu səfərdə olmağım xoş duyğular yaratdı. Tələbələrimizin konqresdə iştirakından razı qaldım. Onlar çalışdılar ki, bu fürsətdən maksimum yararlansınlar, daha çox görsünlər, bilik əldə etsinlər, öz sahələrində olan yenilikləri öyrənsinlər. İnanıram ki, konqres tələbələrimizin öz sahələrində bilik və bacarıqlara yiyələnməsində əhəmiyyətli rol oynadı. Düşünürəm ki, tələbələrimiz orada gördüklərini, müşahidə etdiklərini öz qrup yoldaşları, memar dostları ilə də bölüşəcəklər. Onlar üçün bunun böyük faydası olacaq.
Konqresdə müzakirə olunan məsələlərdən nələr daha çox diqqətinizi cəlb etdi? Sizcə, Bakıda müasir memarlıq adı altında nələr etmək olar?
Ayməsey Qafarzadə: Biz Kopenhagendə hava limanından çıxanda havanın çox təmiz olduğunu müşahidə etdik. Bu mənə çox maraqlı gəldi. Öyrəndim ki, əsas səbəb bütün nəqliyyat vasitələrinin – maşınlar, tramvaylar və metroların elektriklə işləməsidir. Fabriklərin hamısında filtrlər var. Həmin fabriklər atmosferə karbon ötürmür. Sevinirəm ki, bu texnologiya hazırda ölkəmizdə də var. “Təmiz Şəhər”in Balaxanıda açdığı və yüksək texnologiyalarla işləyən fabrikləri Danimarkadakı fabriklərlə eyni prinsiplə işləyir.
Leyli Əfəndiyeva: Dayanıqlılıq, davamlılıq önəmli bir mövzudur. Tək memarlıqda deyil ümumilikdə bütün sahələrdə. Çünki hazırda dünyanın üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişikliyi ilə bağlıdır. Dayanıqlılıq bununla mübarizə aparan əsas üsullardandır. Biz öyrəndik ki, daha çox dayanıqlılığı memarlıqda tətbiq etmək lazımdır. Bunun üçün daha az enerji sərfiyyatlı inşaat məmulatlarından istifadə etmək vacibdir.
AzMİU-nun müəllimi Fərid Kərimov: Velosipedləri unutmaq olmaz, velosipedlərdən istifadə artıq dövlətin bir siyasətinə çevrilib. Konqresdə də qeyd edildi, 1960-cı il Kopenhagen şəhəri və bugünkü Kopenhagenin şəkilləri yan-yana qoyuldu. Eyni küçənin vəziyyəti gözlər önünə gətirildi. Neçə illərin siyasəti nəticəsində həmin küçələr bu gün boşalıb. Maşınları velosipedlər əvəz edir. Ekologiyanı qorumaq məqsədilə velosipedlər üçün cığırlar yaradılır, məkanlar ayrılır, hər kəs üz tutduğu məkana velosipedlə gedir. Hava təmizlənir, yol boşalır, insanlar təmiz hava mühitində yaşayır.
Ramid Səlimov: Şəhəri gəzəndə gördük ki, bu prosesə tək memarlar və bu sahədə işlər aparan şəxslər deyil, bürün insanlar öz töhfəsini verir. Onlar da tullantıları təmizləyir, tullantılardan nəsə dizayn etməyə çalışır. Bunu görmək bir turist kimi məni sevindirdi. Onlar bu yolla dünyaya təbiəti qoruyaq, memarlığı qoruyaq mesajı ötürürdülər.

Tehsil-press.az


Oxşar xəbərlər