Rumıniyalı mütəxəssislər ATMU-da turizm sənayesində risklər barədə mühazirə keçiriblər

Rumıniyalı mütəxəssislər ATMU-da turizm sənayesində risklər barədə mühazirə keçiriblər Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ”Erasmus+” proqramı çərçivəsində keçirilən görüşdə Rumıniyanın Aleksandru İoan Cuza Universitetinin Coğrafiya fakültəsinin nümayəndələri - Mihai Bulai və Rosu Lucian İonut akademik heyətin mübadiləsində maraqlı tərəf olduqlarını bildiriblər.
Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa ilə söhbət əsnasında universitetlərarası əlaqələrin gücləndirilməsi, müştərək proqramların təşkili, həmçinin mümkün imkanlardan istifadə məsələlərini səmərəli müzakirə predmeti kimi dəyərləndiriblər.
Rumıniyanın Aleksandru İoan Cuza Universitetinin ATMU-ya ezam olunan əməkdaşları Turizm və qonaqpərvərlik fakültəsinin bakalavr və magistrantları üçün “Turizm sənayesində risklər” mövzusunda mühazirə saatı təşkil ediblər. Dərsin keçirilməsində başlıca məqsəd təbii risklərin dünya turizminə təsir mexanizmini, iqlim dəyişikliyinin fəsadlarını, Rumıniya və Azərbaycan məkanında təbii fəlakətlər zamanı gözlənilən iqlim anomaliyalarından yaranan statistik göstəriciləri müqayisəli təhlil etmək olub. Rumıniyalı təhsil mütəxəssisləri müvafiq kursun tələbələrinə öz vətənlərində həyata keçirilən müvafiq tədbirlərin Azərbaycan ərazisində səmərəli tətbiq yollarına da münasibət bildiriblər. Beynəlxalq turizm bazarında yaranan yeni inkişaf trendləri ətrafında aparılan diskussiyalar tələbələr tərəfindən maraqla qarşılanıb.
Akademik heyətin mübadiləsi üzrə təşkil olunan tədbirin sonunda tərəfdaş universitetin əməkdaşları sertifikatla təltif olunublar.

Tehsil-press.az



Oxşar xəbərlər