AzMİU alimi tunellərin texniki vəziyyəti ilə bağlı tədqiqat və texnoloji təkliflərini təqdim edib

AzMİU alimi tunellərin texniki vəziyyəti ilə bağlı tədqiqat və texnoloji təkliflərini təqdim edib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasında elmi seminar keçirilib.
Seminar kafedranın professoru Nailə Musayevanın “Küyün kritik qiymətlərinə və onunla faydalı siqnal arasında korrelyasiyasına əsaslanan tunellərin texniki vəziyyətinin monitorinqi texnologiyaları” mövzusunda tədqiqat işinə həsr olunub.
Professor tədqiqat işində tunel konstruksiyalarında nasazlıqların baş verməsi zamanı müvafiq sensordan gələn küyləşmiş qarışıq siqnalın küyü faydalı siqnal ilə korrelyasiya edib və kritik qiymətlər alıb. Alim küyün kritik qiymətlərinə əsaslanaraq tunellərin texniki vəziyyətinin erkən monitorinqi və siqnalla küy arasındakı korrelyasiya əmsalının qiymətinə əsaslanaraq qüsurların inkişaf dinamikasını təyin etmək istiqamətində yeni texnologiyalar təklif edib.
Bildirilib ki, aparılan tədqiqat işi və təklif olunan texnologiyalar ölkəmizdəki tunellərin monitorinqi, burada baş verə biləcək problemlərin əvvəlcədən aşkar edilməsi və aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Elmi seminarın sonunda Nailə Musayeva məruzə ilə bağlı iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, AzMİU-da tədqiqat yönümlü universitet missiyasına uyğun olaraq aktual elmi-texniki, yerli və qlobal problemlərlə bağlı geniş tədqiqat işləri aparılır. Tədqiqatların nəticələri mütəmadi olaraq universitetin alimləri tərəfindən impakt faktorlu beynəlxalq elmi jurnallarda çap edilir, yerli və xarici istehsalat müəssisələrinə müxtəlif təkliflər təqdim olunur.

Tehsil-press.az


Oxşar xəbərlər