ADU-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

ADU-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb Azərbaycan Dillər Universitetində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirdən əvvəl Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Azərbaycan tarixinə adını qızıl hərflərə yazdıran dahi lider, böyük şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaqdan xilas etdiyini söyləyib. Bildirib ki, Ulu Öndərin siyasi kursunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətlə davam etdirir.
“Bu gün biz qalib xalqın nümayəndələriyik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Qalib xalqın nümayəndələri kimi hər birimiz öz işimizdə mətanətlə, ləyaqətlə çalışıb, Azərbaycanın inkişafına təkan olmalıyıq”, - deyə akademik qeyd edib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb.
Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara həmişə diqqət və qayğı göstərib.
Asif Əsgərov Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Ulu Öndər Heydər Əliyev idi.
Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Nəsimi Rayon Bələdiyyəsinin dəstəyi ilə “Ən dahi insan” filmi nümayiş olunub.
Tədbir Ulu Öndər Heydər Əliyev haqqında dünya siyasi liderlərinin fikirlərinin səsləndirilməsi ilə yekunlaşıb.

Tehsil-press.az



Oxşar xəbərlər