Akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun məzarını ziyarət ediblər.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 28 sentyabr tarixli Sərəncamı ilə ölkə səviyyəsində tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Akademik Z.Bünyadovun ölkəmizdə özünəməxsus, bir çox istiqamətləri özündə birləşdirən, universal elmi məktəb yaratdığını deyən AMEA rəhbəri bu məktəbi xarakterizə edən əsas xüsusiyyətlərin tarixşünaslığı, mənbəşünaslığı və şərqşünaslığı bir araya gətirməsi ilə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, görkəmli elm xadiminin ərsəyə gətirdiyi qiymətli əsərlər bu gün də fundamental elmi tədqiqatlara bənzərsiz örnək kimi qəbul olunur. Z.Bünyadovun “Azərbaycan Atabəylər dövləti” əsəri Azərbaycan dövlətçilik tarixinə, şəxsiyyətlərinə həsr olunmuş dəyərli elmi əsər kimi bu istiqamətdə sonrakı tədqiqatlar üçün zəmin yaradıb, tədqiqatçılara bələdçilik edib. Görkəmli alimin Özbəkistanın Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan “Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər” əsəri Azərbaycanla yanaşı, Özbəkistanda da abidə-əsər kimi yüksək qiymətləndirilir.
Akademik vurğulayıb ki, akademik Ziya Bünyadov yarım əsrdən çox bir müddət ərzində AMEA-nın inkişafına əvəzsiz töhfələr verib. O, həmçinin Milli Məclisin deputatı kimi ictimai-siyasi proseslərdə yaxından iştirak edib, dövlətçiliyimizin möhkəmləndirilməsi uğrunda Ümummilli Lider Heydər Əliyevin ideyalarını dəstəkləyib.
Sonra Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi rəhbəri, akademik Vitali Naumkinin videomüraciəti konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Akademik Ziya Bünyadovun postsovet məkanında və onun hüdudlarından kənarlarda, daha öncə isə Sovet İttifaqında görkəmli ərəbşünas olduğunu deyən akademik V.Naumkin onun Qafqazın, Yaxın Şərqin, Ərəb dünyasının orta əsrlər tarixini araşdıran böyük alim kimi şərqşünaslıq elmində xidmətlərini qeyd edib. Ziya Bünyadovun Sovet İttifaqı Qəhrəmanı kimi çətin müharibə yolunu keçdiyini deyən akademik V.Naumkin onun həm də görkəmli ictimai və siyasi xadim olduğunu, Azərbaycan xalqının milli dirçəlişində mühüm rol oynadığını qeyd edib.
Tədbirdə, həmçinin İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmid çıxış edib. O, Azərbaycan şərqşünaslıq elminin dünyada tanınmasında akademik Ziya Bünyadovun apardığı fundamental tədqiqatların böyük rolu olduğunu vurğulayıb, görkəmli alimin öz üslubu ilə şərqşünaslıq elminə yeni istiqamət gətirdiyini bildirib. Qeyd edib ki, Ziya Bünyadov Şərq ədəbiyyatına dair dolğun fikirləri ortaya qoyaraq, öz əsərlərində orta əsrlər alimlərinin Azərbaycan tarixi ilə bağlı əsərlərini tədqiqata cəlb edib.
Sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva “Elmimizin Ziya Bünyadov zirvəsi” mövzusunda məruzə ilə çıxış edib. G.Baxşəliyeva akademik Z.Bünyadovun öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq, orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanındığını, elmi dairələrin və geniş oxucu kütlələrinin rəğbətini qazandığını qeyd edib.
G.Baxşəliyeva görkəmli alimin elmi yaradıcılığının Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsrlər müəlliflərin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri istiqamətlərində inkişaf etdiyini bildirib. Z.Bünyadovun elmimizə töhfələri sırasında yer alan “Azərbaycan VII-IX əsrlərdə” kitabı barədə danışan məruzəçi monoqrafiyada akademikin xalqımızın etnogenezinə dair maraqlı fikirlərinin yer aldığını diqqətə çatdırıb. Bildirib ki, monoqrafiyada yerli türklərlə gəlmə türklərin cənubdan oğuzlarla və şimaldan qıpçaqlarla qarışması nəticəsində türkdilli azərbaycanlı etnosunun formalaşması prosesinin tamamlandığı qeyd olunub.
Akademik G.Baxşəliyeva alimin çoxsaylı qədim mənbələrə əsaslanaraq ərəblərin VII əsrdə Azərbaycana gələn zaman artıq burada türklərlə qarşılaşdıqlarını sübut etdiyini vurğulayıb.
Plenar iclasda, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı “Ziya Bünyadov – görkəmli mənbəşünas alim kimi”, Özbəkistan Milli Universiteti Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri professor Həmidulla Boltabayev “Mərkəzi Asiyanın mədəniyyəti tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında”, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin professoru Qulnoz Xalliyeva “Ziya Bünyadov və Avropa fondlarındakı Xarəzm əlyazmaları” mövzusunda məruzə ediblər.
Konfrans işini Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam etdirib.
Beynəlxalq konfransa 218 iştirakçı, o cümlədən Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan 26 alim qatılıb.
Konfransa dekabrın 21-də yekun vurulacaq.

Tehsil-press.az


Oxşar xəbərlər