Professor Musa Qasımlı: Bu hadisə xalqımızın və dövlətimizin qarşısında yeni üfüqlər açır

Professor Musa Qasımlı: Bu hadisə xalqımızın və dövlətimizin qarşısında yeni üfüqlər açır Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Azərbaycan son əsrlərdə xalqımızın tarixində rast gəlinməyən bir uğura imza atdı. Bu uğur Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün ərazisində dövlət suverenliyimizin bərqərar edilməsi ilə səciyyələnir.
Bu fikirləri Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib. O bildirib ki, 1988-ci ildən bəri xalqımızı düşündürən başlıca məsələ Ermənistanın daxili işlərimizə qarışmasını dayandırmaq, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra isə işğal edilmiş ərazilərimizi azad etmək və dövlət suverenliyini bərqərar etmək idi.
“Azərbaycanın dövlət suverenliyi haqqında sənəd qəbul edilsə də, suverenliyimiz bütün ölkə ərazisində hakim deyildi. İlk dəfə olaraq məhz Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-dan 20-dək davam edən lokal xarakterli antiterror tədbirlərində düşmən ərazimizdən qovuldu, torpaqlarımız işğaldan azad edildi və dövlət suverenliyimiz bütün ərazimizdə bərqərar edildi, bayrağımız ucaldıldı. Bu hadisə sadəcə torpaqların işğaldan azad edilməsi anlamına gəlməməlidir. Belə ki, Səlib yürüşlərindən bəri davam edən, 300 ildən çox planlaşdırılmış və yüz il bundan əvvəl süni şəkildə ərazimizdə yaradılmış qondarma bir problem kökündən həll edildi. Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümündə bu hadisə millətimizin və dövlətimizin qarşısında yeni üfüqlər açır” , - deyə Musa Qasımlı fikrini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər