Türk dünyasının Azərbaycan-Özbəkistan modeli

Türk dünyasının Azərbaycan-Özbəkistan modeli AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfzadə, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və Nizami Gəncəvi əlyazmaları şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti və dəstəyi ilə “Nizami Gəncəvi yaradıcılığında türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfransda iştirak ediblər.
“Ulu əcdadlarımızın və müasir dövlət rəhbərlərimizin açdıqları yol, müəyyənləşdirdikləri milli strateji yol xəritəsi ilə biz də qardaş Özbəkistana yola düşdük. Hər birimiz üçün önəmli olan bu səfəri olduqca önəmli edən isə Mərkəz tərəfindən bizə təyin edilən mehmanxananın Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospekt və Heydər Əliyev meydanı ilə üzbəüz olması idi. Çünki sıra ilə düzülən sadaladığımız bu yol, bu meydan dahi Nizami Gəncəvi və Əlişir Nəvaidən qidalanmaqla müasir dövrdə Azərbaycan və Özbəkistan arasında ötürücülük, qovuşduruculuq missiyasını yerinə yetirən Ulu Öndər Heydər Əliyev yoludur, ideyalarıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsləri ilə ərsəyə gələn bu meydan və prospektin sonu da milli məntiqi təfəkkür ardıcıllığı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə öz möhtəşəmliyinə qovuşur.
Səfər zamanı ilk görüşümüz Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və inspektoru Kərimulla Məmmədzadə ilə oldu. Səfərimiz çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə təşkil etdikləri “Nizami Gəncəvi yaradıcılığında türkçülük məfkurəsi” konfransında iştirak etməklə yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, xüsusilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və Əlişir Nəvai ilə bağlı beynəlxalq səviyyədə daha nələr edə bilərik müstəvisində gələcək planlar haqqında da maraqlı müzakirələr apardıq. Çünki görüşümüzün ilk anlarından şahidi olduq ki, Mərkəzin direktoru Samir Abbasovun masasının üzərindəki sənədlər, kağızlar da Prezidentin Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı müəyyənləşdirdiyi strateji yol xəritəsi ilə əhatə olunub.
Biz də öz növbəmizdə Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı imzaladığı sərəncamların işığında və Azərbaycanda Nizami Gəncəvi irsini tədqiq edən, araşdıran görkəmli alimlərimizin həm özlərinə, həm də əsərlərinə istinad etməklə həyata keçirə biləcəyimiz mühüm işlərdən, planlardan, hədəflərdən söhbət açıb, konkret vəzifələr müəyyənləşdirdik. Konfransın və müzakirələrin yekun nəticəsi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirmək məqsədilə Türk dünyası Nizamişünas alimlərindən ibarət “Beynəlxalq Nizamişünaslar elmi tədqiqatlar cəmiyyəti”nin təsis olunması və onun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olundu”.
O bildirib ki, beynəlxalq konfransda Azərbaycan və Özbəkistanla yanaşı, başqa ölkələrdən də gələn alimlərin Nizami Gəncəvi yaradıcılığında yer alan türk təfəkkürünün, türk düşüncə sisteminin aparıcı olması istiqamətində maraqlı məruzələri dinlənildi. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan konfransda iştirakçılar foyedə təşkil olunmuş “Nizami Gəncəvidən başlanan Şərq intibahı” və “Ulu Öndər Heydər Əliyev 100” adlı kitab sərgiləri ilə tanış oldular. Sərgidə dahi şairə aid Azərbaycan dili ilə yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda özbək dilində nəşr etdiyi kitablar da oxuculara təqdim edildi. Nizami Gəncəvinin, Əlişir Nəvainin və Ulu Öndər Heydər Əliyevin mehmanı olduğumuz konfransda yaddaqalan hadisələrdən bir də Azərbaycan Milli Elmlər Akademiyasının müəssisə və təşkilatlarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı nəşr edilən kitabların, monoqrafiyaların Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə, eyni zamanda, Mərkəz tərəfindən də Nizami Gəncəvi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı nəşr etdiyi kitabların Azərbaycana hədiyyə edilməsi oldu.
“Səfərimiz çərçivəsində, eyni zamanda, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd şəhərində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrində yaradılmış Azərbaycan ocaqları-Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə fəaliyyətə başlayan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyat Universiteti nəzdində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Elmi Tədqiqat Mərkəzi ilə tanış olub, gələcək planlarımız haqqında müzakirələr apardıq. Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə fəaliyyətə başlayan Azərbaycan ocaqlarının sayı artıq 10-a çatıb” – deyə o qeyd edib.
“Qardaş Özbəkistanda səfərdə olduğumuz müddətdə iştirak etdiyimiz mühüm tədbirlərdən biri də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilinin 25-ci ildönümünə həsr olunmuş “Qardaşlıq bağlarını möhkəmlətmək yolunda” adlı beynəlxalq konfrans oldu. Konfransda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru professor Abduqaffor Qırğızbayevin, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və başqa natiqlərin çıxışları ilə yanaşı, universitetin tələbələrinin Azərbaycan haqqında özbək dilində səsləndirdikləri şeirlər dinləyicilər tərəfindən maraqla qarşılandı.
Beləliklə, ulularımızın, əcdadlarımızın, müqəddəslərimizin yolu ilə çıxdığımız və 4 gün davam edən səfərimiz Daşkənd şəhərində ortaq mədəniyyətlərimizin simvolu olan tarixi abidələrin, mədəniyyət ocaqlarının ziyarəti ilə başa çatdı”, - deyə Əlimuxtar Muxtarov fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər