Kamal Abdulla və Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” adlı yeni kitabı çap olunub

Kamal Abdulla və Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” adlı yeni kitabı çap olunub Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” adlı kitabı çapdan çıxıb.

“Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir. Kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları – professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.

Kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin dilin təbii çoxmənalılığı və qeyri-xətti xüsusiyyətlərini necə izah etdiyini əhatəli şəkildə təhlil edirlər. Bu yanaşma həm dilçilik elmi, həm də informasiya nəzəriyyəsi sahələrində yeni perspektivlərə yol açır, gələcək tədqiqatlar üçün zəmin yaradır.

“Qeyri-səlis məntiq və nitq-dil” kitabı aktual məzmunu, novatorluğu ilə yanaşı, unikal tərtibatı ilə də diqqət çəkir. Nəşrin ilk fəsillərində L.Zadənin məşhur nəzəriyyəsinin yaranma tarixi, bu nəzəriyyənin digər elm və istehsalat sahələrinə uğurlu tətbiqindən söz açılır. Həmçinin qeyri-səlis məntiqin fasetləri ilə bağlı deyilənlər, onların ayrı-ayrılıqda araşdırılması, müxtəlif elm və həyat sahələrinə tətbiqi ümumiləşdirilmiş şəkildə təqdim edilir. Eyni zamanda, dil və nitqin nəzəri dilçilikdə qəbul edilmiş fərqindən, bu fərqi ortaya qoyan dilçi alimlərdən, dil-nitqin “nitq fəaliyyəti” çərçivəsindəki birgəliyindən söz açılır.

Sonrakı fəsillərdə fonoloji, morfoloji, leksik qatlarda, cümlə və mikromətnlərdə qeyri-səlislik məsələləri araşdırılır. Dilçilik elmi və süni intellekt məsələləri araşdırılan fəsildə isə süni intellektin tərkib hissəsi kimi özünü göstərən təbii dilin emalı və xüsusilə, “sentiment” təhlil əsasında dilçilik üçün perspektivli istiqamətlərə işarə edilir. “Bədii dil və qeyri-səlis məntiq” fəslində informasiya kanalında özünü göstərən “küylər”lə bədii süsləmələr arasında paralellik nəzərdən keçirilir, bədii informasiyanın ötürülməsindən söz açılır.

Kitabın “Nəticə” hissəsində hər fəsildən doğan ümumi yekun müddəalar yer alır. “Əlavələr” bölməsində oxuculara qeyri-səlis məntiqin dörd əsas faseti haqqında geniş məlumat verilir. Kitab ingilis dilində yığcam “Rezyume” ilə tamamlanır.

Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” adlı yeni kitabı təkcə elmi dairələr üçün deyil, eyni zamanda, geniş oxucu auditoriyasına dərin fəlsəfi və intellektual təcrübə təqdim edir. Kitabın müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini bir daha ön plana çıxarır. Oxucuları düşüncələrarası səyahətə dəvət edən bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olaraq gələcək tədqiqatlar üçün zəmin yaradır, Azərbaycan elminə mühüm töhfə verir.

Tehsil-press.az

Oxşar xəbərlər