"100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verildi

Masallı şəhərindəki Heydər Əliyev Parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir.
Masallıda keçirilən tədbirdə Nazirliyinin 15 regional idarəsinin hər birinin festival çadırı qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənib.
Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli, Xalq Yazıçısı, Milli Məclisin deputatı Elmira Axundova, Masallı Şəhər İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, mədəniyyət və incəsənət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov festivala bu bölgədə start verilməsini rayon sakinlərinə göstərilən yüksək etimad kimi dəyərləndirib, festival iştirakçılarına yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin məqsəd və vəzifələrindən danışaraq bildirib ki, Masallı rayonunun beynəlxalq festivallar keçirilməsində zəngin təcrübəsi var. İki il əvvəl nazirliyin “Bölgələrdən paytaxta” layihəsinə də məhz Masallıdan start verilmişdi.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.
Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, ötən illərdə nazirlik tərəfindən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonların mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə, konsert və sərgilər keçirilib.
Qeyd edək ki, Cümhuriyyətin 100 illiyi şərəfinə gerçəkləşən festival ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin yaradır. Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunacaq. Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq imkanı yaradır.
“Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında davam edib.

"100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verildi"100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verildi"100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verildi"100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verildi"100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verildi

Oxşar xəbərlər