Paytaxt məktəblərində Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunub

Paytaxt məktəblərində Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında, onların obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolunun təbliğindən ibarətdir.
Tədbirlərdə 1967-ci ildən etibarən bu təqvimin Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başladığı diqqətə çatdırılıb.
Çıxış edənlər dünya uşaq ədəbiyyatının azyaşlıların tərbiyəsində əvəzsiz rol oynadığını deyib, əsrlər əvvəl yazılmış əsərlərin bu gün də uşaqlar tərəfindən sevilə-sevilə oxunduğunu qeyd ediblər.
Tədbirlərdə məktəblilərin iştirakı ilə ayrı-ayrı uşaq nağıllarının müzakirəsi aparılıb, kitabların insanın inkişafı baxımından əhəmiyyətini göstərən səhnəciklər təqdim olunub.
Həmçinin nağıl qəhrəmanlarının xarakterik xüsusiyyətləri barədə şagirdlərin müstəqil fikirləri dinlənilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirlərdə şagirdlər şeir söyləyib, mahnı oxuyublar və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər