Azərbaycan Universitetinin tələbələri beynəlxalq kompüter və dil sertifikatı alacaq

Azərbaycan Universitetinin tələbələri beynəlxalq kompüter və dil sertifikatı alacaq Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universitetində aylıq 200 manat təqaüd alan əlaçı tələbələr üçün ECDL və PTE təlimləri təşkil olunub. Təlimlərdə 20 tələbə iştirak edir. ECDL dərsləri həftədə 2 dəfə və hər dərs 90 dəqiqə olmaqla təşkil olunur və kompüterin əsasları, onlayn biliklər, mətn prosessoru, elektron cədvəllər, təqdimat modulları üzrə aparılır.
Təlimlərin ardından keçiriləcək imtahanlardan uğurla keçən tələbələr ingilis dili biliklərini və kompüter bacarıqlarını beynəlxalq səviyyəli sertifikatla təsdiq edə biləcəklər. Bu isə arzuolunan peşəyə sahib olmaq üçün universitet təhsili ilə yanaşı mühüm addımlardan biridir. Bütün dünyada tanınan və qəbul edilən sertifikatları əldə etmək həm yerli iş bazarında rəqabət qabiliyyətini artırır, həm də xarici ölkələrdə işləmək imkanı yaradır.
Dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı daha geniş yayılıb və 150-dən artıq ölkə tərəfindən tanınır. Azərbaycan Universiteti beynəlxalq ECDL sertifikat proqramının (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq fəaliyyət göstərir.
PTE (Pearson Test of English) isə IELTS və TOEFL ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biridir. Azərbaycan Universiteti PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub.
Daha əvvəl Azərbaycan Universitetinin 70 tələbə və əməkdaşı müxtəlif modullu ECDL, 9 tələbəsi isə Intermediate (CEFF B1) səviyyəsi üzrə PTE dil sertifikatını əldə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər