İŞIĞA GEDƏN YOLUN ROMAN TALEYİ

İŞIĞA GEDƏN YOLUN ROMAN TALEYİ Ömrünü millət və xalq yolunda mübarizələrə həsr etmiş böyük şəxsiyyətlərin yaddaşlarda qalmasının, onların məktəb səviyyəsinə yüksəlmiş yaradıcılıq fəaliyyətinin yeni nəslə ötürülməsinin çox önəmli üsullarından biri həmin dahilərin yaradıcılığın müxtəlif istiqamətlərinin gücü ilə sənətə gətirilməsidir. Azərbaycanın Nizami Gəncəvi kimi düha sahibinin M.S.Ordubadi yaradıcılığının gücü ilə “Qılınc və qələm” romanına köçürülməsi, Molla Pənah Vaqif böyüklüyünün S.Vurğun ustadlığı ilə “Vaqif” pyesində yenidən canlandırılması və s. kimi onlarca fakt sübut edir ki, bir sıra hallarda xalq və millət onun yolunda hər cür zillətlərə qatlaşmış böyük şəxsiyyətlərini bəzən və bəlkə də daha çox onların obrazlaşdırıldığı əsərlərdən tanıya bilirlər. Əlbəttə, tarixə çevrilmiş bu şəxsiyyətlərin həyat və fəaliyyətlərini tədqiq edən elmi əsərlərin üzərinə heç bir kölgə salmadan cəsarətlə deyə bilərik ki, xüsusilə bədii sözə, sənətə marağı bütün zamanlarda yüksək olan Azərbaycan xalqı öz tarixi şəxsiyyətlərini bu formatda daha tez və daha dərindən qiymətləndirə bilir. Etiraf edək ki, bu günkü yaşlı nəslin uşaq çağlarından tutmuş, indiki cavan nəslə qədər hər kəsin Molla Pənah Vaqif haqqında mükəmməl təsəvvürü birbaşa S.Vurğunun bu mövzuda xalq arasında məşhur olan eyni adlı pyesi ilə daha çox bağlıdır.
Tarixi şəxsiyyətlər və ünlü tarixi hadisələrin bədii sənət dünyasına gətirilməsi nə qədər çətin və mürəkkəb bir hadisə olsa da, dünya miqyasında belə faktlar özünə yer almış və yəqin ki, həmişə alacaqdır. Çünki bu çətin problemə yaradıcı münasibət sənətkarın təkcə bədii təfəkkürünün ifadə məhsulu deyil, həm də ictimai marağa, millət və xalq marağına xidmət istəyi ilə bağlıdır. Elmi aləmdə azərbaycançılığın aparıcı ideoloqlarından biri kimi, istedadlı şair və publicist kimi tanıdığımız Sona xanım Vəliyeva özü polifonik yaradıcılığında daim mükəmməl bir Azərbaycançı kimi çıxış etməkdədir. Onun elmi və bədii əsərlərinin hamısında Azərbaycan və azərbaycançılıq, Qarabağ dərdi ön planda görünməkdədir. Sona xanım Azərbaycan gerçəkliyinin bir çox tarixi şəxsiyyətlərinin yenidən gündəmə gətirilməsi və yeni nəslə tamamilə yeni rakursda çatdırılması sahəsində misilsiz xidmət göstərməkdədir. Hüseyn Cavid dünyasına müxtəlif istiqamətdən yeni yanaşmalar, şairin yaradıcılığını və ömür yolunu əks etdirən kitabların meydana çıxması, Hüseyn Cavidin, Məmməd Arazın yaradıcılığına həsr olunmuş yazı müsabiqələrinin təşkili və qiymətləndirilməsi kimi ciddi tədbirlər Sona xanımı, hər şeydən əvvəl, bir vətəndaş kimi qiymətləndirməyə çağıran faktlardır.
Biz günlərin bir günündə Sona Vəliyevanın da yaradıcılıq və tədqiqatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının haq yolundakı mübarizəsinin fədaisi, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin səcərəsi ilə bağlı çox maraqlı bir əsərin geniş təqdimatında iştirak etdik. Bu təqdimat mərasimində iştirak edən hər kəsin çətinliklə ərsəyə gələn bu kitaba görə tədqiqatçılar qrupuna sevgisini gördük. Onda Sona xanım Vəliyevanın lakonik bir çıxışında onun H.Zərdabinin həyat və yaradıcılıq yolu barədə tamamilə yeni faktlar ortaya qoyması və bu yeni faktları özünəməxsus şəkildə interpretasiyası mənə çox təsir etdi. Amma o anda mən heç təsəvvür etməzdim ki, alim kimi, şair kimi tanıdığımız Sona xanım o görüşdən cəmi bir neçə ay sonra bu böyük Azərbaycan maarifçisi haqqında bütöv bir tarixi roman qoyacaq ortaya. İndi “İşığa gedən yol” adlı bir möhtəşəm roman mənim qarşımdadır. Əlli çap vərəqinə yaxın (nabələd oxucu üçün deyim ki, əlli çap vərəqi təxminən 800 səhifə deməkdir) bu romanı mən tez oxudum. Və bu tezoxumaqlığın iki əsas səbəbi vardı: Birincisi, Həsən bəy Zərdabi, yəqin ki, hər kəsdən çox jurnalistlərin – o cümlədən mənim marağımdadır, ikincisi, romanın son dərəcə ustalıqla, yeni və orijinal yaradıcılıq formatında qələmə alınmasıdır.
“İşığa gedən yol” Azərbaycan xalqının əvəzolunmaz ziyalısı Həsən bəy Zərdabinin həyat və yaradıcılığı, mübarizələrlə dolu fəaliyyətinin roman ifadəsidir. Elə buradaca qeyd edim ki, tarixi roman bir janr formatı olaraq müəllifdən bədii ustalıq kimi bir keyfiyyətdən daha çox qələmə aldığı tarixi və bu tarixin hadisələrini mükəmməl bilməyi - öyrənməyi tələb edir. Ona görə də, tarixə işıq salan hər bir əsər bütün tərəfləri ilə bədii təxəyyülün məhsulu olan əsərlərdən ikiqat çətinliyi ilə fərqlənir.
Sona Vəliyeva bu çətinliyi öz çiyninə götürmüş və oxucuya mükəmməl bir roman təqdim etmişdir. Kitabın anonsunda onun tematikası və mahiyyəti dəqiq bir şəkildə aşağıdakı kimi təqdim olunur: “Görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin keçdiyi ağır, məşəqqətli həyat, yaradıcılıq və maarifçilik yolundan bəhs edən “İşığa gedən yol” romanı bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, bir sözlə, ziyalılıq tarixinə işıq salır. Roman bəlli bir dövr ərzindəki Azərbaycan ziyalılığının tarixi hesab oluna bilər”. Bu şərh, həqiqətən də, tarixi romanın mahiyyətini açır. Romanın ad seçimi çox uğurludur: “İşığa gedən yol”! Bu ad bir tərəfdən müəllifin yaratdığı obrazın Tanrıdan gələn işıqlı əməllərini və əməllərə mütənasib xarakterini tamamlayırsa, digər tərəfdən maarifçi bir insanın maarifçilikdən gələn istəklərindən qaynaqlanır.
“İşığa gedən yol” adının özündə bir fəlsəfi mahiyyət olduğu göz qabağındadır. Bu fəlsəfə müəllifin hər səhifədə dünyaya, mühitə, millət dərdinə baxışını ifadə edən fikirlərində öz əksini tapır. Belə anlarda yazıçının çox zaman əsas obrazın daim bir istiqamətdə olan yuxularını, bir sıra hallarda isə “belə deyirlər” kimi təvazökarlığa çəkən ifadə ilə öz fikirlərini oxucu ilə bölüşməsi maraqlı fəlsəfi düşüncələrə yol açır.
Roman Həsən bəy Zərdabinin lap uşaqlıq illərindən başlayaraq keşməkeşli ömrünün son mənzilinədək olan bir dövrü əhatə edir. Heyrət doğuran odur ki, müəllif bu böyük dövrün hadisə və faktlarını, insanlarını, zamanın çoxçeşidli gedişlərini son dərəcə dəqiq boyalarla bizə təqdim edir. Həsən bəyin uşaqlıq illərinin Zərdab həyatı, Zərdabın region və milli koloriti, onun ata-anası, yaxınları və ətrafı haqqında bədii üslubun zəngin çalarları ilə ifadəsi də oxucunu çox razı salır.
Yazıçının belə məqamlarda təsvir etdiyi insanların qohumluq, simsarlıq əlaqələrini, dövrün, kəndin və insanların xarakterinə bağlı dərin və dəqiq bilgilərə malik olduğu hər sətirdə, hər səhifədə hiss olunmaqdadır. Sona xanımın Qarabağa bu qədər məhəbbəti bəlkə də bu bölgənin indiki dərdi ilə bağlıdır. Poeziyasında Qarabağ mövzusunun ilk yerdə dayandığı Sona xanım bu əsərinin də lazımi məqamlarında Qarabağa sevgisini ürəkdən ifadə edir. Həsənin atası Səlim bəyin Ağcəbədi bəylərindən olan Abış bəyin oğlu Hidayətin qızı Mənzər xanımla evlənməsini müəllif romanda “Tanrının tale qisməti” kimi qiymətləndirir. Səlim bəyin qarabağlı qızla izdivacını cani-dildən bəyənən atası Rəhim bəy oğluna deyir: “Səlim, sənin ağlına heyranam, oğlum. Sənin ömür-gün yoldaşı seçimin də mənim ürəyimcə oldu, indisə övladlarına verdiyin tərbiyə… Dünən baxıram, Mənzər Həsənə Ömər Xəyyamdan, Nizamidən şeirlər oxuyur. Ürəyim açıldı. Qarabağlılar mərdlikdə, cəsurlqda, ağılda mənim hörmətimi çoxdan qazanıblar. Onlarla qohumluğu Allah bizə rəva gördü. Bu gün də gəlini kitab oxuyan gördüm, dedim ki, nə oxuyursan, qızım? Dedi ki, Məhsəti Gəncəvini”… Rəhim bəyin dilindən söylənilən bu fikirlər, əslində, yazıçının Qarabağa öz qiyməti kimi də qəbul edilməlidir.
Yazıçının Qarabağ sevgisinə daha bir misal: Tarixi araşdırmalardan və Həsən bəy Zərdabinin öz xatirələrindən aydın olur ki, bu böyük ziyalının kasıb uşaqlarını oxutmaq məqsədi ilə təşkil etdiyi xeyriyyə cəmiyyətinə etinasızlıq göstərən bölgələrdən biri də Qarabağ, Qarabağ varlıları olmuşdur. Keçmişdə qalmış bu faktı xüsusi olaraq qabartmağa cəhd edən bəzi tədqiqatçılardan fərqli olaraq Sona xanım yaralı Qarabağın yaralı yerinə toxunmağı rəva görməyib. Xeyriyyə cəmiyyətinə etinasızlıq faktını keçmişdə qalan bir narahatlıq kimi ümumi şəkildə qeyd edir.
“İşığa gedən yol” romanı birbaşa tarixi hadisələrə söykənir və xüsusi yazıçı zəhməti ilə bu hadisələrin dəqiq lövhələrini cızır. Roman Həsən bəy Zərdabinin uşaqlıq çağından tutmuş bütün ömür yolunu xronoloji qaydada – ardıcıl illərlə oxucuya təqdim edir. Burda maraqlı bir nəzəri məsələ çıxır ortaya: Hər bir bədii əsər sənətkarın estetik idealının ifadəsidir. Birbaşa bədii təxəyyülün yaratdığı bədii obrazlar və üstəgəl müəllifin öz seçimindən asılı olan tematika estetik idealın təqdiminə münbit şərait yaradır. Belə halda müəllif yaratdığı obraza öz istəyindən asılı olaraq onun estetik idealını formalaşdıran hər cür boyalar qatır. Bəs həyatı və fəaliyyəti tarixi araşdırmalardan cəmiyyətə məlum olan insanın müəllif amalına uyğun obrazının yaradılmasında bədii təxəyyülün artıqlığı artıq görünsə necə? Bax bu yerdə sənətkar özünə elə məlum insan seçir ki, o insanın özü, onun varlığı və bütövlükdə həyatı oxucuya təqdim olunacaq ideal obraz səviyyəsində olur. Bu məqamda həyatda olmuş tarixi şəxsiyyətin seçilməsi romanın (yaxud hər hansı bir əsərin) sənətkarlıq cəhətinin əsas komponentini təşkil edir. “İşığa gedən yol” romanındakı bu seçim – Həsən bəy Zərdabi seçimi məhz bu insanın özünün estetik ideal səviyyəsində olması ilə bağlıdır.
Qayıdaq romanın Həsən bəyin ömür yoluna bağlı xronoloji formatına. Tarix 1848-ci ilin iyul günləri ilə başlayıb 1907-ci illə bitir. Birinci tarixdə Həsən bəy Zərdabi altı yaşındadır, sonuncu tarix böyük şəxsiyyətin, millət fədaisinin dünyasını dəyişdiyi məqamı əhatə edir. Altmış beş illik bir ömür yolu. Bu ömür yolu təkcə Həsən bəyin deyil, onun mühitinin, Azərbaycan maarifçilik xəttinin, millətin tərəqqisi yolunda həyatını qurban verən onlarca insanın ömür yoludur. Bu həyat yolunda Həsən bəy bir fondur, yazıçının söykəndiyi nizamlı bir xəttir. Bu xəttin içində Azərbaycan, Rusiya, Gürcüstan, Krım və s. məkanlar tərkibindəki ictimai hadisələr, maarifçilik hərəkatının görkəmli xadimləri var. Biz Həsən bəyin yetişməsində xidməti olan doğmalarından tutmuş xalqımızın milli fəxri sayılan M.F.Axundov, S.Ə.Şirvani, N.B.Vəzirov, Əhməd bəy Ağaoğlu, Ziya Göyalp, Ə.Hüseynzadə və s. kimi onlarca ziyalımızın sənədli-bədii obrazını görməkdəyik. Romanın maraqlı faktlarından biri XIX əsrin ortaları Azərbaycanın coğrafi mühiti və bu coğrafiyanın dövrə bağlı tarixi mənzərəsinin təsviridir. Azərbaycanın bu çağdakı durumunu – siyasi, ictimai, milli koloritini aydın şəkildə təqdim etmək üçün yazıçı çox maraqlı bir vasitədən istifadə etmişdir. Əlbəttə, bu təsvirlərdə Zərdab və Bakı mühiti ayrıca təqdim olunur və bu regionlar əsərə təbii olaraq gətirilir. Həsən bəyin həyatı və fəaliyyəti ilə bağlı olan bu yerlər romanda mütləq öz əksini tapmalı idi. Bəs digər regionlar, Vətənimizin Həsən bəyin həyatı ilə birbaşa bağlı olmayan coğrafiyasını hansı səbəblə əsərə gətirmək olardı? Sona xanım Vəliyeva bunun üçün çox təbii və qanunauyğun bir priyom seçib: Həsən bəy Zərdabinin Bakı Realnı Məktəbindəki müəllimlik illərində təşkil etdiyi Xeyriyyəçilik Cəmiyyətini gerçəkləşdirmək üçün ölkəmizin Naxçıvan, Quba, Şamaxı, İrəvan, Qarabağ, Şuşa kimi yerlərinə səfərlərinin sənədli-bədii təfərrüatı zamanı bu regionların tarixi xüsusi diqqət mərkəzində olur. Bu tarixi qeydlər bir tərəfdən dəqiq sənədlərə müraciəti ilə, digər tərəfdən bu sənədlərə qatılan bədii detalları ilə oxucuda dövrün, coğrafiyanın xarakterinə bağlı yeni və mükəmməl bilgilər formalaşdırır.
Amma hər şey Həsən bəy Zərdabinin ömür yoluna bağlıdır. Yazıçı Məlikovlar ailəsinin xarakteri ilə son dərəcə milli ləyaqət simvoluna çevrilən ümumiləşdirilmiş bir Azərbaycan ailəsinin milliliyə bağlı cizgilərini qələmə almışdır. Vətənə, millətə bağlı bu ailənin sevimli və hələ uşaqkən öz qabiliyyəti ilə hər kəsi – Şamaxı gimnaziyasının müəllimlərindən tutmuş Moskva universitetinin rektorunadək hər kəsi heyran qoyan Həsən bəyin milli kökə, milli ləyaqətə bağlı xarakteri yazıçının təsvirində hər bir oxucunun ürəyinə yol tapır. Həsən bəyin millətə, Vətənə bağlılığı onun Moskvada qalıb işləmək, universitet rektorunun qızına evlənmək və bununla da bəlkə sakit və xoşbəxt bir həyata sahib olmaq imkanından çox-çox yuxarıda dayanır. Bu məqamlar indiki halda ona görə yazıçının estetik idealı səviyyəsinə yüksəlir ki, bu gün Avropada, Amerikada təhsil alan yüzlərlə azərbaycanlı tələbəyə bir mesajdır, harada olursan-ol, millətə, Vətənə bağlı ol – mesajıdır.
Bəlkə elə əsərdə imkansız azərbaycanlı uşaqların, qızların oxuması, savadlanması üçün ayrıca məktəb açan Bakı milyonçusu Zeynalabdin Tağıyevin metsenat fəaliyyətinə xeyli yer ayırması da müəllifin çağdaş imkanlılara millət xeyrinə iş görmək mesajıdır? Axı, hər bir tarixi romanın əsas məqsədlərindən biri həm də əsərdə təsvir olunan tarixin müasirliklə bağlılığıdır! Sona xanım Vəliyevanın XIX əsrin ikinci yarısında yaşamış Azərbaycan maarifçilərini bu qədər sevgi ilə təsviri, əslində, müasirlərimizi millətə xidmət çağırışına bağlıdır.
Potensial oxucu heç də zənn etməsin ki, “İşığa gedən yol” romanı yalnız siyasi, ictimai, maarifçilik məsələləri ilə bağlıdır. Qətiyyən belə deyil. Romanda Həsən bəyin atası Səlim bəyin Ağcabədidə rast gəldiyi və taleyinin qismətinə çevrilən Mənzər xanım, Tiflis məktəblərindən birində məzun olan Hənifə xanıma Həsən bəyin qeyri-adi məhəbbəti ürəkləri riqqətə gətirən bədii səhnələrlə çox zəngindir. Hətta Həsən bəylə Hənifə xanımın sevgi macərası Azərbaycan aşıq dastanlarında özünü göstərən sevgililərin bir-birinə yuxuda buta verilməsi ilə çox həmahəngdir. Xüsusilə Həsən bəyin tale qisməti olan Həmidə xanımın bir ev qadını, ictimai-yararlı qayğıları ilə yaşayan mükəmməl bir ana kimi maraq doğurur.
Həsən bəy Zərdabinin bioqrafiyasına az-çox bələd olan hər kəs onun polifonik fəaliyyət istiqamətlərinə bələddir. Bu böyük Vətən oğlunun çoxşaxəli fəaliyyət sistemini ümumiləşdirmək və bu istiqamətlərin hər birinin daxili mahiyyətini, mexanizmini açmaq və xüsusilə bədii müstəviyə gətirmək yazıçıdan yüksək sənətkarlıq bacarığı tələb edir. Romanda balaca Həsənin azman bir ziyalı səviyyəsinə, əvəzolunmaz bir maarifçi statusuna qədər yüksələn Həsən bəy Zərdabi adına qədər bütün məqamlarının maraqlı təsviri vardır. Şamaxı, Tiflis, Moskvadakı təhsil illərində tamamilə formalaşmış, millət təəssübkeşliyi ilə meydana atılan Həsən bəyi yazıçı belə xarakterizə edir: “Onun üçün millətin hər bir övladı Məlikovlar ailəsinin doğma nümayəndəsi qədər əziz idi. Xalqına məxsus hər bir faciə və vətəndaş qayğısı həm də ona, ilk növbədə bu xalqın ali təhsilli oğlu Həsən bəy Məlikova aid idi”. Bu ali təhsilli gənc Bakıya – ilk iş yerinə yollanarkən müəllif onun içindən gələn arzularını belə ifadə edir:
“Mənim dərdli, əzabkeş millətim zülm, cəhalət içində boğulduğu bir məqamda mən rahat yaşaya bilmərəm. Hara ayaq basıramsa, həmişə insanların müşkülü ilə üzləşirəm, onların özlərindən öncə dərdləri qarşıma çıxır. Allahım, mənə həyatda edəcəyim bütün işləri sən buyurdun, mənim taleyimi, həyat amalımı sən müəyyən etdin, indi mənə həm də yetərincə güc və iradə ver ki, sona qədər bu yolla gedə bilim. İndi mənim gücüm, ağlım, mənəviyyatım, bir sözlə, hər şeyim özümə deyil, sənə məxsusdur. Xalqımın, millətimin dərdlərinə çözüm üçün göndərilmişəmsə, mənə bu yolda sona qədər dəstək ol, yetərincə güc və iradə ver, ətrafımın işıqlı, ziyalı adamlarla dolu olmasına, xeyirxah işlərdə onlarla birgə əl-ələ verməyimə şərait yarat”.
Bu böyük ziyalının, maarifçi insanın içindən gələn bu istək, bu amal ömrünün sonuna qədər onunla qaldı. İstismar olunan kəndlilər, harın məmurların yalvarışlarına etinasızlıq göstərdikləri zavallı insanlar Həsən bəyin müdafiə etdiyi, dərdlərinə əlac qıldığı xüsusi bir zümrədir. Yazıçının bu cəhəti xüsusi qabartması da müasirlərimizə bir mesaj kimi səslənir və məncə, xalqa bağlı mükəmməl insan obrazlarına bizim ədəbiyyatımızda hələ çox ehtiyac var.
Sona xanım Vəliyeva bir ziyalı ömrünün fonunda imperiya siyasətinin Dağlıq Qarabağa, ermənilərdən azərbaycanlılara qarşı bir alət kimi istifadəsi kimi fundamental tarixi hadisələrin bədii, bir sıra hallarda bədii-publisistik təsvirini verməyi vacib saymışdır. Tarixin bu gün yenidən təkrarı roman müəllifini bu məsələyə yenidən qaytarır və tarixə bu yenidənqayıtma müasir oxucunu ayıq-sayıqlığa çağırır.
Həsən bəy Zərdabinin maarifçilik işində qəzeti ən böyük vasitə hesab etməsi və ilk milli qəzetimiz olan “Əkinçi”nin yaradılması ilə bağlı göstərdiyi şücaət bəlkə bu gün öz qiymətini daha dolğun tapmaqdadır.
Ümummilli liderimiz Heydər Əliyev “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nda “Əkinçi” qəzetinin tarixi qiymətini vermiş, onu ərsəyə gətirmiş maarifçi ziyalıları xüsusi xatırlamışdır: “Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər Ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər. “Əkinçi” qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər”. H.Əliyevin imzaladığı Fərmanda H.Zərdabiyə və bütövlükdə XIX əsrin II yarısındakı maarifçi hərəkatına verilən bu qiymət “İşığa gedən yol”un leytmotivi olmuşdur. Bu mənada “İşığa gedən yol” romanı bu qiymətin bədii təzahürü kimi də başa düşülə bilər. Sona xanımın tarixi sənədlərə söykənən sətirlərinə diqqət edək: “Tarixin ən gərəkli səhifəsini Həsən bəy tək yazırdı: “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun. Amma bu aynanı əlimizdə düzgün tutmasaq, Allah bilir, vilayət necə görünər”. Mənə elə gəlir ki, yazıçının bu fikri də günümüzün qəzetçilərinə bir mesajdır: Bu günün özündə də həmin ayinəni – mətbuatı əlində düzgün tutmayanlar da az deyil. Sona xanım Həsən bəyin qəzet barədə nəzəri fikirlərini bir daha qabartmaqla Azərbaycanda mətbuat ənənələrinin Qərbdəkindən heç də aşağı olmadığını nəzərə çatdırır və ölkəmiz, Azərbaycanımız naminə bu “ayinəni əldə düz tutmağı” tövsiyə edir.
Həsən bəy Zərdabinin ömür yolu romanda faciələri ilə də geniş təsvir olunur. Bu faciələr imperiya siyasətinin ona və millətə vurduğu zərbələrdən, millətin imkanlı adamlarının məktəbə bağlı xeyriyyəçiliyə etinasızlığından, M.F.Axundov kimi böyük mütəffəkirin ölümündən və nəhayət, Həsən bəyin özünün ailəsində iki övladını itirməsi ilə bağlı şəxsi kədərindən ibarətdir. Amma yazıçı onu da göstərir ki, bu böyük maarifçinin taleyinə yazılan Hənifə xanım hər an - ən çətin günlərdə ömür-gün yoldaşının yanındadır. Təkcə təsəlli mənasında deyil, həm də problemlərin həllində göstərdiyi fədakarlıqları ilə.
... Qəzet bağlandı, dünya dəyişdi, dostlarının, məsləkdaşlarının bir çoxu həyatdan getdi. Güman etmək olardı ki, Həsən bəy ruhdan düşəcək, fəaliyyəti zəifləyəcək. Ancaq yazıçı sübut edir ki, içində Vətən, millət sevgisi olan insan heç vaxt ruhdan düşə bilməz. O öz ideallarını gerçəkləşdirmək üçün yeni yollar, yeni üsullar axtaracaq. Həsən bəy bu yolları aradı və tapdı: Dumada azərbaycanlılara qarşı erməni fəallığının qarşısını almağa çalışdı, “Tərcüman” qəzetinə doğmalıq etdi, sevimli qızı Pərisoltanın ünlü azərbaycançı Əlimərdan bəylə ailə qurmasına izn verdi və nəhayət, “Kaspi” kimi möhtəşəm bir qəzetin simasında yenidən mətbuata qayıtdı və bunlar da onun ideallarının bir daha çiçəklənməsinə münbit şərait yaratdı. Qarşıda Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə kimi fədakar yazıçı-jurnalistlərlə, “Həyat” qəzetinin yaradıcı kollektivi ilə birləşmək kimi böyük bəxtəvərliklər var idi... Mən bu sətirləri yazıram və təəssüf edirəm ki, qələmə alınan hadisələrin bədii söz sənətinin möhtəşəm gücü ilə necə təsvir edildiyinə qəzet səhifəsində yer qənaətinə görə xüsusi misallar ayıra bilmirəm. Ona görə də qısaca olaraq deyə bilərəm ki, romanda sənədliliklə bədiiliyin bir formatda necə ustalıqla birləşdirilməsi oxucunu heyrətə salır.
Həsən bəyin ölüm səhnəsi oxucunun da faciəsinə çevrilir. Bir tərəfdən ona görə ki, belə bir millət fədaisinin bu dünyadan getməsi hər kəsi yandırır, digər tərəfdən bu ölüm səhnəsinin bədii təqdimindəki lirik-psixoloji məqamlar qəmli bir hekayət təsiri bağışlayır. Yazıçı Həsən bəyin son dəqiqəsini belə təsvir edir: “Hənifə xanım onun əlini əlinə aldı, Həsən gülümsəyərək gözünü yumdu, sanki son dəfə dərindən nəfəs alırmış kimi bütün nəfəsini içinə çəkdi və bir daha geri qaytarmadı həmin nəfəsi.
Bu an Həmidə xanımın ətürpədən hönkürtüsü evi başına aldı. Həsən bəy gözlərini artıq yummuşdu...
... Bir az sonra əvvəl qonşular, sonra dostlar Hacı Zeynalabdin, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəcəf bəy Vəzirov və başqaları Həsən bəyin ölüm xəbərini eşidərək gəlmişdilər. Şəhərdə hamı bu müdrik adamın ölümündən danışırdı. “Heyif səndən Həsən bəy! O, əsl millət atasıydı. Bu adam özü üçün deyil, xalq üçün doğulmuşdu”. “Sağlığında rəhmət qazanan müdriklərdən idi və bu sözlər həmin gün Bakının bütün ictimai yerlərində tez-tez eşidilirdi”. Sonra yazıçı Həsən bəyin vəfatı ilə bağlı millətin, bir sıra yaxın ölkələrin ziyalılarının, Dövlət Duması üzvlərinin, ayrı-ayrı cəmiyyətlərin dəfn mərasiminə necə toplandıqlarını təsvir edir. Və sonra müəllif belə bir tarixi həqiqəti də xüsusi qeyd edir:
“Bakıda Həsən bəyin dəfn olunduğu gün dükançılar özlərinin ətrafdakı bütün dükan-bazarlarını bağlamışdılar. Bütün şəhər kədər və hüzn içində idi. Həsən bəy Bakı əhlinə və bütün millətinə kim olduğunu sanki bu gün - ölümü ilə sübut etmişdi. “E1 atası” deyə müraciət etdikləri Həsən bəyin yoxluğunun ağrı-acısını və ağır kədərini insanlar sanki bu gün anlamışdılar”. Elə buradaca qeyd edim ki, yazıçı bu cümlələrdəki “bu gün” ifadəsini nahaqdan işlətməyib. Həqiqətən də tarixi faktlar sübut edir ki, bəzən xalq, millət onun yolunda canını qoyanları vaxtında qiymətləndirə bilmir. Həsən bəy də bu acı taleyi yaşamışdı. Romanın müəllifi bu sətirlərdə həmin qədirbilməzliyə təəssüfünü ifadə etmişdir.
Həsən bəyin dəfn mərasimində görkəmli ziyalıların çıxışları müəllifin diqqət mərkəzindədir. Məsələn, Əli bəy Hüseynzadənin bu andakı tarixi çıxışı romanda öz əksini tapıb.
Mən bu yerdə Həsən bəyin cənazəsinin torpağa tapşırıldığı məqamın bədii təsvirini olduğu kimi təqdim etməyə bilmədim:
“Sonra Həsən bəyin nəşi yerdən qaldırıldı, meydandakı insan seliylə birlikdə Bibiheybət qəbiristanlığına doğru hərəkət başladı. Son mənzilə yola salınan Həsən bəyin cənazəsini də, ömrü boyu öz qəlbində ağırlığını daşıdığı, dərdini çəkdiyi insan selini də sanki bir işıq, nur topası müşayiət edirdi. İnsanlar başları üzərində onları müşayiət edən bu işıq topasına heyranlıqla baxırdılar. Həsən bəyin övliya ruhu zühur edərək, işıq şəklində, nura çevrilərək minilliklərə doğru irəliləmişdi və insanların çiynində daşınan cismani cənazədən xeyli irəlidə gedirdi.
Cənazə karvanı Bibiheybətə çatdı, insan seli yavaş-yavaş dayandı. Lakin Həsən bəyin ruhundan zühur edən işıq seli, aləmi bürüyən övliya nuru öz əbədiyyət yolunu davam edirdi. Bu işığın son dayanacağı hələ çox-çox uzaqlarda idi. Tükənməyən, bitməyən nur yolu, işıq seli heç vaxt bitməyəcək, sona çatmayacaq kimi millətin önünə düşərək gələcəyə doğru gedirdi. Xalqını, millətini daim müşayiət edəcək bu yolun yol yoldaşının cismini isə indicə Bibiheybətdə torpağa əmanət edəcəkdilər...”
Bunlar “İşığa gedən yol”un son sətirləridir. Bu son sətirlər oxucuda iki cəhətdən qəribə hisslər yaradır: Birincisi, Həsən bəy Zərdabinin - böyük bir millət atasının ölümü, ikincisi, bu möhtəşəm ömür yolunun bədii təsvirini verən bir romanın sona yetməsi təəssüfü. Doğrudur, roman sona yetir, lakin bununla bərabər, bu roman bizi tariximizin elə bir dövrünə qaytarır ki, millətə, Vətənə, xalqa bağlı bu zaman kəsiyinin təsir gücü heç vaxt bitib tükənmir.

Cahangir Məmmədli

Oxşar xəbərlər