Brüssel parlamentində Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb

Brüssel parlamentində Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb Belçikada səfərdə olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov Brüssel-Paytaxt Regionu parlamentinin rəhbərliyi ilə görüş keçirib və onlar üçün verilmiş işçi naharda iştirak ediblər.

Azərbaycanın Belçikadakı səfirliyindən verilən məlumata görə, aparılmış müzakirələr çərçivəsində icma üzvləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, həmin ərazilərdən qovulmuş azərbaycanlıların pozulmuş hüquqları barədə qarşı tərəfə ətraflı məlumat veriblər. Deputatlar həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm töhfə verə biləcək Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasında belçikalı siyasətçilərin önəmli rol oynaya biləcəklərini diqqətə çatdırıblar. İki icma arasında belə təmasların məhz Brüssel şəhərində təşkil edilməsində yardım xahiş edilib.
Azərbaycanın icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərin beynəlxalq hüquqa zidd olduğu vurğulanıb, belçikalı parlamentarların iştirakı ilə gələcəkdə belə halların qarşısının alınmasında parlament rəhbərliyinin müdaxiləsinin faydalı olacağı qeyd edilib. Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunun baş direktoru Mark Otte ilə keçirilmiş görüş zamanı icma üzvləri öz tədqiqatlarında Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə görə institut rəhbərliyinə təşəkkür edib, gələcəkdə mövzu üzrə dərc ediləcək hesabat və məqalələrdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin probleminin daha geniş işıqlandırılmasını xahiş ediblər. Həmçinin, institutun Avropada nüfuzlu tədqiqat mərkəzlərindən biri olaraq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu təşkil etməsi təklifi irəli sürülüb. Görüşlər zamanı qarşı tərəf irəli sürülmüş müraciətlərin nəzərdən keçiriləcəyini və Azərbaycanla mövzu üzrə müzakirələri davam etdirəcəklərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər