
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilən 18 yaşlı gəncə ittiham aktını elan edib.
İnşallah Hacıyev özünü qismən təqsirli bilərək hadisəni törətdiyinə görə peşman olmadığını deyib. Daha sonra ona sərbəst ifadə üçün söz verilib.
İ.Hacıyevin ifadəsindən bəlli olub ki, zərərçəkənin ailəsi ilə qonşu olublar. Hadisənin baş verməsinə səbəb kimi isə qonşunun ailə üzvlərinin onun atasına nalayiq sözlər deyərək hücum etməsini göstərib. Bundan sonra İ.Hacıyev də müdaxilə edib və tərəflər arasında əlbəyaxa dava başlayıb.
Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan İ.Hacıyev mübahisə zamanı qonşuları - 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu, 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib.
Qurban Məlikov hadisədən bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hadisə zamanı İ.Hacıyevin 18 yaşı tamam olmayıbmış.
Tehsil-press.az