
Bu haqda kitab mağazasının sahibi Nigar Köçərli məlumat verib.
O, bildirib ki, nazirlər dəyişsə də, köhnə intriqalar və bizə münasibət dəyişmir:
"Təəsüf ki, "Əli və Nino" kitab sərgisini tərk etməyə məcbur oldu. Bizə qarşı olan bu təhqiri həzm edə bilmədik. Baş verənləri izah edim. Nazirlər dəyişsə də, köhnə intriqalar və bizə münasibət dəyişmir. Bu il bizi inandırdılar ki, hər şey fərqli olacaq. Bizə təklif edilən yerlər salonun sonunda olsa da, yenə də razılaşdıq. Hamı kimi, sərgiyə stendləri düzmək üçün 1 gün əvvəl getdik. Minlərlə kitablar, böyük endirimlərlə, işimizə sevgi ilə.
O qeyd edib ki, "Ali və Nino”ya ayrılan yer başqa təşkilata verilib:
"Amma bizə ayrılan yer başqa təşkilata artıq vəd olunduğunu dedilər. Ondan sonra Şahbaz bəy nazir müavini, şöbə rəisi və digər əməkdaşlarla danışıb, məsələni həll etməyə çalışdı. Ona söz verildi ki, sabahdan o yer sizindir. Səhər 7-də bizim komandamız sərgiyə gələndə gördü ki, həmin yerdə artiq başqa (kitaba aid olmayan) təşkilat məskunlaşıb. Nazirliyin əməkdaşları heç nə olmamış kimi bütün əvvəlki danışıqları inkar etdilər".
Nigar Köçərli həmçinin bildirib ki, bu qərarı "Qanun" nəşriyyatı ilə birgə veriblər:
"Bu zaman "Qanun" və biz qərara aldıq ki, sərgini tərk edək. Bizneslərimiz ayrı olsa da, biz Şahbaz bəy ilə ailəyik. Çox pis vəziyyətdə idik. Qarşımızda çox çətin dilemma dayanmışdı. Biz gediriksə, bəs 20-dən çox müəllifin imza saatı və təqdimatı necə olacaq? Elə yazıçı var ki, ilboyu bu hadisəyə hazırlaşırdı. Hələ çəkilən xərcləri, komandamızın əziyyətini demirəm. Nəticədə Şahbaz bəylə qərara gəldik - biz qalırıq, imza günləri davam edir, "Əli və Nino" üçün isə koridorda bir neçə masa açdıq və kitabları düzdük. Durum o qədər təhqiredici idi ki, utandığımdan heç banneri da açmadım. Məyus və aşağılanmış vəziyyətdə ofisə qayıtdıq. Sonra başa düşdüm ki, mən bu vəziyyətlə barışa bilmərəm. Şahbaz bəyi inandırdım ki, Qanun işinə davam etsin, biz isə ("Əli və Nino") sərgini tərk edək. Bu qərardan sonra içimdə böyük rahatlıq yarandı. İlk növbədə komandama və bizə dəstək olan hərkəsə bir daha təşəkkür edirəm. Sərgidə olan bütün həmkarlarıma uğurlar arzulayıram".
Tehsil-press.az