“Pompeyin Qafqaza yürüşü”

“Pompeyin Qafqaza yürüşü” ADU-da əsərin italyan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib
Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” əsərinin italyan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov şair, dramaturq Nəriman Həsənzadə başda olmaqla təqdimat mərasimində iştirak edən digər qonaqları da salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib. O, tez-tez ADU-nun qonağı olan xalq şairinin istər yaradıcı fəaliyyəti, istərsə də insani xüsusiyyətlərinə görə hər kəs tərəfindən sevildiyini bildirib. Dünyamin Yunusov Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında ümumi məlumat verərək onun istedadı, qabiliyyəti ilə seçildiyini, həmçinin daim yazıb-yaratmaq şövqü ilə yaşadığını sözlərinə əlavə edib.
“Pompeyin Qafqaza yürüşü” əsərini italyan dilinə tərcümə edən ADU-nun Fransız və italyan dillərinin tərcüməsi kafedrasının baş müəllimi Aydan Əliyeva tarixi dram əsərini tərcümə etməyin, eyni zamanda bu proses ərzində Nəriman Həsənzadə ilə tanışlıq və əməkdaşlığın onun üçün sevindirici hal olduğunu söyləyib. Aydan Əliyeva bildirib ki, əsər nəzmdə olduğundan ilk baxışdan onu tərcümə etmək ona çətin görünüb, amma Nəriman Həsənzadə ilə müzakirələr apardıqdan sonra bu iş uğurla baş tutub. Əsərdə tarixi məqamla yanaşı, mədəni nüansların da olduğunu vurğulayan Aydan Əliyeva kitabın tərcümə olunan variantında da bunların əks olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan-İtaliya əməkdaşlığı çərçivəsində əsərin italyan teatrlarında səhnələşdirilərək iki ölkə arasındakı mədəni münasibətlər sahəsində körpü rolunu oynayacağına ümidvar olduğunu bildirib.
Xalq şairi, dramaturq Nəriman Həsənzadə dil tədris etməklə tərcümə sahəsində mütəxəssis yetişdirən Dillər Universitetində olmaqdan məmnunluğunu dilə gətirib, təqdimat mərasiminə ev sahibliyi etdiyinə görə ADU rəhbərliyinə təşəkkür edib. O, kitabı tərcümə edən Aydan Əliyevaya dərin minnətdarlığını bildirərək ölkəmizin belə insanlara ehtiyacı olduğunu söyləyib. Daha sonra “Pompeyin Qafqaza yürüşü” əsəri haqqında məlumat verən Nəriman Həsənzadə antik mənbələri araşdırarkən Pompeyin onun yaşadığı kənddə olduğunu öyrəndiyini və belə bir əsər yazmaq qərarına gəldiyini nəzərə çatdırıb. Xalq şairi əsərin tərcümə olunmasında, səhnələşdirilməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını ifadə edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr və kino aktyoru Ramiz Novruz ADU-nun onun üçün doğma universitet olduğunu bildirib. Nəriman Həsənzadənin yaradıcılığından danışarkən o, xalqımızın belə bir sənətkara sahib olmasından qürur duyduğunu vurğulayıb. Ramiz Novruz Nəriman Həsənzadənin səhnələşdirilən 3 pyesində rol aldığını söyləyib və bunun onun üçün sevindirici hal olduğunu diqqətə çatdırıb. O, Nəriman Həsənzadənin poeziyasında özünəməxsus canlı dil, səmimiyyət, teatra böyük diqqətin yer aldığını və bu sənətkarın yaradıcılığını səhnəyə daşımaqdan hər bir aktyorun fəxr etməli olduğunu sözlərinə əlavə edib.
Digər çıxışçılar Nəriman Həsənzadə yaradıcılığının Azərbaycanın mənəvi sərhədini genişləndirdiyini qeyd edərək ona işində müvəffəqiyyətlər arzulayıblar.

ADU-nun Mətbuat Xidməti


“Pompeyin Qafqaza yürüşü”“Pompeyin Qafqaza yürüşü”“Pompeyin Qafqaza yürüşü”

Oxşar xəbərlər