Genetik Ehtiyatlar İnstitutunda nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları müzakirə edilib

Genetik Ehtiyatlar İnstitutunda nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları müzakirə edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib.
Seminarı akademik Əhliman Əmiraslanov açaraq akademiyanın Elmi Nəşriyyat Şurasının müvafiq sahədə fəaliyyətin müasir tələblərə uyğun qurulması, eləcə də jurnallarla bağlı mövcud problemlərin həlli məqsədilə yaradıldığını söyləyib, qısa müddətdə bir çox uğurlara imza atdığını deyib. Qeyd edib ki, ötən müddət ərzində şura tərəfindən akademiyada çap olunan jurnalların bugünkü vəziyyəti araşdırılıb, dünyada elmi jurnallara qoyulan tələblər müəyyənləşdirilib və nəşrlərin müasir tələblərə uyğunlaşdırılması üçün səmərəli təkliflər verilib.
Akademik, həmçinin bu gün alimlərin məqalələrinə obyektiv resenziya almaqda çətinliklərlə üzləşdiklərini deyib, problemin həlli yollarına dair tövsiyələrini çatdırıb.
Sonra AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanovun “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində məqalə çap etdirməkdə məqsəd, məqalənin faydalı, maraqlı və oxunaqlı olması, əlyazmanın tərtibatı, jurnal seçimi, məqaləni seçilmiş jurnala təqdimetmə qaydaları haqqında məlumat verib. Bildirib ki, məqalənin nüfuzlu jurnallarda nəşri tədqiqatçının elmi fəaliyyət dairəsinin genişlənməsinə, onun statusunun yüksəlməsinə, beynəlxalq qrant layihələrində iştirakına təkan verir, həmçinin ölkənin və çalışdığı müəssisənin elmi nüfuzunun yüksəlməsinə gətirib çıxarır.
Misir Mərdanov məqalələrin hazırlanma qaydalarından danışıb, elmi nəticələrin orijinal və məntiqi mülahizələrlə zəngin, eləcə də annotasiyanın dolğun olmasının, açar sözlərin peşəkarlıqla seçilməsinin, resenziyaya diqqət yetirilməsinin, xüsusən səlis ingilis dilində yazılmasının zəruriliyini vurğulayıb. Bundan əlavə, məqalənin adına (6-12 sözdən ibarət) önəm verilməsinə və istifadə olunan ədəbiyyatı göstərməklə etik normalara riayət edilməsinə, o cümlədən “yırtıcı jurnallar”dan qorunmağa dair tövsiyələrini çatdırıb.
O, tədqiqat işinin “Elsevier”, “Nature”, “Springer” kimi nüfuzlu nəşriyyatlarda çıxan yüksək impakt faktorlu jurnallarda dərc edilməsinin məqalənin daha geniş ictimaiyyətə çatması baxımından önəmli olduğunu deyib.
Məruzə dinlənildikdən sonra akademiklər İradə Hüseynova və Məmməd Salmanov mövzu ətrafında çıxış edərək fikir və təkliflərini bildiriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər