Prezidentin müdrik siyasətinin böyük təntənəsi

Prezidentin müdrik siyasətinin böyük təntənəsi Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Prezident İlham Əliyevin Vətən naminə yürütdüyü müdrik, uzaqgörən siyasətin çox böyük qələbəsidir. Həmin sahədə əldə olunan digər mühüm uğurlarla yanaşı, bu qələbə sübut edir ki, xalqımız ümumdünya mədəniyyətini, müasir sivilizasiyanı yaradan xalqlardandır. Bunun dünya miqyasında qəbul olunması, daha doğrusu, rəsmi olaraq etiraf olunması həqiqətən çox böyük tarixi qələbədir.
Dünyanın ən qədim şəhərlərindən biri, 2700 ildən çox yaşı olan Şəki şəhəri haqqında bu tarixi qərarın UNESKO-nun Ümumdünya İrs Komitəsinin məhz Bakıda keçirilən 43-cü sessiyasında qəbul edilməsi isə Azərbaycan üçün çox mühüm tarixi hadisədir. Bu qələbə çox çətin, mübarizələrlə dolu yolun parlaq sonluğudur. Bu qələbənin tarixi Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə unudulmaz Şəki səfərindən, Prezident İlham Əliyevin Şəkiyə səfərlərindən, onun Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə məşhur Şəki abidələri ilə tanışlıqlarından, ölkə rəhbərinin birbaşa göstərişi ilə görülən bərpa işlərindən, Prezidentin Şəki ilə bağlı verdiyi çoxsaylı sərəncamlardan başlayır.
Mən Prezidentin Şəki səfərləri zamanı onun Şəki abidələri ilə, şəhərin bütün qədim məhəllələri ilə tanış olmasının, təkcə Aşağı Karvansaraya dörd dəfə gəlməsinin şahidiyəm. Aşağı Karvansarayla tanışlıq zamanı Prezidentin "bu abidənin bərpası zamanı onun memarlığına qətiyyən əl vurmayın” göstərişini necə kəskinliklə verməsinin şahidiyəm.
Dairəvi Tanrıçılıq abidəsi ilə tanışlıq zamanı XIX əsrdə işğalçıların bu abidəni saxtalaşdıraraq görkəmini dəyişməsindən necə təsirləndiyinin və "Tezliklə bu abidəni əvvəlki görkəminə qaytarın!” deməsinin şahidiyəm.
Heç yadımdan çıxmır. Prezident və Birinci xanım, Ərdoğan və xanımı Xan Sarayı və digər abidələrlə tanış olarkən birdən Ərdoğanın xanımı Əminə Ərdoğan Mehriban xanıma müraciətlə "Bu, misilsiz abidələrdir, onları UNESKO-nun qeydiyyatına saldırmaq haqqında düşünürsünüzmü” sualını verdikdə Mehriban xanım çox inamlı və qətiyyətli cavab verdi: "Biz artıq bu işə başlamışıq və məqsədimizə hökmən nail olacağıq!”
Şəkiyə nə qədər ekspertlər gəldi, nə qədər tövsiyələr oldu, Prezidentin qayğısı ilə nə qədər bərpa işləri görüldü. Nəhayət, 2019-cu ildə Azərbaycanın məşhur tarixi şəhəri haqqında UNESKO-nun qərarı Bakıda qəbul olundu! Bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik etdiniz, cənab Prezident! Əslində isə təbrik Sizə düşür. Çünki bu, Sizin Vətən naminə yeritdiyiniz müdrik siyasətin qələbəsidir, yürütdüyünüz qətiyyətli siyasətin qələbəsi naminə Mehriban xanım Əliyevanın yorulmadan apardığı davamlı mübarizənin nəticəsidir. Bu qələbələr üçün xalqımız Zati-alinizə minnətdardır. Bu yolda Sizə, Mehriban xanım Əliyevaya yeni-yeni uğurlar arzulayıram!
Şəki tək tarixi abidələri ilə məşhur deyil, həm də tarixi şəxsiyyətlər yurdudur. Mirzə Fətəli Axundzadə, Salman Mümtaz, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Şəfiqə Axundova və başqa çoxsaylı görkəmli şəxsiyyətlərimiz məhz Şəki torpağının yetirmələridir.
Bu gün Şəki Azərbaycanın tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir şəhərdir. Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı, TÜRKSOY tərəfindən 2016-cı ilin Türk mədəniyyəti paytaxtı elan edilib, 2017-ci ildə isə UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.

Yaqub Mahmudov,
Tarix İnstitutunun direktoru,
akademik

Oxşar xəbərlər