Memarlıq və İncəsənət İnstitutu: Alimlər hər zaman ordumuzun yanındadır

Memarlıq və İncəsənət İnstitutu: Alimlər hər zaman ordumuzun yanındadır Ermənistan silahlı qüvvələri Tovuz bölgəsində hərbi qarşıdurmaya can atdılar. Məqsədyönlü törədilən bu təxribata ordumuz tərəfindən layiqli cavab verildi.
Bu sözləri Memarlıq və İncəsənət İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfiqə Ağakişiyeva söyləyib. O qeyd edib ki, son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutması bir neçə hərbi qulluqçumuzun və əsgərimizin ölümünə və yaralanmasına səbəb oldu. Ermənistan məkrli siyasətini davam etdirərək cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən kəndlərimizin dinc əhalisini də iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutdu. Nəticədə dinc sakinlər arasında da həlak olan və yaralananlar var.
Artıq 30 ildir ki, Azərbaycan torpaqlarının iyirmi faizi işğal olunub. Bu müddət ərzində Azərbaycan münaqişəni dinc yolla həll etməyə çalışıb. Lakin Ermənistanın işğalçılıq siyasəti davam etməkdədir. Düşmən atəşkəs rejimini mütəmadi pozur və tez-tez sərhədboyu ərazilərimizdə təxribatlar törədir. Lakin bizim müasir texnika və hərbi silahlarla təchiz olunmuş güclü ordumuz var. Bu hərbi qüvvələrlə Azərbaycan Ordusu düşmənin bütün həmlələrini dəf etməyə qadirdir. Son illərdə bir neçə hərbi əməliyyatdan zəfərlə çıxan ordumuz öz gücünü və qüdrətini bir daha göstərdi.
Ermənistan tərəfi Azərbaycana qarşı yalnız hərbi təxribat törətmir, eyni zamanda, informasiya müharibəsi aparır. Bəllidir ki, düşmənin əsas məqsədlərindən biri də xalqımız arasında çaşqınlıq, təşviş, orduya inamsızlıq yaratmaqla psixoloji qələbəyə nail olmaqdır. Lakin düşmənlərimiz heç zaman məqsədlərinə çata bilməyəcəklər. Çünki xalqımız və dövlətimiz birdir, yekdildir.
Beynəlxalq arenada Azərbaycanın siyasi nüfuzunun gündən-günə artması və mövqelərinin güclənməsi Ermənistanı yenə də sarsıtdı. Azərbaycanı təcavüzkar qələmə verməyə çalışan məkrli düşmən müxtəlif uydurma və şayiələr yaymaqla öz niyyətini həyata keçirmək istədi. Lakin Ermənistanın niyyəti Azərbaycan xalqının birliyi sayəsində puç edildi.
Xalqımızın bütün nümayəndələri kimi alimlər də hər zaman Ali Baş Komandanımızın və ordumuzun yanındadır.

Tehsil-press.az

Oxşar xəbərlər