ADNSU-da “Azərbaycan Respublikasının tarixi” kitabının təqdimatı olub

ADNSU-da “Azərbaycan Respublikasının tarixi” kitabının təqdimatı olub Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində professor Musa Qasımlının “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabının təqdimatı keçirilib.
Tədbirdə Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova “Azərbaycan Respublikasının tarixi” kitabı haqqında məlumat verib. Bildirilib ki, BDU-nun Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitab 2 cilddən ibarətdir. Birinci cild 1991-2003-cü, ikinci cild isə 2003-2021-ci illəri əhatə edir. Birinci cilddə Azərbaycanın siyasi tarixinin ən vacib problemləri tədqiq edilib. Nəşrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının başlanılması, soydaşlarımızın öz dədə-baba torpaqlarından qəddarcasına qovulması, 20 Yanvar hadisələrindən bəhs olunub.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda qəbul edilən qərarlar, Ümummilli Liderin xarici səfərləri, neft strategiyası və digər mühüm tarixi hadisələr nəşrdə geniş şərh olunub.
İkinci cilddə 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri, Bakı-Tbilisi-Qars dəmir yolunun təməlinin qoyulması, Heydər Əliyev Fondunun yaradılması, Türkiyə-Azərbaycan birgə təlimləri, ölkəmizdə qazanılan uğurlar, Prezident İlham Əliyevin siyasəti, şanlı Ordumuzun gücü və qüdrəti ilə Vətən müharibəsində qazandığımız Böyük Zəfər və digər əlamətdar hadisələr qeyd olunub.
Kitab tədqiqatçılar, siyasətçilər, diplomatlar və Azərbaycanın tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova, Humanitar fənlər kafedrasının müdiri professor Camal Mustafayev, professor İradə Nuruyeva, dosentlər Yaşar Əhmədov, Tahir Cəfiyev çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüb, onun tariximiz üçün dəyərli mənbə olduğunu vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər