Neft və Sənaye Universitetində növbəti “Açıq mikrofon”

Neft və Sənaye Universitetində növbəti “Açıq mikrofon” Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib. Tədbirdə iştirak edən tələbə və müəllimlərlə yanaşı, “Açıq mikrofon” universitetin feysbuk səhifəsi üzərindən canlı yayımlanıb və yüzlərlə tələbə onlayn olaraq tədbirə qoşulub.
Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə tədrisin yüksək səviyyədə təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi, buraxılış işlərinin hazırlanması istiqamətində görülən işlər haqqında məlumat verib. Rektor 2022-2023-cü tədris ilində bakalavr səviyyəsi üzrə 3507 abituriyentin bu universiteti seçdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkə üzrə 600-dən yuxarı bal toplayan tələbələrin təxminən 30 faizi ADNSU-nu seçib.
Elektron təhsil sistemi, təhsillə bağlı icra olunan yeni layihələr haqqında məlumat verən M.Babanlı ADNSU-da tələbələrin təhsili üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.
Sonra 2022-2023-cü tədris ilində yüksək balla ADNSU-ya qəbul olan tələbələr mükafatlandırılıb. Tədbirdə 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə görə, tədris kursları üzrə ən yaxşı qrup nominasiyasının qalibləri də mükafatlandırılıblar. Belə ki, üç kurs üzrə qalib komandaların nümayəndələri səhnəyə dəvət olunub. Birinci kurslar üzrə I yeri İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin 692.21E saylı qrupu qazanıb. İkinci və üçüncü kurslar üzrə də I yerləri həmin fakültənin müvafiq olaraq 632.20E və 693.19 saylı qrupları qazanıb. Qalib qruplara mükafatlar verilib.
“Açıq mikrofon”da tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər