“Qələmin uçuşu. Səyahətnamə. Azərbaycan” kitabının müzakirəsi keçirilib

“Qələmin uçuşu. Səyahətnamə. Azərbaycan” kitabının müzakirəsi keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin Tehrandakı səfiri olmuş Adil xan Ziyadxanın “Qələmin uçuşu. Səyahətnamə. Azərbaycan” kitabının müzakirəsi keçirilib.
Tərtibçi müəlliflər dosent Əkrəm Bağırov və professor Asif Rüstəmli çıxışlarında Adil xanın Azərbaycandakı və İrandakı fəaliyyətindən, çar dövründə Avropaya etdiyi səyahətdən, Cümhuriyyət zamanı yazdığı kitabdan və xatirələrindən bəhs edib, Adil xanın fəaliyyətinin tədqiq edilməsi, arxiv materiallarının toplanmasının zəruriliyindən danışıblar.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin qatıldığı müzakirədə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin daha geniş miqyasda tanıdılması baxımından onların qələminə məxsus əsərlərin ayrıca kitab halında nəşr olunmasının əhəmiyyəti vurğulanıb.
Sonra Adil xan Ziyadxanın kitaba daxil edilmiş “Qələmin uçuşu” adlı əsərini fars dilindən tərcümə edən dosent Əkrəm Bağırov, “Azərbaycan” və “Səyahətnamə” əsərlərini ərəb qrafikasından transfoneliterasiya edən Asif Rüstəmli kitabla bağlı tələbələri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, yeni nəşrin elmi məsləhətçisi Dilqəm Əhməd, redaktoru Fərhad Kərimli, korrektoru Namiq Hüseynli, naşiri isə Yusif İlhamoğludur.

Tehsil-press.az


Oxşar xəbərlər