Unudulmaz Lider

Unudulmaz Lider Hər yaşadığımız yeni il milli tariximizin, ictimai həyatımızın, mədəniyyətimizin formalaşmasında və inkişafında müstəsna əhəmiyyətə malik fövqəladə hadisə, yaxud şəxsiyyətə həsr olunur. Bu, artıq ənənə xarakteri alıb: “Nəsimi İli”, “Nizami Gəncəvi İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”, “Şuşa İli”, “İslam həmrəyliyi İli”, “Multikulturalizm İli” və s. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Bu əlamətdar hadisə münasibətilə Ulu Öndərin zəngin həyat yolunu, çoxşaxəli titanik fəaliyyətini, yeritdiyi daxili və xarici siyasəti, dövlət quruculuğunda gördüyü böyük işləri, bütövlükdə xalqımızın və dövlətimizin inkişafı naminə həyata keçirdiyi fövqəladə missiyanı bir daha təhlil etmək zərurəti yaranır. Qəti əminəm ki, Heydər Əliyev kimi nəhəng şəxsiyyətin fəaliyyətini müəyyən zaman kəsiyində qiymətləndirmək doğru deyil. İctimai elm çoxdan mütləq həqiqəti ortaya qoymuşdur. Böyük dövlət xadimlərinin fəaliyyəti yalnız müqayisəli-tarixi aspektdə qiymətləndirilməli, onların ölkəsinin və xalqının taleyində oynadığı rolu yalnız zaman özü dəyərləndirməlidir. Məşhur bir deyimə görə, dağın əzəmətini duymaq və müşahidə etmək üçün ona uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də belədir.
Bu fikirləri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.
G.Baxşəliyeva bildirib ki, ölkəmizdə son 50 ildə baş verən proseslərə və həmin proseslərin mərkəzində dayanan Ulu Öndər Heydər Əliyevin fövqəladə missiyasına nəzər saldıqda, о dövrün tariximizdə müstəsna yerini və əhəmiyyətini daha dərindən dərk edirik. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi o kəsdir ki, cəmiyyətdəki stabilliyi qorumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Ulu Öndər Heydər Əliyev bu illər ərzində məhz belə bir müdriklik nümayiş etdirib.
Biz tariximizin bütün anlarını yadda saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Faciəvi olub ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğrayıb, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulub. Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də ciddi təsiri olub. Daxili çəkişmələr və münaqişələr, şəxsi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran Ümummilli Liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açmış, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməmişdir. Bunu bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda (XVIII əsrdə) Azərbaycanın xanlıqlara parçalanması faktı da təsdiq edir, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması da.
XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan milli qüvvələrin daxili və xarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi sınaq qarşısında qoydu. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətinə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi Ümummilli Lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət – Heydər Əliyev şəxsiyyəti var idi. Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin sədri, daha sonra ölkə Prezidenti seçilən Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş, necə deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində Ulu Öndərimizin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər bu gün öz bəhrəsini verir. Biz o günlərin canlı şahidləri olsaq da, həmin dövrdə baş vermiş prosesləri yenidən mənalandırmaq, onların mahiyyətinə daha dərindən varmaq ehtiyacı duyuruq. Ümummilli Lider Heydər Əliyevin olduqca zəngin həyat yolunu nəzərdən keçirərkən bir daha əmin oluruq ki, onun çoxşaxəli yorulmaz, zəngin fəaliyyəti Azərbaycana, xalqımıza fədakarcasına xidmətin bariz nümunəsidir. Bu, sovet dövründə də belə olub, vətənimiz müstəqillik əldə edəndən sonra da.
Heydər Əliyevin həm ötən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik edərkən, həm də müstəqil dövlət qurarkən apardığı ümumi siyasət bu olub: Azərbaycanın milli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək.
“Xalqımızın taleyində müstəsna rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən Heydər Əliyev fövqəladə quruculuq missiyasını həyata keçirib, xalqın həyatının bütün sahələrinə silinməz təsir göstərib. Həmin xeyirxah təsir mənim və ailəmizin həyatında da özünü göstərmişdir və mən xoşbəxtəm ki, bu böyük şəxsiyyəti tanımaq, müşahidə etmək, onunla ünsiyyətdə olmaq imkanı da qismətimə düşüb. Nəşrə hazırladığım “Unudulmaz Lider” başlıqlı kitab həyatım boyu Ulu Öndərin çoxşaxəli titanik fəaliyyəti haqqında yazdığım məqalələri (“Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi”, “Azərbaycan zirvəsi”, “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti”, “Xalqımızın xilaskarı”, “İslam ölkələrini Azərbaycanın strateji tərəfdaşına çevirən lider”, “Heydər Əliyev və İslam Əməkdaşlıq təşkilatı”, “Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı”, “Bir millət, iki dövlət prizmasından Azərbaycan-Türkiyə münasibətləri” və s.), verdiyim müsahibələri (“Çoxəsrlik tariximizin Böyük Azərbaycanlısı”, “Vətənin taleyi heç kimin siyasi ambisiyasının qurbanına çevrilməməlidir”, “Güclü iqtidar – qüdrətli Azərbaycan deməkdir”, “Azərbaycan Prezidentinin elmə, təhsilə qayğısı bu sahənin adamlarında ruh yüksəkliyi yaradıb”, “Heydər Əliyev Azərbaycan tarixinə böyük qurucu kimi daxil olub”, “Ulu Öndər Heydər Əliyev müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq, onu dönməz və əbədi etmişdir” və s.) əhatə edir. Kitaba, eyni zamanda, “Heydər Əliyev İli” işığında son aylarda qələmə aldığım yazılarım, Ulu Öndərlə bağlı çoxsaylı xatirələrim, onun sovet Azərbaycanına rəhbərliyi dövründə nail olduğu böyük inkişaf və tərəqqi haqqında atam, 1970-1987-ci illərdə maliyyə naziri vəzifəsində çalışan Baxşəli Baxşəliyevdən dinlədiyim söhbətlər haqqında bilgilərim, Ulu Öndərin şəxsiyyətinin böyüklüyü, xalqımızın tale və tarixində buraxdığı möhtəşəm təsirlə bağlı düşüncələrim daxildir”,- deyə Gövhər Baxşəliyeva fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər