BSU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti beynəlxalq elmi-praktik konfrans keçirilir

BSU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti beynəlxalq elmi-praktik konfrans keçirilir Bakı Slavyan Universitetində (BSU) Psixologiya Elmi-Tədqiqat İnstitutunun və “Müasir Azərbaycan psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində (“Psixologiya Zirvəsi-2) “COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifah” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.
İki gün davam edəcək beynəlxalq konfransda yerli və xarici tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər.
Əvvəlcə konfransın iştirakçıları, o cümlədən qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Konfransı giriş sözü ilə açan Milli Məclisin Elm və təhsil komitəsinin sədri AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev konfransın böyük ənənələrə sahib olan universitetdə keçirilməsinin əhəmiyyətini qeyd edib. Deputat tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmasının xüsusi önəm daşıdığını bildirib. Bəxtiyar Əliyev ötən əsrin 70-ci illərində hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə, xüsusilə elm sahəsində apardığı islahatlardan danışıb. Ümummilli Lider Heydər Əliyevin SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini söyləyən professor Azərbaycanda təhsil islahatlarının onun təşəbbüsü ilə başladığını və bu gün də bu ənənənin uğurla davam etdiyini bildirib. Tədbirdə qardaş Türkiyənin geniş tərkibli nümayəndə heyətinin iştirakını qeyd edən deputat COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifaha həsr olunmuş konfransın bu istiqamətdə aparılacaq elmi araşdırmalara, həmçinin əhalinin psixoloji rifahının yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Rektor Anar Nağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə 2000-ci ildə BSU-nun statusunun artırılaraq geniş profilli ali təhsil müəssisəsinə çevrildiyini diqqətə çatdırıb. Bu gün universitetdə ənənəvi kadr istiqamətləri ilə yanaşı, bolqar, çex, polyak və digər dillərin tədris olunduğunu vurğulayan rektor BSU-da müxtəlif xalqların mədəniyyətini, tarixini öyrənən müxtəlif tədris-mədəniyyət mərkəzlərinin, həmçinin universitetin Şərqi Avropada Azərbaycan dilinin tədrisini həyata keçirən 5 mərkəzinin mövcud olduğunu deyib. Anar Nağıyev BSU kollektivinin “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərə çox böyük fərəhlə qoşulduğunu diqqətə çatdırıb. O, universitetdə bu tədbirlər planı çərçivəsində mayın 4-5-də "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri” (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə) adlı beynəlxalq elmi konfransın keçirilməsini xüsusi qeyd edib. Rektor konfransın həm Azərbaycandan, həm də xarici ölkələrdən olan iştirakçılarının Ulu Öndərin zəngin irsinin müxtəlif aspektlərdə fərqli şəkildə öyrənilməsinə böyük diqqət göstərdiyini söyləyib. Həmçinin mayın 16-da Lənkəran Dövlət Universitetində sözügedən beynəlxalq elmi konfransın regional bölməsinin keçirildiyini, oktyabr-noyabr aylarında isə beynəlxalq bölmənin Türkiyənin Qars Qafqaz Universitetində keçiriləcəyini diqqətə çatdırıb.
Anar Nağıyev 2022/2023-cü tədris ilində ilk dəfə III qrup üzrə bakalavriat səviyyəsində psixologiya və korreksiyaedici təlim ixtisası üzrə tələbə qəbulu həyata keçirildiyini deyib, yeni ixtisaslara qəbulun 100 faiz olduğunu vurğulayıb. BSU-da psixologiyanın tədrisinin həm elm, həm də kadr hazırlığı istiqamətində köklü ənənələri olduğunu deyən rektor universitetin təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə həm bakalavr, həm magistratura, həm də təkrar ali təhsil səviyyələrində kadr hazırlığını həyata keçirdiyini söyləyib.
Rektor çıxışında, həmçinin universitetdə ənənəvi olaraq həyata keçirilən inklüziya layihəsi və “İnklüziv təhsildən inklüziv cəmiyyətə” respublika elmi-praktik konfransından bəhs edib. O, 2023-cü ildə bu istiqamətdə fəaliyyət planının genişləndirilərək 4 regional dəyirmi masanın təşkil olunduğunu qeyd edib. Anar Nağıyev bildirib ki, respublika elmi-praktik konfransının məqsədi inklüziv dəyərlərin təbliği, bu istiqamətdə şəbəkələşməni həyata keçirməkdən ibarətdir. Bu səpkidə konfransların təşkilinin beynəlxalq təcrübədən yararlanmaq, peşəkar mütəxəssislərdən öyrənmək baxımından böyük əhəmiyyət daşıdığını qeyd edən rektor türkiyəli professor-müəllim heyətinə, qonaqlara, iştirakçılara təşəkkürünü bildirib, universitetin hər zaman əməkdaşlıqlara açıq olduğunu deyib.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov institutun məqsədinin Azərbaycanda psixologiya üzrə fundamental tədqiqatlar aparılması, yüksəkixtisaslı kadrların hazırlanması olduğunu qeyd edərək, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələrdən danışıb. Elnur Rüstəmov çıxışında müəssisənin yarandığı gündən psixologiya sahəsində elmi araşdırmalara xüsusi diqqət ayırdığını bildirib. O, cari ilin aprel və may aylarında elmi-tədqiqat qrupu tərəfindən hazırlanmış iki elmi məqalənin “Scopus”, “Web of Science” kimi elmi bazalarda yer alan beynəlxalq indeksli jurnallarda çap olunmasını institutun fəaliyyəti üçün əlamətdar hadisələrdən biri kimi vurğulayıb. Elmi araşdırmaların uğurla davam etdiyini söyləyən Elnur Rüstəmov yeni məqalələrin hazırlandığını bildirib. Qeyd edib ki, institut tərəfindən məktəb mühiti məmnunluğu, yeniyetmələrin zərərli oyun asılılığı kimi araşdırmaları ehtiva edən beynəlxalq səviyyəli psixoloji testlərin tərcüməsi və ölkə mühitinə adaptasiyası həyata keçirilib. Bu layihənin tətbiqi üçün hazırlıqlar aparılır.
Yıldız Texniki Universitetinin Təhsil fakültəsinin dekanı professor Mehmet Engin Deniz çıxışında “Psixologiya Zirvəsi-1” konfransı zamanı görülmüş işlərdən bəhs edib. O, Yıldız Texniki Universitetinin bu istiqamətdəki beynəlxalq əlaqələrindən, həyata keçirilən tədbirlərdən, praktik işlərdən söz açıb. Mehmet Engin Deniz qeyd edib ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində peşəkar ailə psixoloqlarının hazırlığı, psixoloqların təkmilləşdirilməsi istiqamətində bir neçə ixtisasartırma proqramları həyata keçirilir. İki qardaş ölkənin mütəxəssislərinin bir araya gəlib psixologiya sahəsində peşəkar kadrların yetişdirilməsinə qatdıqları töhfəyə görə məmnunluğunu bildirən professor bu əməkdaşlığın daha da genişləndirilməsinin faydalı olacağını deyib.
Açılış mərasimi BSU-nun tələbələrinin özfəaliyyət kollektivinin konserti ilə tamamlanıb. Konfrans öz işini bölmələrdə davam etdirib.
Bölmələrdə 13 məruzə dinləniləcək, 2 "workshop" həyata keçiriləcək.
Qeyd edək ki, konfransda seçilmiş məqalələr “Psixologiya” jurnalında dərc olunacaq.

Tehsil-press.az



Oxşar xəbərlər