Ardahan Universiteti Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıqda maraqlıdır

Ardahan Universiteti Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıqda maraqlıdır Türkiyənin Ardahan Universitetinin beynəlxalq əlaqələr üzrə koordinatoru Doğan Saltaş Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Görüşdə Aİİ-nin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov institutun fəaliyyəti haqqında danışıb. Aİİ-də bakalavriat, magistratura və doktorantura pillələri üzrə tədris həyata keçirildiyini söyləyən M.Camalov vurğulayıb ki, institutda təhsil tamamilə ödənişsizdir.
Tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş məlumatlar verildiyini diqqətə çatdıran prorektor institut müəllimlərinin öz sahələrinin peşəkar mütəxəssisləri olduqlarını bildirib.
Doğan Saltaş Ardahan Universiteti barədə məlumat verib. İkitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını qeyd edən D.Saltaş bildirib ki, “Erasmus+”, “Mövlana” tipli proqramlar vasitəsilə tələbə, müəllim mübadiləsinin həyata keçirilməsi mümkündür.
Sonra hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və təhsilalanlar üçün akademik səfərlərin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər