AMEA-nın “Heydər Əliyev İli” nəşrlərinin təqdimatı olub

AMEA-nın “Heydər Əliyev İli” nəşrlərinin təqdimatı olub Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın “Heydər Əliyev İli” nəşrlərinin təqdimatı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyanın “Heydər Əliyev İli”nə töhfə olaraq bir çox konfranslar, tədbirlər keçirdiyini xatırladaraq Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması üçün əhəmiyyətli işlər görüldüyünü, elmi-populyar nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu deyib. Alim AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə Ulu Öndərin çoxcəhətli fəaliyyətinin müxtəlif məqamlarına həsr olunmuş 50-yə yaxın kitab və monoqrafiyaların işıq üzü gördüyünü qeyd edib. Bildirib ki, bu il ərzində çap olunmuş kitablar, keçirilən konfranslar Ulu Öndərin həyatının, yorulmaz fəaliyyətinin, ideallarının fonunda müstəqillik uğrunda aparılan mübarizənin ən aktual məsələlərindən biridir.
AMEA prezidenti vurğulayıb ki, sərgidə təqdim olunan kitablarda Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə ehtiva edən Heydər Əliyev epoxası, Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlər, əzəli və əbədi torpaqlarımızın işğaldan azad olunması, Ulu Öndərin irsinin öyrənilməsi, tədqiqi istiqamətində həyata keçirilən mühüm tədbirlər geniş şəkildə öz əksini tapıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, akademiklər Teymur Kərimli, Muxtar İmanov, professor Kərim Şükürov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digərləri çıxış ediblər. Çıxış edənlər AMEA tərəfindən “Heydər Əliyev İli”nə töhfə olaraq hazırlanmış, nəfis tərtibatı və məzmunu ilə seçilən kitabların Ümummilli Liderin irsinin dərindən öyrənilməsi baxımından önəminə toxunublar.

Tehsil-press.az




Oxşar xəbərlər