BDU Antalyada keçirilən beynəlxalq konfransında təmsil olunur

BDU Antalyada keçirilən beynəlxalq konfransında təmsil olunur Antalyada “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə universitet kitabxanalarını yenidən düşünmək” mövzusunda ANKOSLink beynəlxalq konfransı keçirilir.
Azərbaycandan 12 nəfərdən ibarət nümayəndə heyətinin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türk dövlətlərinin kitabxana konsorsiumlarının konfransda iştirakı Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun koordinatorluğu ilə təşkil edilib.
Konfransın ilk günündə BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Türk Cümhuriyyətlərində kitabxanaların inkişafı” adlı bölmə iclasında “Azərbaycan kitabxanalarının tanıtımı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda 2023-cü ilin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105, Türkiyə Cümhuriyyətinin qurulmasının 100, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileylərinə təsadüf etdiyi vurğulanıb. 1000-dən çox kitabxana və 5 milyondan çox kitab fondunun ermənilərin işğalı dövründə talan olunduğu, 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərdən sonra isə kitabtoplama kampaniyası olan “Qarabağa kitabla gedək!” layihəsi haqqında məlumat verilib.
Sonda Azərbaycanda dövlət kitabxana şəbəkə və sistemləri, universal, kütləvi, universitet, gənclər və uşaq kitabxanaları haqqında danışılıb.
Konfransın ikinci günü “Akademik kitabxanalarda inkişaf və yeniliklər” panelində BDU Elmi Kitabxanasının şöbə müdiri Cəmilə Yusifovanın “Az.KİK-ə üzv akademik kitabxanaların inkişaf və yenilikləri” mövzusunda təqdimatla çıxışı dinlənilib. Təqdimatda universitet kitabxanalarının üzv olduğu Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun fəaliyyəti, beynəlxalq EIFL konsorsiumunun xidmətləri, EBSCO və digər elektron məlumat bazaları haqqında məlumat verilib.
Qeyd edək ki, tədbirdə 22 ölkədən 500-ə yaxın iştirakçı, kitabxana işi sahəsində çeşidli informasiya xidmətləri göstərən 212 qurum və 56 firma iştirak edir. Maraqlı tərəflərin bir araya gəldiyi ANKOSLink beynəlxalq konfransı Türkiyədə və regionda kitabxana, nəşriyyat işinə dair yeniliklərin izlənildiyi, problemlərin müzakirə edildiyi, həll yollarının təklif olunduğu dinamik platformadır.
Konfrans işini noyabrın 23-də yekunlaşdıracaq.

Tehsil-press.az



Oxşar xəbərlər