ULU ÖNDƏR HEYDƏR ƏLİYEV-101

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV-101 Bu gün 10 may Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Hər bir azərbaycanlı onu dərin hörmət və ehtiramla yad edir. Naxçıvanda sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Ulu Öndər Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndər öz çıxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağa, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsir etmə gücündə idi. Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər. Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Tariximizin ən keşməkeşli dönəmlərində Azərbaycanın xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan Ulu Öndərimiz Heydər Əliyevin adı qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV-101
Gülöyşə Əhmədzadə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi


Tehsil-press.az

Oxşar xəbərlər