“Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun alimlərinin yubileylərinə həsr olunan “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda çıxış edən ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev qonaqları və iştirakçıları salamlayaraq qeyd edib ki, ali təhsil ocağında bakalavr üzrə “Fizika” və “Fizika müəllimliyi”, magistratura üzrə “Fizika fənninin tədrisi, metodikası və metodologiyası”, “Yarımkeçiricilər fizikası”, doktorantura üzrə isə “Nəzəri fizika”, “Yarımkeçiricilər fizikası”, “Bərk cisimlər fizikası” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Elbrus İsayev bu ixtisaslar üzrə təhsil alan tələbələrin müvafiq laboratoriyalarda keçdikləri təcrübi dərslərin əhəmiyyətindən danışıb, çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru Arif Həşimov çıxış edərək qeyd edib ki, konfransın məqsədi fizikanın əsas istiqamətləri ilə bağlı aktual elmi müzakirələr aparmaq, əldə ediləcək elmi-nəzəri nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını müəyyənləşdirməkdən ibarətdir.
Arif Həşimov bildirib ki, konfransın proqramı olduqca zəngindir. Konfransa təqdim olunan məruzə və çıxışların xüsusən fizikanın aktual problemlərinin həlli üçün qarşıda duran məsələlərdə alim və tədqiqatçıları yeni ideyalara istiqamətləndirə biləcəyinə əminəm.

Konfransda Fizika elmləri doktoru, professor Adilə Abbasovanın “Laylı kristallarda radiasiya effektləri”, Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisliyi kafedrasının dosenti Validə Hacıyevanın “Yarımkeçirici nazik təbəqələrdə ifrat keçiriciliyin elektron-fonon mexanizmi” mövzularında məruzələri dinlənilib.

Sonra Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarxa baxış olub.

Konfransa onlayn şəkildə qoşulan Türkiyənin Qazi Universitetinin professoru Cengiz Taplamacaoğlu, Danimarka Elmi Tədqiqat Mərkəzinin professoru Naser Tabatabei, Meksika Nüvə Tədqiqatları Mərkəzinin professoru Natiq Atakişiyev və Rusiya Fedarasiyası Dubna şəhərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun professoru Yevgeniy Yakushyevin çıxışları dinlənilib.

Konfransın plenar iclasının sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

Qeyd edəki konfrans 2 bölmədə öz işini davam etdirib.

Məlumat üçün onu da bildirək ki, Fizika İnstitutunun əməkdaşları konfrans çərçivəsində Fizika-Riyaziyyat və Memarlıq-Mühəndislik fakültələrinin tələbələrinə ustad dərsləri keçiblər. Bununla yanaşı, “Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu arasında əməkdaşlığın aspektləri” mövzusunda dəyirmi masa təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər