NDU-da “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” II Respublika konfransı keçirilib

NDU-da “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” II Respublika  konfransı keçirilib Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu" adlı II Respublika konfransı baş tutub. Tədbirdə elm və təhsil sahəsində texnoparkların əhəmiyyəti və inkişaf perspektivləri müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfransı açan Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov qeyd edib ki, Muxtariyyətin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində müxtəlif elm sahələrini əhatə edən 20-dən çox konfrans təşkil edilib. Bu gün keçirilən konfrans isə texnoparklara həsr olunmuş ikinci konfransdır. Texnoparklar sənaye ilə universitet arasında sıx əlaqə yaradan, innovativ layihələrin həyata keçirildiyi mərkəzlərdir. Həmçinin Elsevər Əsədov bildirib ki, texnoparklar elmi tədqiqatların tətbiq sahəsinə inteqrasiya olunmasında mühüm rol oynayır. Texnopark mərkəzləri vasitəsilə aparılan elmi işlər yalnız mövcud layihələrlə məhdudlaşmır, eyni zamanda bu sahədə gələcəkdə də yeni tədqiqatların həyata keçirilməsi planlaşdırılır. Müasir dövrdə texnoparkların ali təhsil ocaqlarının kampusunda qurulması böyük əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan Dövlət Universiteti, ölkəmizdə seçilən universitetlərdəndir.

Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin professoru Kərəm Karabulut XXI əsrin texniki sənaye baxımından 4-cü sənaye dövrü olduğunu bildirib. O, bu dövrün, əvvəlki sənaye dövrlərindən fərqli olaraq, xəyal edilən və mövcud olmayan nüansları reallaşdıraraq istehsal edən xalqların önə çıxacağı bir dövr olacağını deyib. O, 4-cü sənaye dövrünün daha çox texnologiya və yeniliklər üzərində qurulacağını bildirib. Kərəm Karabulut texnoparkların yeni ixtiraların yaradılmasında vacib rol oynadığını qeyd edərək, bu sahənin inkişafı üçün maliyyə resurslarının lazımlı olduğunu bildirib. Professorun fikrincə, texnoparklar, elmi tədqiqatların tətbiqinə və sənaye sahəsində inkişafa yönəldilmiş mühüm platformalardır.

Naxçıvan Dövlət Universitetinin iqtisad üzrə fəlsəfə doktoru, professor Teymur Abbasov texnoparkların iqtisadiyyatdakı roluna və innovativ komponentlərin təhlilinin əhəmiyyətinə toxunub. O, iqtisadiyyatın inkişafında texnoparkların əhəmiyyətini getdikcə daha da artırdığını qeyd edib. Bundan əlavə, professor rəqəmsal mühasibatlığın iqtisadiyyatın idarə edilməsindəki vacibliyini vurğulayıb. O, rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən maliyyə və mühasibatlıqda necə çevik və düzgün qərarların qəbul edilməsini təmin etdiyini vurgulayıb.

Türkiyə Respublikasının Düzce Universitetinin dosenti Özkan Şahin texnologiyanın iqtisadi böyüməyə olan təsirinin çox böyük olduğunu bildirib. O, texnoparkların gənclərin həm nəzəri biliklərini, həm də texniki bacarıqlarını inkişaf etdirmək üçün mühüm bir platforma olduğunu vurğulayıb. Dosent texnoparkların sənaye və elm sahələrini birləşdirərək bu iki sektorda əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini qeyd edib. Onun fikrincə, texnoparklar, innovativ fikirlərin reallaşdırılması və yeni texnologiyaların tətbiqi baxımından müasir cəmiyyətlər üçün vacib rol oynayır.

Turizm üzrə eksperti, dosent Zəkəriyyə Bingöl texnoparkların innovativ fikirlərin inkişaf etdirilməsi və istehsalata açıq bir platforma olduğunu qeyd edib. Onun sözlərinə görə, texnoparklar, gənc sahibkarları qabağa çəkərək, yeni layihələrin yaradılmasında və bu layihələr arasında rəqabət yaranmasında mühüm rol oynayır. O, texnoparkların gənc nəsillərin özünü sınamaları və bacarıqlarını göstərmələri üçün ideal bir yer olduğunu bildirib. Zəkəriyyə Bingöl Naxçıvan Dövlət Universitetində yaradılacaq texnoparkın gələcəkdə təhsil və iqtisadiyyat sahələrində böyük əhəmiyyətə malik olacağını vurğulayıb.

Türkiyə Respublikasının İstanbul Beykent Universitetinin texnoloji və nəqliyyat üzrə fəlsəfə doktoru Ebru Bağcı nöropazarlama sahəsindəki araşdırmalar haqqında geniş məlumat verib. O, nöropazarlamanın beynin davranış və qərar qəbul etmə proseslərini analiz edərək istehlakçıların alış-veriş vərdişlərini daha yaxşı başa düşmək məqsədini güddüyünü qeyd edib.

Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov texnoloji parkın məqsədindən, universitetin texnoparkların strukturu haqqında geniş məlumat verib.

Qeyd edək ki, üz-üzə və onlayn davam edən konfrans 6 elmi bölmədə 20-ə yaxın ali təhsil müəssisəsinin elm adamları tərəfindən 60-a yaxın mövzu ətrafında elmi məqalələr dinlənilib.

Konfransın sonunda iştirakçılara sertifikatlat təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər