ADU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

ADU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dillər Universitetinin (ADU) Şərqi Çin Pedaqoji Universitetinin birillik onlayn Çin dili kurslarını uğurla başa vuran tələbələri Çinin ən qədim pedaqoji universitetinin rəsmi sertifikatını alıblar.
ADU-nun çinşünas tələbələri Natəvan Hüseynova və Nərmin Muradova kursların gərgin iş qrafiki və interaktiv xarakteri, beynəlxalq komandaların tərkibində ümumi layihələr üzərində işləmək vərdişlərinə yiyələnmələri, kurslarda mütəmadi olaraq aparılan yoxlama işləri barədə danışıblar.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan Dillər Universitetinin Çin dilinin tədrisi proqramlarında və Çinin aparıcı universitetləri ilə tələbə mübadiləsində fəal iştirak etdiyini qeyd edib. O, Azərbaycan Dövlət İqtisad Universitetində Heydər Əliyev Fondu, ADU-nun Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin birgə təşkil etdiyi distant Çin dili kurslarının fəaliyyətindən söz açıb. R.Abbasov əlavə edib ki, ADU-nun Konfutsi İnstitutu, həmçinin Bakıda keçirilən Pekin Təhsil Sərgisinin təşkilatçılarından biri olub. Bu sərgidə Azərbaycan universitetlərinin tələbələri Pekinin aparıcı təhsil müəssisələrinin təhsil proqramları ilə tanış olublar. Bildirilib ki, bu gün ADU-nun tələbələri Çinin aparıcı universitetlərində Çin dili kurslarında iştırak etməklə yanaşı, mütəmadi olaraq ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edir, İpək Yolu üzərində müasir, inkişaf edən və tolerant ölkə olan Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin xalqına çatdırırlar. Bununla yanaşı, Konfutsi İnstitutu Çinin təşkil etdiyi beynəlxalq onlayn layihələrdə iştirak edən tələbələr üçün mütəmadi metodik seminarlar keçirir.

Tehsil-press.az


Oxşar xəbərlər