Növbəti erməni yalanının ifşası

Növbəti erməni yalanının ifşası Ermənistan kütləvi informasiya vasitələrində Moldovanın “TV7” telekanalının çəkiliş qrupunun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsi və oradan reportaj hazırlanması barədə xəbər verilmişdi. Azərbaycanın Moldovadakı səfirliyi məsələni nəzarətə götürüb və Moldovanın “TV7” telekanalının rəhbərliyinə müraciət edərək bu faktı araşdırıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Hikmət Hacıyev deyib ki, “TV7” telekanalının rəhbərliyi Azərbaycanın Moldovadakı səfirliyinə məktubla müraciət edərək yaranmış vəziyyətə görə üzrxahlığını ifadə edib. Belə ki, kanalın rəhbərliyi hazırlanmış reportajın “TV7” telekanalında efirə getmədiyini bildirərək müvəqqəti olaraq daxili istifadə üçün yalnız videohostinqdə yerləşdirildiyini bildirib. Münaqişəyə münasibətdə müəllifin baxışı ilə kanalın redaksiya siyasəti arasında uyğunsuzluğu əsas götürərək yekunda kanalın redaksiyası bu verilişi efirə verməkdən qəti imtina edib.
Məktubda o da qeyd olunur ki, hazırkı süjetin müəllifi və artıq “TV7” telekanalından xaric edilmiş Lyuba Maksim kənar şəxslər üçün qapalı olan videolinki onun işğal olunmuş Azərbaycan ərazilərinə səfərini təşkil etmiş, Brüsseldə yerləşən “European Friends of Armenia” erməni lobbi və diaspor təşkilatina göndərib.
Kanal rəhbərliyi məktubunda keçmiş əməkdaşın qeyri-dürüst əməllərinə görə özünü zərər çəkmiş tərəf hesab etdiyini bildirib və bir daha üzrxahlığını ifadə edib.
Hikmət Hacıyev əlavə edib ki, “European Friends of Armenia” təşkilatı Ermənistan kütləvi informasiya vasitələri ilə birlikdə Youtube-da yerləşdirilmiş bu videonu yalandan Moldova televiziyasında efirə getmiş veriliş kimi təqdim etməyə çalışıb. Amma aparılmış araşdırma və kanalın rəhbərliyinin müdaxiləsi nəticəsində bu yalan ifşa olunub. Youtube videohostinqindən də bu video silinib.


Tehsil-press.az

Oxşar xəbərlər