Ramin Həsənov etimadnaməsini Almaniya prezidentinə təqdim edib

Ramin Həsənov etimadnaməsini Almaniya prezidentinə təqdim edib Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Almaniya Prezidenti Yoaxim Qauka etimadnaməsini təqdim edib.

Səfirlikdən Tehsil-press.az-a verilən məlumata görə, R.Həsənov Prezident sarayında bununla əlaqədar təşkil edilmiş mərasimdə iştirak edib. Federal Prezident R.Həsənovu Almaniyaya səfir təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir R.Həsənov qəbula görə Federal Prezident Yoaxim Qauka təşəkkürünü bildirib. O, ilk olaraq, Azərbaycan Prezidentinin səmimi salamlarını, Almaniyaya və onun xalqına rifah, tərəqqi arzularını dövlət rəhbərinə çatdırıb.
Y.Qauk Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib və Azərbaycanın dövlət başçısına öz salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Federal Prezident Azərbaycanla münasibətlərin mövcud durumundan razılığını ifadə edərək Almaniyanın regionda sabit tərəfdaşlara ehtiyacı olduğunu bildirib.
Səfir Azərbaycan və Almaniya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdiyini, ən yüksək səviyyədə siyasi dialoqun mövcudluğunu məmnuniyyətlə diqqətə çatdırararaq son il ərzində baş tutmuş qarşılıqlı səfərləri qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib, Ermənistanın ərazilərimizi işğal etməsindən və işğal nəticəsində yaranmış qaçqınlar, eləcə də məcburi köçkünlər problemindən bəhs edib. ATƏT-in sədri qismində Almaniyanın fəaliyyətinə toxunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.
Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, vətəndaş cəmiyyəti, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı məsələlər müzakirə olunub.


Tehsil-press.az

Oxşar xəbərlər