ADU Elmi Şurasının iclası keçirilib

ADU Elmi Şurasının iclası keçirilib
İclasda universitetin İctimai Nəzarət Şurasının apardığı monitorinqin nəticələri də açıqlanıb

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. ADU İctimai Nəzarət Şurasının üzvlərinin də iştirak etdiyi iclasda 2016/17-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları geniş müzakirə olunub.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev imtahan sessiyasının yekunları barədə ilk çıxışı ADU İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyevin edəcəyini deyərək bu şuranın yaradılmasının məqsədləri və fəaliyyəti barədə söz açıb. Ə.Abdullayev bildirib ki, ADU İctimai Nəzarət Şurasının əsas xarakterik xüsusiyyəti onun fəaliyyətinin təkcə imtahan sessiyaları dövrünü deyil, bütün tədris ilini əhatə etməsidir. Professor xatırladıb ki, ADU İctimai Nəzarət Şurasının hərtərəfli fəaliyyəti üçün hər cür şərait yaradılıb və şuranın bundan sonrakı işi də eyni qaydada davam edəcək.
ADU İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev öz çıxışında rəhbərlik etdiyi şuranın fəaliyyətindən söz açaraq onlara yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib. O, ADU-nun Azərbaycanın vizit kartı, dünyaya açılan pəncərə olduğunu bildirib. İctimai Nəzarət Şurasının apardığı monitorinq haqqında danışan Ə.Nuriyev ADU-nun yeni münasibətlər sisteminə qədəm qoyduğunu xüsusi qeyd edib. Onun sözlərinə görə, universitetdə ictimai iştirakçılıq tam təmin olunub, müəllim-tələbə, eləcə də rəhbərlik-müəllim-tələbə münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olub ki, bu da nəticə etibarilə tədris sisteminin müasir standartlara cavab verməsinə xidmət edir. İmtahanların gedişinə gəlincə, payız imtahan sessiyasında obyektivlik və şəffaflıq, imtahan sisteminə birbaşa baxış tam təmin olunub, tələbələrin işləri diqqətlə yoxlanılıb və yazı işlərinin nəticələri ilə bağlı müraciətlərə həssaslıqla yanaşılıb. Universitetin bütün tədris binalarında şəffaf qutuların qoyulduğunu xatırladan Ə.Nuriyev həmin qutulara atılmış müraciətləri ətraflı təhlil etdiklərini və ciddi bir problem aşkar
etmədiklərini deyib. İctimai Nəzarət Şurasının sədri qurumun bəzi təkliflərini də diqqətə çatdırıb və hamını əmin edib ki, şura öz fəaliyyətini bütün tədris ili boyunca davam etdirəcək.
ADU İctimai Nəzarət Şurasının üzvü Etibar Əliyev öz çıxışını ispan filosofu Xose Orteqa-i-Qassetin “Universitetin missiyası” əsəri üzərində qurub. ADU-nun missiyasından danışan E.Əliyev universitetdə aparılan islahatların ölkənin təhsil sistemində aparılan islahatların tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, ADU-da payız imtahan sessiyasının yüksək səviyyədə təşkili də məhz bu islahatlara, tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Daha sonra fakültə dekanlarının payız imtahan sessiyası ilə bağlı hesabatları dinlənilib.
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev isə çıxışında Təhsil Nazirliyi tərəfindən keçirilən akkreditasiyanın nəticələrini araşdıran komissiyanın hazırladığı arayışı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb və görüləcək tədbirlər barədə məlumat verib.
ADU-nun yubileyi olan bir neçə işçisinin də mükafatlandırıldığı Elmi Şuranın iclası öz işini cari məsələlərin müzakirəsi ilə başa vurub.

ADU-nun Mətbuat Xidməti


ADU Elmi Şurasının iclası keçirilibADU Elmi Şurasının iclası keçirilibADU Elmi Şurasının iclası keçirilibADU Elmi Şurasının iclası keçirilibADU Elmi Şurasının iclası keçirilibADU Elmi Şurasının iclası keçirilibADU Elmi Şurasının iclası keçirilib

Oxşar xəbərlər